Yeniliklər vətəndaş məmnunluğuna yönəlib
Sosial həyat

Yeniliklər vətəndaş məmnunluğuna yönəlib

Elektron xidmət istifadəyə verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, Xidmət tərəfindən “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidməti istifadəyə verilib. Artıq müraciət edən şəxs adına daşınmaz əmlakın olub-olmaması barədə arayışı Xidmətin ərazi idarələrinə müraciət etməklə yanaşı, elektron qaydada da əldə edə bilər.

Daşınmaz əmlakla bağlı göstərilən xidmətlərin elektron müstəviyə keçməsi Dövlət Xidmətinin prioritetlərindəndir və yeni xidmətin istifadəyə verilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib.

Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olduqdan sonra “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə (portalın xidmət bölməsində 15-ci sıra) keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir. Açılan pəncərədəki müvafiq məlumatları doldurduqdan sonra müraciət göndərilir və ardınca təsdiqetmə bildirişi monitorda qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.

Müraciət edən şəxsə xidmət haqqının onlayn (elektron) qaydada ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az)  “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə daxil olaraq “Elektron arayışlarım” alt bölməsindən ona məxsus daşınmaz əmlaka dair arayışla tanış olur.

İstifadəçinin adına daşınmaz əmlakın mövcud olmaması barədə SMS bildiriş həmin şəxsin mobil nömrəsinə göndərilir.

 

Müraciətlər  onlayn resurslar vasitəsilə cavablandırılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, Xidmətin fəaliyyəti ilə bağlı müraciətlər 193 Çağrı Mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələr vasitəsilə cavablandırılır.

2021-ci ilin yanvar-iyun ayları ərzində Çağrı Mərkəzi, onlayn çat  və sosial şəbəkələr vasitəsilə Əmlak Məsələləri Dövlət Xidmətinə 36 915 müraciət daxil olub. Onlardan 35 601-i 193 Çağrı Mərkəzinin, 1 314-ü isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 35 267-si sorğu və müraciət xarakterli, 334-ü isə araşdırma tələb edən məsələlər olub.

Göstərilən xidmətlərlə bağlı sorğular dərhal cavablandırılıb, qanunvericilik prosedurları izah edilib, araşdırma tələb edən müraciətlər aidiyyəti struktur bölmələrə yönləndirilib. Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, Əmlak Xidmətləri Məkanında növbəyə yazılmaq, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, Xidmətin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən avqustun 31-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.

Qaradağ  rayonunda yerləşən “Sahil”, “Güzdək” əhəngdaşı və “Xıdırlı-I” qum yataqları 2 LOT üzrə, “Şıxlar” qum yatağı 5 LOT üzrə, Salyan rayonunda yerləşən “Xıdırlı” qum yatağı isə 1 LOT üzrə hərraca çıxarılacaq. Bu yataqların ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı keçiriləcək hərracda iştirakla bağlı iddiaçılar sənədləri 24 avqust 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Əli SADIQOV,
“Respublika”.