“Zəfərdən qayıdan igidlər” adlı tədbir
Sosial həyat

“Zəfərdən qayıdan igidlər” adlı tədbir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Zəfərdən qayıdan igidlər” adlı tədbirdə  Vətən müharibəsi qaziləri ilə görüş keçirildi.  Tədbirin əvvəlində Dövlət Himni səsləndirildi, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqlar haqqında danışdı, bunun  Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirdi.

Yasamal Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva çıxışında qaziləri düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik etdi, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırdı.

Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova “Qazilər” şeirini söylədi və qeyd etdi ki,  tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi qazilərinə təşəkkürünü bildirdi.

Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə vurğuladı ki, şəhidlər və qazilər Azərbaycanın yeni  tarixini yazdılar, mənfur düşmənə qarşı cəsarətlə döyüşdülər. Onların bir amalı var idi  ki, Vətən torpağını işğaldan azad etsinlər.  Onlar 30 illik həsrətə son qoydular.

“Dəmir Yumruq Alfa-A” cəmiyyətinin sədri Ülviyyə Vasifqızı çıxışında qeyd etdi ki, biz çoxlu şəhidlər verdik. Şəhid anaları qarşısında baş əyirik.  Azərbaycan anaları Vətənə igid oğullar bəxş ediblər. Müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin ətrafında xalqımız “dəmir yumruq” kimi birləşərək 30 illik işğala 44 gündə son qoydu.

“Qarabağ qaziləri” İctimai Birliyinin “Gənc Qazilər” filialının rəhbəri qazi Hacı Vəliyev Azərbaycan Ordusunda on il xidmət göstərdiyini dedi. Qazilərə qayğı və diqqət göstərdiyi üçün ölkə rəhbərinə minnətdarlığını bildirdi. O qeyd etdi ki, Müzəffər Azərbaycan Ordusu güclü orduya çevrilmişdir.         

Tədbirdə  “Dəmir Yumruq Alfa-A” cəmiyyətinin rəhbərliyi qazilər Hacı Vəliyevə, Muxtar Allahyarova, Emil Bayramova, Elşən Əhmədova, Orxan İmanova, Faiq Bədəlova, Ruslan Məmmədova, Hümbət Abbaszadəyə, Mahir İbrahimova, Tacəddin Cəfərova, Orxan Hüseynova, Xətai Ağayevə, Əlimusa İsmayılova və digər qazilərə fəxri diplomlar təqdim etdi.

Sonda  müğənnilər Aygün Ağayeva və  Mütəllim Mütəllimov, habelə 239 №-li tam orta məktəbin şagirdi Kərim Cəlilov Vətənə və Qarabağa həsr olunmuş  mahnılar ifa etdilər. Sonra Ali Baş Komandan İlham Əliyevin qazanılan  Zəfərlə bağlı çıxışları və Müzəffər Azərbaycan Ordusunun rəşadətini əks etdirən videoçarxlar nümayiş olundu.

Kamil İSMAYIL,

“Respublika”.