Türkiyə
Dünya xəbərləri

Türkiyə "Taxıl sazişi"nin iki il uzadılmasını istəyir

Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə gəlməsi bütün diqqətləri yenə İstanbula yönəltdi. Vahdettin  iqamətgahında baş tutan görüşdə Sülh formulu, NATO sammiti, Təhlükəsizlik zəmanətləri və taxıl təşəbbüsü ilə bağlı mövqelərin koordinasiyası və  Ukraynanın bərpası əsas müzakirə obyekti olub. 

Görüşdən sonra  Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Konfransda Zelenski deyib ki, Türkiyə Ukraynanın təklif etdiyi "Sülh layihəsində" liderlik etməyə hazırdır. O qeyd edib ki, türkiyəli həmkarı ilə Rusiyanın Ukraynanın şərqində işğal etdiyi ərazilər və Krımdakı məsələlər ətrafında fikir mübadiləsi aparıb. Zelenski həmçinin Türkiyə tərəfinə Ukrayna taxılının dəhliz vasitəsilə ehtiyacı olan ölkələrə göndərilməsində dəstəyinə görə təşəkkür edib. "Lakin Rusiya gəmilərin hərəkətinə maneə olur. Rusiya Qara dənizdə özünü yeganə sahib hesab edir. Bizim Türkiyə ilə əməkdaşlığımız bir çox sahələrdə həyata keçirilir. Vacib olan birlikdə aclıq və sosial xaosun qarşısını almaqdır".

Mətbuat konfransında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan isə deyib ki, bir il ərzində Qara dəniz "Taxıl sazişi" nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib. Ümid edirəm ki, 17 iyulda tarixi bitən  "Taxıl sazişi"nin müddəti yenidən uzadılacaq. Ən azı üç ay uzadılacağını gözləyirik, lakin iki il uzadılmasının tərəfdarıyıq. Biz sazişin iki il müddətinə uzadılmasına çalışacağıq", - deyə Ərdoğan  bildirib. O həmçinin  əlavə edib ki, Türkiyə Ukrayna xalqı ilə həmrəydir və müharibənin ən qısa zamanda bitəcəyini arzu edir. 

 Rəcəb Tayyib Ərdoğan konfransda Rusiya Prezidenti Vladimir Putinin də  Türkiyəyə səfər edəcəyini bildirib.  "Gələn ay Putinin Türkiyəyə səfəri olacaq. Cənab Putinlə yenidən məhbus mübadiləsini müzakirə edəcəyik".

Görüş zamanı  müzakirə olunan məsələlərlə bağlı açıqlama verən Türkiyənin ehtiyatda olan generalı Yücel Karauz  Zelenskinin Türkiyəyə səfərinin Rusiya-Türkiyə  münasibətlərinə heç bir  mənfi təsir göstərməyəcəyini vurğulayıb. "Zelenski NATO-ya üzv olmaq istəyir. Ukrayna və Türkiyənin Rusiya ilə strateji əlaqələri var. Zelenskinin səfəri Rusiya ilə münasibətlərimizi  pisləşdirməyəcək. Çünki Türkiyə-Rusiya münasibətləri qarşılıqlı strateji maraqlara əsaslanır. Eyni zamanda, əgər idxal dəhlizi haqqında sazişin uzadılması uzun sürməsə, dediyim kimi, bu, Türkiyə ilə Rusiya arasındakı münasibətlərə təsir etməyəcək. Bu, Ukraynanın NATO-ya üzvlüyü zamanı, hətta hərbi vəziyyət aydınlaşmadan və Rusiyanın bu narahatlığı aradan qaldırılmadan mümkün hesab olunur.

General deyib  ki, Türkiyə öz təşəbbüsü ilə, bu münaqişənin əvvəlindən vasitəçi olmağa çalışır. Y.Karauz  vurğulayıb ki, əlbəttə, qismən atəşkəs ola bilər, amma bundan başqa, BMT, NATO Türkiyənin müharibəni dayandırmaq kimi missiyanı öz üzərinə götürməsini istəmir.

Bundan əlavə, Ukrayna Türkiyədən hərbi yardımın artırılmasını istəyir, lakin Türkiyə bu məsələni balanslaşdırmaq üçün Rusiya və Ukraynada olan siyasəti izləyir.

''Qərb  yaxşı anlayır ki, Kiyev-Moskva arasındakı mümkün danışıqlarda Türkiyənin alternativi yoxdur. Ərdoğan bu savaş başlayandan barışdırıcı mövqe sərgiləyir. Rusiyaya qarşı sanksiyalara qoşulmayan Türkiyə o səbəbdən Putinlə danışıqlarda vasitəçilik edə biləcək ən uyğun ölkə, Ərdoğan isə ən ideal fiqurdur. İnanıram ki, Ukrayna-Rusiya müharibəsinin sülh yolu ilə  bitməsində Türkiyənin də imzası olacaq'', - Y.Karauz deyib.

 Onu da qeyd edək ki, Ukrayna və Türkiyə prezidentlərinin iştirakı ilə  Ukrayna ilə Türkiyə arasında strateji sənaye sahəsində Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlığın əsas istiqamətləri arasında, avtonom nəqliyyat vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı üçün imkanların inkişafı, müxtəlif tipli PUA-ların istehsalının artırılması, iki ölkənin strateji sənayelərinin avtonom sistemləri, kosmik və digər texnoloji sektorları sahəsində tədqiqat və inkişaf, eyni zamanda strateji sənaye sahələrinin tərəqqisi üçün zəruri olan digər texniki əməkdaşlıq var. Memorandum dövlətlər arasında tərəfdaşlığın möhkəmlənməsinə, böyük strateji əhəmiyyət kəsb edən texnologiyaların və sənaye sahələrinin inkişafına da  kömək edəcək.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.