DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PAKİSTAN-İRAN GƏRGİNLİYİNƏ TÜRKİYƏDƏN AÇIQLAMA

Türkiyə Xarici İşlər Nazirliyi İran və Pakistan arasındakı gərginliklə bağlı açıqlama yayıb. “Teleqraf.com”un xəbərinə görə, rəsmi Ankara ölkələri problemləri dinc yolla həll etməyə çağırıb.

“İranın İraqdakı müəyyən hədəflərə hücumları ilə başlayan, daha sonra İranın Pakistan, Pakistanın isə İran daxilindəki bəzi hədəflərə hücumları ilə genişlənən gəlişmələrdən narahatıq”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Tükiyə XİN-i bildirib ki, problemlər dostluq və qardaşlıq anlayışı ilə, ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında, beynəlxalq hüququn fundamental prinsipləri, xüsusilə də BMT Nizamnaməsi çərçivəsində həll edilməlidir.

Eyni zamanda bildirilir ki, nazirlik bütün məsələlərin regional təhlükəsizlik və sabitliyi daha da təhdid etmədən dialoq və əməkdaşlıq yolu ilə həll olunacağına ümidvardır.

“Dostlarımız və qardaşlarımız İran, İraq və Pakistanı sağlam düşüncə ilə sülhü təmin etməyə çağırırıq. Türkiyə öz təcrübəsini bölüşməyə və mübahisələrin sülh yolu ilə həlli ilə bağlı region ölkələrinə töhfə verməyə hazırdır”, - nazirlik əlavə edib.

Qeyd edək ki, yanvarın 18-də səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı yüksək koordinasiyalı və dəqiq zərbələr endirib. Seravan şəhərinə Pakistan qırıcılarının zərbələri nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

ÜÇ AVROPA ÖLKƏSİNDƏN QIRMIZI DƏNİZƏ HƏRBİ MİSSİYA ILƏ BAĞLI TƏKLIF

İtaliya, Almaniya və Fransa Avropa İttifaqının (Aİ) digər ölkələrinə Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün hərbi missiya yaratmağı təklif etmək niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani bəyan edib.

Məlumata görə, diplomat vurğulayıb ki, İtaliya, Fransa və Almaniyanın təşəbbüsü Qırmızı dənizdə ticarət gəmiçiliyini qorumaq üçün Hörmüz boğazında həyata keçirilən “Agenor” hərbi əməliyyatının genişləndirilməsini nəzərdə tutur.

Antonio Tayaninin sözlərinə görə, üç ölkənin təklifi yanvarın 22-də Aİ-nin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq və bu təşəbbüsə Aİ-yə üzv olmayan dövlətlər də qoşula bilər.

İtaliya XİN başçısı missiyanın ən qı

sa zamanda işə başlaya bilməsi üçün dərhal siyasi qərarın veriləcəyinə ümid etdiyini vurğulayıb.

ABŞ TÜRKİYƏYƏ “F-16”LARI SATACAĞINI TƏSDİQLƏYİB

ABŞ Türkiyəyə “F-16” satışını dəstəkləməyə davam edir. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi gündəlik brifinqdə bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, Bayden administrasiyası vəzifəyə başladığı gündən bu mövzu ilə bağlı eyni mövqedədir.

Bununla yanaşı, Ağ Evin nümayəndəsi “F-16” satışına dair Konqresə rəsmi bildirişin nə vaxt veriləcəyi ilə bağlı dəqiq bir tarix açıqlamayıb.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Türkiyə ABŞ-a 40 ədəd “F-16 Block 70” döyüş təyyarəsi və 79 modernizasiya dəstinin satın alınması üçün müraciət edib.

ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda “F-16”ların Türkiyəyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq açıqlama verməyib.

MACARISTANDA QUŞ QRİPİ EPİDEMİYASI QEYDƏ ALINIB

Macarıstanın cənub-qərbindəki Kapoşvar şəhərindəki böyük quşçuluq fermasında insanlar üçün potensial təhlükəli quş qripi (H5N1) epidemiyası qeydə alınıb. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Macarıstanın Qida Zəncirinin Təhlükəsizliyi üzrə Milli İdarəsinin bəyanatında bildirilir.

Məlumata görə, idarə müəssisədəki 39 min hinduşkanın hamısının məhv edilməsinə zərurət yarandığını vurğulayıb.

“Müəssisədəki bütün quş populyasiyasının məhv edilməsi artıq başa çatıb. Qaydalara uyğun olaraq, müəssisənin ətrafında 3 kilometr radiusda mühafizə zonası, həmçinin 10 kilometr radiusda müşahidə zonası yaradılıb”, - deyə idarənin açıqlamasında vurğulanır.

Verilən xəbərə əsasən, xəstəliyin səbəblərini müəyyən etmək üçün epidemioloji tədbirlər hələ də davam etdirilir.

Xatırladaq ki, dekabr ayında Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Belçikada yüksək patogen H5N1 quş qripinin baş verdiyini açıqlamışdı.

COZEF BAYDEN UKRAYNAYA YARDIMLA BAĞLI KRİTİK GÖRÜŞ KEÇİRİB

ABŞ prezidenti Cozef Bayden Nümayəndələr Palatası və Senatın Kəşfiyyat, Silahlı Qüvvələr və Təsisatlar komitələrinin rəhbərləri və aparıcı üzvləri ilə görüş keçirib. “Teleqraf.com”un xəbərinə görə, prezident qanunvericilərlə Konqresin fəaliyyətsizliyinin ABŞ və dünya üçün strateji nəticələrini müzakirə edib.

“Dövlət başçısı görüş zamanı açıq şəkildə bildirdi ki, Konqresin fəaliyyətsizliyi ABŞ, NATO və azad dünyanın milli təhlükəsizliyini təhlükə altına qoyur”, - deyə Ağ Evin açıqlamasında qeyd olunur.

Eyni zamanda, Cozef Bayden Konqresi Ukraynanı dəstəkləmək üçün təcili maliyyə ayırmağa və ABŞ-ın bu məsələdə qətiyyətinə dair güclü siqnal göndərməyə çağırıb.

Prezident Konqresin Ukraynanı müdafiə etmək üçün lazımi resurslar, o cümlədən artilleriya və hava hücumundan müdafiə vasitələri ilə təmin etməsinin vacibliyini vurğulayıb.

Amerika mətbuatının xəbərinə görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson Baydenlə görüşdən sonra ABŞ sərhədindəki vəziyyətin onun əsas prioriteti olaraq qaldığını bildirib.

ÇİNİN ÜDM-İ ÖTƏN İL 17 TRİLYON DOLLARI ÜSTƏLƏYİB

Çinin ümumi daxili məhsulu 2023-cü ildə 5,2 faiz artaraq 17,71 trilyon dollara çatıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Çinin Dövlət Statistika İdarəsi məlumat yayıb.

İdarənin direktoru Kanq Yi brifinq zamanı bildirib ki, xarici təzyiqlərə və daxili çətinliklərə baxmayaraq, Çin 2023-cü il üçün qarşıya qoyulan məqsədlərə nail olub və iqtisadiyyatda canlanma və yaxşılaşma qeydə alınıb.

2023-cü ildə Çin sənayesində əlavə edilmiş dəyər illik müqayisədə 4,6 faiz artıb. Əsas kapitala investisiyaların artımı 3 faiz, pərakəndə ticarət isə illik müqayisədə 7,2 faiz artıb. Eyni zamanda, 2023-cü ildə istehlak mallarının pərakəndə ticarətinin ümumi həcmi təxminən 6,63 trilyon dollara çatıb.

Bununla yanaşı, ötən il orta işsizlik səviyyəsi 5,2 faiz təşkil edib. 2023-cü ildə kənd yerlərində çalışan əməkçi miqrantların ümumi sayı 1,91 milyon nəfər artaraq 297,53 milyon nəfərə yüksəlib. Onların orta aylıq gəliri 3,6 faiz artaraq təxminən 672 dollar təşkil edib.

FRANSA VƏTƏNDAŞI LOTEREYADA 88 MİLYON AVRO UDUB

Fransa vətəndaşı lotereyada 88 milyon avroya yaxın məbləğ udub. “TASS” agentliyinin xəbərinə görə bu barədə lotereyanın mətbuat xidməti məlumat yayıb.

"EuroMillions" cekpotu 2024-cü ildə ilk dəfə qazanılıb. Mükafat bütün qalib nömrələri uyğun gələn və 87,9 milyon avro qazanan Fransadan olan oyunçuya qismət olub” - deyə açıqlamada bildirilir.

Məlumata əsasən, bu uduşla Fransa vətəndaşı 125-ci dəfə Avropa lotereyasında cekpot qazanıb. Bu baxımdan lider 126 qaliblə Böyük Britaniyadır.

Qeyd edilir ki, lotoreyada super tiraj yanvarın 26-na planlaşdırılır. Orada 130 milyon avroluq cekpot təqdim ediləcək.

Xatırladaq ki, “EuroMillions” lotereyasında ən böyük cekpotu 2020-ci il oktyabrın 15-də Fransa Polineziyasının sakini udub və uğurlu bilet ona 220 milyon avro qazandırıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.