DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ PREZİDENTİ ALPER GEZERAVCI İLƏ GÖRÜŞÜB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk kosmos missiyasını uğurla başa vuraraq vətənə qayıdan Alper Gezeravcı ilə Esenboğa hava limanında görüşüb. “Trend” agentliyinin məlumatına görə, Gezeravcı kosmosa çıxardığı türk bayrağını prezident Ərdoğana təqdim edib.

Xəbər verilir ki, qəbulda Türkiyənin birinci xanımı Əminə Ərdoğan, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının sədri Hasan Mandal da iştirak ediblər.

Xatırladaq ki, yanvarın 19-da Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib. O, missiya çərçivəsində 14 gün kosmik stansiyada qalıb və fərqli elmi təcrübələr həyata keçirib. İlk türk astronavtı  missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

Məlumat üçün qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Axiom-3  komandası, Dragon kapsulu ilə 9 fevral tarixində Beynəlxalq Kosmik Stansiyadan ayrılıb.

ABŞ SENATINDA UKRAYNAYA YARDIMLA BAĞLI SON ƏNGƏL ARADAN QALDIRILIB

ABŞ Senatı yekun prosedur əngəlinin aradan qaldırılmasının lehinə səs verib və yaxın günlərdə keçirilməsi nəzərdə tutulan Ukrayna, İsrail və Tayvana maliyyə yardımı layihəsi üzrə yekun səsverməni yaxınlaşdırıb. Bu barədə “Report” agentliyi məlumat yayıb. Yekun səsvermənin lehinə 67, əleyhinə 27 senator çıxıb.

Bildirilir ki, 18 respublikaçı senator prezidentliyə namizəd Donald Trampın qanun layihəsini tənqid edərək yardımın kredit şəklində verilməli olduğunu bildirməsindən sonra sənədi dəstəkləyib.

Bununla belə, qanun layihəsi Senat tərəfindən qəbul edildikdən sonra qeyri-müəyyən gələcəklə üzləşəcəyi respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasına keçəcək.

Verilən xəbərə görə, demokratlar və respublikaçılar onun nəzərdən keçirilməsini sürətləndirməyə razılaşarsa, qanun layihəsi daha sürətli irəliləyə bilər. Lakin indiyədək belə bir razılaşma əldə olunmayıb.

Qeyd edək ki, layihəyə Ukrayna üçün 61 milyard dollar, HƏMAS-a qarşı savaşda İsrailə 14 milyard dollar və Tayvan da daxil olmaqla Hind-Sakit okean regionunda tərəfdaşları dəstəkləmək üçün 4,83 milyard dollar daxildir.

FİLİPPİNDƏ TORPAQ SÜRÜŞMƏSİ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

Filippinin cənubunda baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 51 nəfər isə hələ də itkin düşmüş hesab olunur. “TASS” agentliyinin xəbərinə görə, yerli səlahiyyətlilər ölənlərin cəsədlərinin axtarışlarının davam etdiriləcəyini bildiriblər.

Eyni zamanda, xilasedicilər torpaq sürüşməsindən sonra keçən təxminən bir həftənin ardından kiminsə sağ tapılacağını gözləmirlər. Sonuncu sağ aşkar olunaraq xilas edilən şəxs fevralın 9-da dağıntılar altından çıxarılmış 3 yaşlı qızdır. Uşaq 60 saata yaxın qaya və torpaq kütləsi altında qalıb.

Məlumata görə, təxminən 9 hektara yaxın ərazidə aparılan axtarışlara yüzlərlə insan və ağır texnika cəlb olunub. Sürüşmənin hündürlüyü 30-50 metr təşkil edib.

Xatırladaq ki, torpaq sürüşməsi fevralın 6-da baş verib və 50-dən çox evin və yerli qızıl mədəni şirkətinin işçilərini daşıyan avtobusların torpaq və qaya qırıntıları altında qalması ilə nəticələnib.

AVROPANIN IQLIM XAOSUNA GÖRƏ DONMASI PROQNOZLAŞDIRILIR

Alimlərin proqnozlarına əsasən, Atlantik okeanında isti cərəyanların qəfil dəyişməsi səbəbindən Avropa bir neçə onillikdən sonra dona bilər. Bu barədə “Science Advances” jurnalında dərc olunan məqalədə qeyd olunur.

Məlumata görə, klimatoloqlar Atlantik Meridional Dövriyyəni izləmək üçün kompleks çoxfaktorlu modelləşdirmə aparıblar. Bu isti cərəyanın kollapsı iqlim xaosuna səbəb olmaqla bütün dünyada hava şəraitini kəskin şəkildə dəyişəcək.

Bildirilir ki, Avropanın şimal-qərbində temperaturun bir neçə onillik ərzində 9-27 dərəcə aşağı düşəcəyi, Cənub yarımkürəsindəki istiliyin əhəmiyyətli dərəcədə artması, qlobal yağıntıların normasını dəyişdirməsi və Amazon ekosistemlərini pozması gözlənilir.

Eyni zamanda, bir sıra alimlər bunun bütün dünyada qida və içməli su çatışmazlığına səbəb olacağını proqnozlaşdırırlar. Alimlər iqlim dəyişikliyi ilə əlaqədar qida iğtişaşları riski barədə xəbərdarlıq da ediblər.

RUSİYA ERMƏNİSTANDAN ROMA STATUTU İLƏ BAĞLI TƏMİNAT TƏLƏB EDİR

Rəsmi Moskva Ermənistanın Roma statutuna qoşulması ilə əlaqədar  Yerevandan təminat tələb edir. “Trend” agentliyinin xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Ermənistanın bu beynəlxalq statuta qoşulması ilə əlaqədar yeni reallıq ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Əlbəttə, burada erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir, bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir və biz buna köklənmişik”, - deyə Kreml rəsmisi vurğulayıb.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu səs çoxluğu ilə ratifikasiya edib. Belə ki, 60 deputat statutun ratifikasiyasının lehinə səs verib. Müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 20 deputat statutun ratifikasiyasının əleyhinə səs veriblər.

Məlumat üçün qeyd edək ki, Roma statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.

ÜST-DƏN YENİ PANDEMİYA BARƏDƏ XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus dünyanın yeni pandemiyaya hazır olmadığını açıqlayıb. “Trend” agentliyinin xəbərinə görə, Gebreyesus bu barədə Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışı zamanı bildirib.

Baş direktorun sözlərinə görə, “COVID-19” pandemiyasının “dərsləri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib”.

Təşkilat rəhbərinin sözlərinə görə, bəşəriyyət gec, ya da tez yeni naməlum “X xəstəliyi” ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır.

Eyni zamanda, ÜST-ün baş direktoru yeni pandemiyanın qrip virusu və ya koronavirus, yaxud haqqında hələ bilmədiyimiz yeni patogen tərəfindən törədilə biləcəyini qeyd edib.

CEFF BEZOS 2 MİLYARD DOLLAR DƏYƏRİNDƏ SƏHMLƏRİNİ SATIB

“Amazon”un qurucusu Ceff Bezos şirkətin təxminən 2 milyard dollar dəyərində səhmlərini satıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Açıqlamaya əsasən, Ceff Bezos fevralın 7 və 8-də şirkətin 12 milyona yaxın səhminin satşını həyata keçirib. Hazırda sərvəti 196 milyard dollar olaraq qiymətləndirilən dünyanın ən varlı adamlarından biri iki ildən artıq müddətdə ilk dəfə aktivlərini satıb.

Bununla yanaşı, Ceff Bezosun təxminən iki il əvvəl “Amazon” şirkətinin rəhbəri postunu tərk etməsinə baxmayaraq, o, direktorlar şurasında qalıb. Ceff Bezos, həmçinin “Amazon”un 9,4 faizinə sahib olmaqla şirkətin ən böyük səhmdarıdır.

Qeyd edək ki, Ceff Bezos “Forbes”in milyarderlər siyahısında üçüncü yeri tutur, yalnız “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask (201,6 milyard dollar) və LVMH (Louis Vuitton Moet Hennessy) qrupunun prezidenti Bernard Arnaultdan (219,2 milyard dollar) geri qalır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.