DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RƏSMİ KİYEVDƏN KREMLİN SÜLH SƏNƏDİ İLƏ BAĞLI AÇIQLAMASINA MÜNASİBƏT

Rəsmi Kiyev Moskvanın sülh sənədi layihəsi ilə bağlı açıqlamasına münasibət bildirib. “Report” agentliyinin “RBK Ukraina”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak açıqlama verib.

Məlumata əsasən, müşavir həmin sənədin Ukraynanın təkliflərinə əks mövqedə olduğunu bəyan edib.

“İndi biz həmin sənəddə qeyd olunanları öyrənəcək, müqayisə edəcək və nəticə çıxaracağıq. Biz İstanbul görüşü çərçivəsində qarşı tərəfə öz təkliflərimizi vermişdik. Həmçinin təhlükəsizlik təminatları ilə bağlı tələblərimizi də bildirmişdik”, - deyə Mixaylo Podolyak vurğulayıb.

Qeyd edək ki, aprelin 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin rəsmi Kiyevə sülh sənədi layihəsini təklif etdiyini və onlardan cavab gözlədiyini açıqlayıb.

 

FINLANDİYADA NATO-YA ÜZVLÜKLƏ BAĞLI MÜZAKİRƏLƏR BAŞLAYIB

Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başlayıb. “APA”nın “Frans-Press” agentliyinə istinadən verdiyi xəbərə görə, parlament Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkədə NATO-ya siyasi və ictimai dəstəyin artması ilə əlaqədar alyansa üzvlüklə bağlı müzakirələrə başlayıb.

Bununla yanaşı, Finlandiyanın baş naziri Sanna Marin ölkəsinin üzvlük üçün müraciət edib-etməyəcəyi məsələsinə yaxın həftələr ərzində qərar verəcəklərini bəyan edib.

Eyni zamanda, ölkə mətbuatı hazırda Finlandiyanın 200 deputatının təxminən yarısının NATO-ya üzvlüyü dəstəklədiyini, yalnız 12 deputatın buna qarşı olduğunu bildirir.

 

ÇİN RUSİYA İLƏ STRATEJİ ƏMƏKDAŞLIĞI GÜCLƏNDİRİR

Çinin xarici işlər nazirinin müavini Li Yuçen hər şeyə rəğmən Rusiya ilə strateji əməkdaşlığı gücləndirəcəklərini açıqlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, çinli diplomat Rusiyanın Pekindəki səfiri Andrey Denisovla iki ölkə arasındakı əlaqələr, regional və qlobal hadisələrlə bağlı görüş keçirib.

Məlumata əsasən, Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə iki ölkənin yeni dövr üçün hərtərəfli və koordinasiyalı strateji əməkdaşlığı şəraitində inkişafının davam etdiyini vurğulayan Li Yuçen belə hərtərəfli münasibətlərin müxtəlif sahələrdə dərinləşdiyini diqqətə çatdırıb.

Bununla yanaşı, Li Yuçenin sözlərinə görə, beynəlxalq siyasət nə qədər dəyişsə də, Çin bəşəriyyətin gələcəyi üçün Rusiya ilə strateji koordinasiyanı gücləndirəcək, iki ölkənin ortaq maraqlarını birgə qoruyacaq.

 

MƏHKƏMƏ CULİAN ASSANJIN ABŞ-A EKSTRADİSİYASI HAQDA QƏRAR VERİB

Böyük Britaniyanın paytaxtı Londonda Vestminster Magistrat Məhkəməsi “Wikileaks” saytının təsisçisi Culian Assanjın ABŞ-a ekstradisiya olunması ilə bağı qərar qəbul edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə məhkəmənin açıqlamasında qeyd olunur.

Bildirilir ki, bundan sonra Culian Assanjın ABŞ-a təhvil verilib-verilməməsi ilə bağlı yekun qərarı Böyük Britaniyanın daxili işlər naziri Priti Patel verəcək.

Eyni zamanda, Culian Assanj bu qərarla bağlı Londonun Ali Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Xatırladaq ki, Culian Assanj ABŞ hökuməti tərəfindən məxfi məlumatların ictimailəşdirilməsində ittiham olunur. Ona ABŞ-a ekstradisiya olunacağı təqdirdə 175 il müddətinə həbs cəzası verilə bilər.

 

BMT TŞ-DƏ VETO HÜQUQU MƏHDUDLAŞDIRILA BİLƏR

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə veto hüququndan istifadə edilərkən bunu əsaslandırmaq öhdəliyi tətbiq oluna bilər. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, yeni qaydanı nəzərdə tutan qətnamə layihəsi Lixtenştein tərəfindən ABŞ da daxil olmaqla 57 ölkənin dəstəyilə aprelin 19-da Baş Assambleyaya təqdim olunub və aprelin 26-da müzakirə ediləcək.

Bununla yanaşı, uzun müddətdir müzakirə olunan bu məsələ Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra daha da aktuallaşıb. Belə ki, Rusiyanın qoyduğu vetolar səbəbilə BMT Nizamnaməsinə əsasən dünyada sülhü qorumaq öhdəliyini daşıyan Təhlükəsizlik Şurasının fəaliyyəti iflic olub.

Qətnamə layihəsinə əsasən, Təhlükəsizlik Şurasının bir və ya daha çox üzvü tərəfindən veto tətbiq edilməsindən sonrakı 10 iş günü ərzində Baş Assambleyanın 193 üzv ölkəsi bu məsələyə dair müzakirəyə və vetoya görə hesabat tələb etməyə çağırıla bilər.

 

BORİS CONSON ÜZR İSTƏYİB

Böyük Britaniyanın baş naziri Boris Conson karantin zamanı icazəsiz keçirilən tədbirə qatıldığı üçün xalqdan üzr istəyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir üzrxahlığında bilə-bilə qaydaları pozmadığını, parlamenti aldatmadığını və istefa çağırışlarını rədd etdiyini bəyan edib.

Boris Consonun açıqlaması İngiltərənin müxalif siyasətçiləri və hakim mühafizəkarlar arasında istehza ilə qarşılanıb. Ölkədə milyonlarla insana yaxınları və ailəsi ilə görüşmək, hətta yaxınlarının dəfn mərasimində iştirak etmək qadağan ediləndə baş nazirin şənlikdə iştirakı gündəmə çevrilib.

Qeyd edək ki, Boris Conson 2020-ci ilin iyun ayında ad günü şənliyinə qatıldığı üçün 50 funt-sterlinq cərimə olunub. B.Conson vəzifədə olarkən qanunları pozduğu aşkar edilən ilk Böyük Britaniya baş naziri kimi tarixə düşüb.

 

RUMINİYA PREZİDENTİ NATO-NUN DÖYÜŞ QRUPUNUN YARADILMASINI İSTƏYİR

Rumıniya prezidenti Klaus Yohannis ölkədə NATO-nun döyüş qrupunun tezliklə formalaşdırılmasına çağırıb. “Report” agentliyinin məlumatına görə, bu barədə prezident Qərb liderləri ilə Ukraynadakı vəziyyətlə bağlı videokonfransda çıxışı zamanı bəyan edib.

Klaus Yohannis mövcud böhranın alyansın şərq cinahında, xüsusən də Qara dənizdə təhlükəsizlik vəziyyətinə əhəmiyyətli təsir göstərdiyini diqqətə çatdırıb.

Bununla yanaşı, Rumıniyanın dövlət başçısı Rusiyadan enerji asılılığından xilas olmaqla bağlı çağırış edib.

Prezidentin sözlərinə görə, Rumıniya Avropa səviyyəsində indiyədək qəbul edilmiş sərt sanksiyalar paketlərini dəstəkləyir və yeni tədbirlərin qəbulu məqsədilə koordinasiyanı davam etdirəcək.

 

AVROPADA UŞAQLARDA NAMƏLUM XƏSTƏLIK AŞKAR EDİLİB

Niderlandda dörd uşaq naməlum mənşəli kəskin hepatit xəstəliyinə yoluxub. “Trend”in məlumatına görə, bu barədə Qroningen Universitetinin tibbi mərkəzinin cərrahı Ruben de Kleyn bildirib.

Qeyd olunub ki, həmin uşaqlardan üçünə qaraciyər transplantasiya edilib. Hazırda hepatitin yaranma səbəbləri və mənşəyi araşdırılır.

Bir neçə gün öncə Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi naməlum mənşəli kəskin hepatitin Böyük Britaniya, Danimarka, İrlandiya, İspaniya və ABŞ-da uşaqlarda aşkar edildiyini açıqlamışdı.

Qeyd edək ki, bu xəstəliyin koronavirus və ya koronavirusa qarşı vaksinasiya ilə əlaqəli olmadığı müəyyən edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.