DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇAVUŞOĞLU: İSVEÇ VƏ FİNLANDİYA GÖZLƏNİLƏN ADDIMI ATMALIDIR

“İsveç və Finlandiyadan Türkiyəyə gələn nümayəndə heyətlərinə onların terrorizmə verdiyi dəstəklə bağlı narahatlıqlarımızı və gözləntilərimizi əhatə edən konkret və sübutlardan ibarət sənəd təqdim etdik”. “APA”nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, İsveç və Finlandiya Türkiyənin gözləntilərini qarşılamaq üçün iradə göstərdiyi halda, Ankara da eyni mexanizm çərçivəsində bu ölkələrin NATO-ya üzvlüyü ilə bağlı addımlar atacaq.

“Təbii ki, Ankaraya gələn nümayəndə heyətinin bir görüşdə “biz bunları edəcəyik” deməsi mümkün deyil. Aydındır ki, bunu öz hökumətlərinə aparıb məsləhətləşəcəklər. Biz bilirik ki, bu bir səfərdən sonra atılacaq addımlar deyil, lakin tezliklə NATO-ya üzv olmaq istəyənlər onlardır. Bunu istəyirlərsə, gözlənilən addımları atmalıdırlar”, - deyə nazir vurğulayıb.

 

İSRAİLDƏN UKRAYNAYA GÖZLƏNİLMƏZ QADAĞA

İsrail Ukraynaya “Spike” raketlərinin tədarükünə qadağa qoyub. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilir ki, rəsmi Təl-Əviv Ukraynanın Almaniyada İsrail texnologiyası əsasında istehsal edilən “Spike” tank əleyhinə raketləri ilə bağlı tələblərini rədd etdiyini ABŞ tərəfinə çatdırıb.

Məqalədə qeyd olunub ki, İsrail Müdafiə Nazirliyinin rəsmisi Amir Eşel iki həftə əvvəl Vaşinqtonda ABŞ müdafiə nazirinin müavini Kolin Kalla görüşərək iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib. A.Eşel görüşdə bildirib ki, ölkəsi belə bir addımla razılaşmayacaq, çünki İsrail Ukraynaya yalnız öldürücü olmayan hərbi texnika verir.

İsrailin yüksək rütbəli rəsmisi nəşrə bildirib ki, Təl-Əviv rus hərbçilərinin İsrail silahları ilə öldürüləcəyindən narahatdır və bu, Rusiyanın rəsmi Təl-Əvivin Suriyadakı təhlükəsizlik maraqlarına zərər vurmasına səbəb ola bilər.

 

CORC BUŞA SUİ-QƏSDİN QARŞISI ALINIB

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “Forbes” nəşri yayıb.

Nəşr bildirib ki, ekstemirstin İŞİD-lə əlaqəsi olduğu ehtimal edilir. FTB yaraqlının “WhatsApp” hesabını izləməsi sayəsində onun planlarını üzə çıxarıb. Şübhəli şəxs qətlin təşkilinə xarici ölkələrdə yaşayan 4 İraq vətəndaşını cəlb etməyi planlaşdırdığını etiraf edib.

Eyni zamanda, onun Texas ştatına C.Buşun evini videoya çəkmək üçün gəldiyi məlum olub.

Saxlanılan şəxs öz hərəkətini onunla izah edib ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra minlərlə iraqlının ölümünə görə Corc Buş məsuliyyət daşıyır.

 

PAKİSTAN PAYTAXTINDA HÖKUMƏT BİNALARINA QOŞUN YERİDİLƏCƏK

Pakistanın paytaxtı İslamabadda əsas hökumət binalarının yerləşdiyi ərazilərə qoşun yeridiləcək. “APA”nın xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Rana Sanaullah “Twitter” səhifəsində məlumat yayıb.

Verilən xəbərə əsasən, bu qərar Pakistan hökumət idarələrinin, diplomatik nümayəndəliklərin habelə məhkəmə və qanunvericilik institutlarının yerləşdiyi “qırmızı zona” kimi adlandırılan yerlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə verilib.

Pakistan konstitusiyasının 245-ci maddəsinə uyğun olaraq “qırmızı zona”da kifayət qədər Pakistan əsgərinin yerləşdirilməsinə icazə verilir.

Məlumata görə, hakimiyyətin bu addımı atmasına səbəb İslam Respublikasının keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının lideri İmran Xanın İslamabada gələrək tərəfdarları ilə yürüşə qoşulmasıdır.

 

ANBARLARDA CƏMİ 10 HƏFTƏLİK BUĞDA EHTIYATI QALIB

Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünya anbarlarında cəmi 10 həftəlik buğda ehtiyatı qalıb. “Report”un xəbərinə görə, bunu BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker bildirib.

Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu problemi daha da dərinləşdirib. “Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi böhranına səbəb olmayıb, sadəcə olaraq uzun müddətdir ki, yanan alovun üzərinə yanacaq əlavə edib. Sabah müharibə başa çatsa belə, razılaşdırılmış tədbirlər olmadan bizim ərzaq təhlükəsizliyi problemimiz tezliklə aradan qalxmayacaq”, - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, ötən həftə ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadan buğda ixracına mane olmaqda ittiham etsə də, Rusiya bunu qəti şəkildə rədd edib. Blinken iddia edir ki, Moskva buğdanı müharibədə silah kimi istifadə edir.

 

“PENÇE KİLİT” ƏMƏLİYYATI ZAMANI MƏHV EDİLƏN TERRORÇULARIN SAYI ARTIB

İraqın şimalında aprelin 18-dən aparılan “Pençe Kilit” əməliyyatı zonasında Türkiyə ordusu tərəfindən zərərsizləşdirilən terrorçuların sayı 100-ü ötüb. “Report”un verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar videokonfrans vasitəsilə antiterror əməliyyatında iştirak edən birləşmə komandirlərinin müşavirəsində çıxışı zamanı bildirib.

Məlumata görə, sonuncu əməliyyat zamanı mağaralardan birində xüsusi təyinatlılar tərəfindən bir qrup silahlı məhv edilib.

Bir neçə gün öncə İraqın şimalında PKK terrorçuları ilə toqquşmada türk ordusunun 5 hərbçisinin şəhid olduğunu xatırladan Hulusi Akar deyib: “Bir nəfər də olsun hərbçinin ölümünü cavabsız qoymamışıq və qoymayacağıq”.

Nazir həmçinin rəsmi Ankaranın Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

 

İRAN YUNANISTANA NOTA VERİB

İran hökuməti Yunanıstana nota verib. Bu barədə “APA” agentliyi məlumat yayıb. Bildirilir ki, Yunanıstan sularında İran İslam Respublikası bayrağı altında yük gəmisinin ələ keçirilməsindən sonra Yunanıstanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Etiraz notasında İran İslam Respublikasının bayrağı altında üzən gəminin ələ keçirilməsinin beynəlxalq piratçılıq olduğu qeyd edilib. Həmçinin bu məsuliyyətin Yunanıstan hökumətinin üzərinə düşdüyü vurğulanıb.

“İran İslam Respublikası üzərinə düşən hüquqi prosedurları yerinə yetirir və Yunanıstan hökumətindən beynəlxalq öhdəliklərə əməl edilməsini gözləyir”, - deyə bəyanatda qeyd olunur.

 

POLŞA UKRAYNALI QAÇQINLAR ÜÇÜN BU HÜQUQU LƏĞV EDİR

İyunun 1-dən Polşanın Krakov şəhərində ukraynalı qaçqınların ictimai nəqliyyatda pulsuz hərəkət hüququna xitam verilir. “Teleqraf.com” xəbər verir ki, bu barədə Polşanın “RMF” radiostansiyası məlumat yayıb.

Açıqlamaya əsasən, bu hüquq qaçqınlara müvəqqəti olaraq sənədləşmə, iş axtarışı və yardım yerinə çatmaq üçün verilmişdi.

Ukraynadan olan qaçqınlar fevralın 24-dən etibarən pulsuz hərəkət imkanından istifadə edə bilirdilər. Krakovdan qonşu şəhərlərə də gediş haqqı ödəmədən getmək mümkün idi.

Bir müddət öncə Polşa hökumətinin ukraynalı qaçqınlar məsələləri üzrə nümayəndəsi, Polşa daxili işlər nazirinin müavini Pavel Şefernaker ölkəsinin Ukraynadan olan qaçqınların qəbuluna ayırdığı vəsaitin 95 faizinin xərcləndiyini bildirmişdi.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.