“TƏMAS” sığınacağı ziyarət olunub
Region

 “TƏMAS” sığınacağı ziyarət olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 31 Dekabr--Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə  "Təmas" Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən  "İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya reinteqrasiya mərkəzini (sığınacaq)" ziyarət edib. Görüşdə "Təmas" Regional İnkişaf İctimai Birliyinin həmsədrləri Suqra Məmmədova, Kübra Ələkbərova, iş adamı Qiyas Akkurt və Gəncə  Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Şəhər rəhbərinə bildirilib ki, təşkilatın nəzdində fəaliyyət göstərən sığınacaq  bölgələrdə zorakılıqdan əziyyət çəkən qadınlar və uşaqlar üçün nəzərdə tutulub. İndi   burada 22 nəfər yaşayır ki, bunlardan 15-i uşaq, 7-si qadındır. Hazırda 10 uşaq məktəbdə, 5 uşaq isə məktəbəqədər təhsil müəssisəsində təhsil alır.

Sığınacağın sakinləri göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.