DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ: DİZ ÇÖKÜB RUSİYADAN GÖRÜŞ TƏLƏB ETMƏYƏCƏYİK

Ukrayna prezidenti Volodimir Zelenski  ukraynalıların danışıqlar üçün Rusiya ilə yeni görüş tələb etmək üçün diz çökməyəcəklərini bəyan edib. Dövlət başçısı əlavə edib ki, müharibəyə son qoymaq üçün rəsmi Moskvanın istəyi lazımdır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Zelenski Hindistanın “Republic Media Network” telekanalına müsahibəsində qeyd edib.

Prezident bildirib ki, Ukrayna tərəfi danışıqlar prosesinin paralel formatda aparılmasının əleyhinə deyil. Onun sözlərinə görə, bu, bir-iki ildən sonra görüşü gözləməkdən yaxşıdır.

Volodimir Zelenski həmçinin vurğulayıb ki, Ukrayna müharibənin bu qədər uzun müddət davam etməsini istəmir. Lakin o əlavə edib ki, istənilən müharibədə bir neçə tərəf olur və burada Moskvanın istəyinin olması vacibdir.

“Çünki heç kim onlardan diz çökərək görüş, çağırış, müharibənin başa çatması üçün xahiş etməyəcək”, - deyə Zelenski fikirlərini yekunlaşdırıb.

 

SERGEY ŞOYQU ABŞ-IN MÜDAFİƏ NAZİRİNİN ZƏNGLƏRİNƏ CAVAB VERMİR

ABŞ-ın müdafiə naziri Lloyd Ostin fevral ayından etibarən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə müntəzəm olaraq əlaqə saxlamağa cəhd etdiyini bildirib. “APA”nın verdiyi xəbərə görə, Senatda keçirilən dinləmələrdə çıxış edən müdafiə naziri cəhdlərinin uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb.

Pentaqon rəhbəri fevralın ortalarından dialoqun davam etdirilməsini təmin etmək məqsədilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə birgə müntəzəm olaraq Rusiyadakı həmkarları ilə əlaqə saxlamağa cəhd etdiklərini vurğulayıb.

Müdafiə naziri əlavə edib ki, bu məsələdə çox böyük irəliləyiş əldə edə bilməyiblər. “Çünki ruslar cavab vermir”, - deyə Lloyd Ostin əlavə edib.

 

“KİNDER” ŞOKOLADLARI SATIŞDAN YIĞIŞDIRILIR

Gürcüstanda “Ferrero” şirkətinin “Kinder” markalı müxtəlif şokolad növlərinin konkret partiyalarının aşkarlanması və satışdan çıxarılması proseduruna başlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.

Bildirilir ki, agentlik idxalçı şirkətləri şübhəli partiyalar barədə məlumatlandırıb və şirniyyat məhsullarının satışdan yığışdırılması ilə bağlı çağırış edib. Agentliyin inspektorları qeyd olunan biznes operatorlarla bağlı plandan kənar yoxlamalar və nəzarət həyata keçirəcək.

Xatırladaq ki, Avropanın bir sıra ölkələrində 10 yaşadək uşaqlarda, çox güman ki, “Kinder” şokoladlarından salmonellaya yoluxma halları qeydə alınıb. Bununla bağlı olaraq müxtəlif ölkələrin bazarlarında bu şirniyyatların satışı qadağan olunub və istehlakçılar məlumatlandırılıb.

Məlumat üçün qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi də “kinder yumurtalarının” satışdan yığışdırılması ilə bağlı sahibkarlara müraciət edib.

 

TEHRANDA HAVANIN ÇİRKLƏNMƏSİ KRİTİK HƏDDƏ ÇATIB

İranın paytaxtı Tehranda havanın həddən artıq çirkli olması təhlükəli səviyyəyə çatıb. “APA”nın Tehran bürosunun məlumatına görə, hava çırkliliyi hazırda 490 göstərici ilə təhlükəli həddə yüksəlib. Məlumata əsasən, hava o qədər çirklidir ki, bu vəziyyətdə insanların evdən kənar fəaliyyətləri dayandırılmalıdır.

Qeyd olunur ki, Tehranda havanın çirklilik dərəcəsini ölçmək üçün quraşdırılan 17 stansiya havanın çirklilik dərəcəsini təhlükəli, 9 stansıya isə bütün yaş qrupları üçün çox ziyanlı elan edib.

Eyni zamanda, verilən xəbərə əsasən, İranın Səhiyyə Nazirliyi tənəffüs və ürək xəstəliklərində, həmçinin də hava çirklənməsi ilə əlaqələndirdiyi bir çox xərçəng xəstəliklərində artım müşahidə edib.

Məlumat üçün qeyd edək ki, Tehranda hava çirkliliyi səbəbindən hər il 4 mindən çox insan vəfat edir. Hazırda paytaxt Tehranda əhalinin 40 faizi ictimai nəqliyyatdan, 60 faizi isə şəxsi avtomobilindən istifadə edir.

 

MAKRON DA UKRAYNADA MÜHARİBƏNİN TEZLİKLƏ BİTMƏYƏCƏYİNİ BƏYAN EDİB

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin yaxın həftələrdə bitməyəcəyi qənaətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, o bu barədə “RTL” radiostansiyasının efirində bəyan edib.

“Təəssüf ki, müharibə yaxın vaxtlarda bitməyəcək. Qarşıdakı günlərdə Donbasda çox çətin durumun şahidi olacağıq. Buna görə də biz Türkiyə, Yunanıstan və BMT ilə birlikdə humanitar yardımın təşkili üçün əlimizdən gələni edirik”, - deyə Makron vurğulayıb.

Eyni zamanda, Emmanuel Makron “Le Parisien” qəzetinə müsahibəsində qeyd edib ki, Fransa Ukraynanın təhlükəsizliyi üçün təminatçı ölkə olmağa hazırdır.

Dövlət başçısı həmçinin danışıqların iştirakçısı statusunu saxlamaq üçün rusiyalı həmkarı Vladimir Putinlə təmasları davam etdirəcəyini dilə gətirib.

Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden də bir neçə gün öncə Ukraynada münaqişənin tezliklə bitməyəcəyi ilə bağlı açıqlama vermişdi.

 

AVROPA İTTIFAQI RUSİYAYA QARŞI YENİ SANKSİYALARI TƏSDİQ EDİB

Avropa İttifaqı (Aİ) Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar Rusiyaya tətbiq olunan iqtisadi və fərdi sanksiyaların beşinci paketini təsdiq edib. “Trend” agentliyinin məlumatına görə, bunu aprelin 8-də Avropa Şurası İttifaqı elan edib.

Verilən xəbərə görə, sanksiyaların beşinci paketinə Rusiya gəmilərinin Aİ limanlarına daxil olması və Rusiyadan kömür tədarükünün qadağan olunması, Rusiyaya kvant kompüterlərinin, yarımkeçiricilərin, aviasiya yanacağının ixracının dayandırılması daxildir.

Bununla yanaşı, yeni sanksiyalara görə, Rusiyanın dörd aparıcı bankının aktivləri dondurulur və əməliyyatları qadağan edilir. Həmin bankların adları açıqlanmayıb.

Eyni zamanda, Rusiya və Belarus hüquqi şəxslərinə əskinasların və qiymətli kağızların satılması qadağan edilir.

 

YANLIŞ BİLET ALAN ŞƏXS LOTEREYADA 10 MİLYON DOLLAR UDUB

ABŞ sakini təsadüfən yanlış bilet almaqla lotereyada 10 milyon dollar qazanıb. Bu barədə “Report” agentliyi ABŞ mətbuatına itsinadən məlumat yayıb.

Verilən xəbərə görə, Kaliforniyadan olan Le Kedra Edvards adlı qadın lotereya bileti almaq üçün terminalın yanında dayanarkən bir kişi ehtiyatsızlıq üzündən ona toxunub. Buna görə qadın yanlış düyməni basıb və əvvəlcə planlaşdırdığı deyil, başqa bileti alıb.

Qadının sözlərinə əsasən, o, cekpotu qazandığını avtomobili ilə şosedə hərəkətdə olarkən öyrənib.

“Avtomobilimlə az qala qəza edəcəkdim. Avtomobili saxladım, bir neçə dəfə biletimə baxdım, proqram vasitəsilə skan etdim, lakin yenə də bunun doğru ola bilməyəcəyini düşünməyə davam etdim”, - deyə Edvards qeyd edib.

Eyni zamanda, qadın udduğu pulla ev alacağını və çoxdan arzusunda olduğu şəxsi biznesini quracağını bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.