DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRAQ XİN İRANIN ÖLKƏNİN ŞİMALINI BOMBALAMASINI TƏNQİD EDİB

İraqın Xarici İşlər Nazirliyi (XİN) İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) ölkənin şimalını bombalamasını sərt şəkildə tənqid edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə İraq XİN-in məlumatında qeyd olunur.

Açıqlamaya əsasən, İraq hökuməti İranın ballistik raketlərlə Ərbil şəhərini atəşə tutmasını qəti şəkildə pisləyib. Rəsmi Bağdad bunu İraqın şimalındakı özünüidarəetməyə, Ərbil şəhərinə, İraq xalqının suverenliyi və təhlükəsizliyinə təcavüz sayıb.

Xarici İşlər Nazirliyi bəyan edib ki, bu hərəkətlərə cavab olaraq İraq hakimiyyəti bütün qanuni tədbirləri görəcək və BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.

İraq prezidenti Əbdüllətif Camal Rəşid bildirib ki, Sepahın Ərbili raket atəşinə tutması ölkədə deyil, bütövlükdə regionda təhlükəsizliyi təhdid edir. O, bu hadisənin ölkəsinin suverenliyinin pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, yanvarın 16-na keçən gecə “Sepah” İraqın şimalını raket atəşinə tutub. Hücum nəticəsində ölən və yaralanların olduğu bildirilir. Rəsmi Tehran isə həmin ərazidə İran hakimiyyətinə qarşı fəaliyyət göstərən qüvvələrin olduğunu iddia edib.

LUKAŞENKO: DÜNYA ƏSAS ARQUMENTİN HƏRBİ GÜC OLDUĞU DÖVRƏ QAYIDIB

Dünya dövlətlərin əsas arqumentinin hərbi güc olduğu dövrə qayıdıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Lukaşenko ölkənin Təhlükəsizlik Şurasının iclasında dünya hərbi gücün dövlətlərarası münasibətlərin qurulmasında əsas arqumentə çevrildiyi dövrlərə qayıdıb.

“Milli təhlükəsizlik sahəsində müasir risklərin, çağırışların və təhdidlərin transformasiyasının əsas istiqamətləri konsepsiyada və hərbi doktrinada ətraflı şəkildə öz əksini tapıb. Orada edilən bir çox qiymətləndirmə və proqnozlar artıq özünü doğruldur”, - deyə dövlət başçısı vurğulayıb.

Eyni zamanda, Belarus prezidenti nümunə kimi Yaxın Şərqdəki vəziyyəti göstərib: “Bu, dəhşətli humanitar fəlakətdir. Nəzərə alın ki, nüvə silahından istifadə hədəsi münaqişənin kəskinləşməsindən dərhal sonra edilib. Adətən olduğu kimi, sivil Qərb tərəfindən heç bir sanksiya tətbiq olunmayıb”.

ÇİN BANKLARINDAN RUSİYALI MÜŞTƏRİLƏRƏ QARŞI MƏHDUDİYYƏT

ABŞ-ın Rusiyaya yardım edən qurumlara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyini bəyan etməsindən sonra Çinin dövlət bankları rusiyalı müştərilərinin maliyyələşdirilməsinə məhdudiyyətləri sərtləşdirməyə başlayıb. Bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, Çinin azı iki bankı bu yaxınlarda Rusiya biznesinin araşdırılmasına başlayıb. Burada söhbət xüsusilə transsərhəd əməliyyatlarından gedir.

Agentliyin məlumatına əsasən, Çin bankları sanksiya siyahısında olan müştərilərlə əlaqələri kəsəcək və əməliyyatların yerindən asılı olmayaraq Rusiya hərbi sektoruna hər hansı maliyyə xidmətləri göstərməyi dayandıracaq.

Bununla yanaşı, bildirilir ki, müəssisələrin, səlahiyyətli benefisiarların Rusiyada qeydiyyatda olub-olmadığı da yoxlanılır.

NYU-YORKDA MİQRANTLAR ÜÇÜN KOMENDANT SAATI

Nyu-York hakimiyyəti miqrantların şəhərdə qalmasını tənzimləmək üçün tədbirlər görməyə başlayıb. “Report” agentliyinin xəbərinə görə, yerli sakinlərin qanunsuz miqrantların dilənçiliyi ilə bağlı şikayətlərinin qarşısının alınması məqsədilə  miqrantların saxlandığı dörd müvəqqəti saxlama məntəqəsində saat 23:00-dan 6:00-dək komendant saatı tətbiq ediləcək.

Bildirilir ki, Texas qubernatoru qeyri-qanuni miqrantları Nyu-Yorka göndərməyə başlayandan sonra problem xüsusilə aktuallaşıb.

Məlumata görə, yaşayış mərkəzlərinin yaxınlığında hətta gecələr də miqrant dəstələrini görmək mümkündür. Nyu-York meri Erik Adams miqrantların çoxalmasının şəhərin dağılmasına səbəb ola biləcəyindən ehtiyat etdiyini vurğulayıb.

Xəbər verilir ki, komendant saatının tətbiqi yalnız dörd müvəqqəti qalma mərkəzinə təsir edəcək, burada miqrantlar hər gün hesabat verməli və göstərilən müddət ərzində sığınacaqlarda olduqlarını təsdiq etməli olacaqlar.

Bununla yanaşı, istisnalar yalnız ziyarətçi işləyərkən və ya təhsil aldıqda, habelə tibb müəssisələrinə və leqallaşdırma orqanlarına baş çəkdikdə mümkün olacaq.

NİKOLAS MADURODAN DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHDLƏ BAĞLI AÇIQLAMA

Venesuelada  ötən il dövlət çevrilişi həyata keçirmək, eləcə də prezidentə, müdafiə nazirinə və ölkənin digər rəhbərlərinə sui-qəsd cəhdinin qarşısı alınıb. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro Milli Assambleyaya illik müraciətində bəyan edib.

Dövlət başçısının sözlərinə görə, ifrat sağçıların ötən ilin may, avqust, noyabr və dekabr aylarında üstü açılan sui-qəsdləri Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ-ın Kolumbiyadakı Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə Mayami və Boqotada planlaşdırılıb.

Nikolas Maduro qeyd edib ki, Zulia və Taçira ştatlarında yüksək rütbəli zabitlər onu öldürmək üçün rüşvət alıblar, lakin kəşfiyyat tədbirləri sayəsində sui-qəsd cəhdinin qarşısı vaxtında alınıb.

Məlumata görə, Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopesə və Taçira ştatının qubernatoru Freddi Bernala da sui-qəsd cəhdlərinin qarşısı alınıb. Bildirilir ki, planlaşdırılan sui-qəsdlərin təfərrüatları yaxın vaxtlarda açıqlanacaq.

DMİTRİ KULEBA: UKRAYNA HEÇ BİR ŞƏRT ALTINDA TƏSLİM OLMAYACAQ

Ukrayna Qərbin dəstəyi olmasa belə, heç bir şərt altında təslim olmayacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Silahımız bitsə, kürəklə döyüşəcəyik, çünki Ukrayna üçün müzakirə mövzusu bu xalqın varlığıdır”, - deyə nazir bildirib.

Dmitri Kuleba vurğulayıb ki, Ukraynaya verilən maliyyə vəsaitinin artırılması potensial olaraq NATO ilə Rusiya arasında ABŞ qoşunlarının müdaxilə etmək məcburiyyətində qalacağı birbaşa toqquşmadan qaçmağa kömək edəcək.

Eyni zamanda, nazirin sözlərinə görə, Ukrayna bu muharibəni uduzarsa, dünyadakı qarışıqlığı düzəltməyin bədəli daha ağır olacaq.

Bununla yanaşı, Dmitri Kuleba Ukrayna döyüş meydanında daha güclü mövqe tutmayana qədər rəsmi Kremllə danışıqları istisna edib.

DÜNYADA VARLILAR VƏ KASIBLAR ARASINDAKI “UÇURUM” DƏRİNLƏŞİB

Dünyada baş verən son illərdəki böhranlar və müharibələr varlılar və kasıblar arasındakı “uçurumu” daha da dərinləşdirib. “TRT” telekanalının beynəlxalq xeyriyyə təşkilatı olan “Oxfam”ın araşdırmasına istinadən verdiyi xəbərə görə, dünyanın beş ən varlı adamı 2020-ci ildən bəri sərvətlərini iki dəfədən çox artırıblar. Ən yoxsul 60 faiz təşkil edən təxminən beş milyard insan isə daha da yoxsullaşıb.

Təşkilatın məlumatına əsasən, ən varlı beş adam 2020-ci ildən bəri saatda orta hesabla 14 milyon dollar qazanıb. Onların sərvəti 2020-ci ildə 405 milyard dollardan 869 milyard dollara yüksəlib.

Həmçinin bütün milyarderlərin ümumi sərvəti inflyasiyanın sürətindən üç dəfə çox artıb. Ən yoxsul 60 faiz təşkil edən 4,77 milyard insan 2020-ci ildən bəri 20 milyard dollar sərvət itirib.

Bununla yanaşı, “Oxfam”ın araşdırmasına görə, 791 milyon işçinin maaşı inflyasiyaya tab gətirə bilməyib. Orta hesabla onların hər biri iki il ərzində demək olar ki, bir aylıq maaşını itirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.