Zəfərə aparan yol: milli və dini həmrəylik
Region

Zəfərə aparan yol: milli və dini həmrəylik

Tovuz rayonunun Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilmişdir.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunmuşdur. İlk öncə Vətən müharibəsinə həsr olunmuş “Zəfər Meydanı” adlı videoçarx nümayiş edilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova tədbir iştirakçılarını 8 Noyabr --Zəfər Günü münasibətilə təbrik etmişdir. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan Böyük Qələbədən bəhs edən T. Bayramova, müharibənin gedişində və sonrasında nümayiş etdirilən milli birliyin və dini həmrəyliyin qələbədə əsas amillərdən biri olduğunu vurğulamışdır.

Daha sonra çıxış edənlər – rayon Təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan möhtəşəm qələbədən söz açmış, qələbədə Qalib Azərbaycan xalqının milli birlik nümunəsi göstərdiklərini ifadə etmiş, Azərbaycanın multikultural ölkə olduğunu və ölkəmizdə dini tolerantlığın yüksək səviyyəsini qeyd etmişlər.

Vəli VƏLİYEV,

“Respublika”.