Qardaş Türkiyə mütəxəssislərinin nəzarəti altında Azərbaycanın cənub qapısı Astaranın Şahağac kəndində yeni intensiv sitrus bağı salınıb. Hazırda əkin işləri sürətlə və yüksək keyfiyyətlə davam edir. Hər hektara 650 ədəd olmaqla sağlam boy verməyə qadir yapon sortlu naringi tingi torpağa basdırılır. Əkin zamanı bütün lazımı tədbirlər dəqiqliklə yerinə yetirilir.
Əkin başa çatdıqdan bir neçə gün sonra bağda damla suvarma sistemi qurulacaq. Qurulacaq sistem hər bir cərgə üçün nəzərdə tutulmaqla ikicərgəli olacaqdır. Bu yeni metod naringi tingi böyüyüb məhsula gələn dövrdə də onu lazımı qədər su ilə təmin edəcək.
Son illərdə Astaranın bol, ətirli sitrus təsərrüfatına 200 hektardan çox yeni üsullarla əkilmiş meyvə bağları əlavə olunub. Rayonda torpaq adamına yeni iş yerləri yaranmaqla bərabər, belə də ki, təzə salınmış intensiv sitrus bağlarının hər hektarı üçün dövlət tərəfindən 9-11 min manat birdəfəlik subsidiyalar verilir.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.