Yeni ildən gözləntimiz
Siyasət

Yeni ildən gözləntimiz

Yola saldığımız ildə baş tutması gözlənilən ən vacib məsələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması idi. Hətta Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin oktyabrında Praqada keçirilən görüşdən sonra iki ölkə arasında ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağı ehtimalını səsləndirmişdi. Azərbaycan və Ermənistan arasındakı münaqişəni sülhə bağlamaq üçün Avropa İttifaqı, ABŞ və Rusiya diplomatik səylərini artırsa da, ilin sonuna kimi razılaşma əldə etmək mümkün olmadı. İndi ümidlər 2023-cü ilədir.

“Karneqi” Fondunun əməkdaşı Tomas De Val “BBC News Azərbaycan”a müsahibəsində bildirib ki, 35 ilə yaxın münaqişə edən tərəflər arasında qısa müddətdə yekun sülhün imzalanması elə də asan görünmür. Onun sözlərinə görə, indiki halda Bakı və Yerevan hələlik çərçivə sazişi imzalaya bilər ki, burada da iki amil həlledici rol oynayır. Bunlardan biri rəsmi Yerevanın ərazi bütövlüyünün qarşılıqlı tanınması çərçivəsində Qarabağda yaşayan ermənilərin siyasi və iqtisadi hüquqlarının təminatı və bununla bağlı zəmanət istəməsidir. Digər məsələ isə Azərbaycanın Ermənistan ərazisindən Naxçıvana yolun açılmasıdır ki, bu istiqamətdə də tərəflər ortaq məxrəcə gələ bilmirlər.

Azərbaycan hesab edir ki, sülh sazişi üçün sənəd hansısa şərtlərin əks olunduğu çərçivə sazişi formasında yox, sadə və reallığı əks etdirən formada olmalıdır. Tomas De Val hesab edir ki, 2022-ci ildə sülh razılaşmasının əldə edilməməsinə təsir göstərən əsas səbəblərdən biri Bakı və Yerevan arasında etimadın olmamasıdır. Onun fikrincə, 2023-cü ildə sülh danışıqlarının uğurlu olması qarşılıqlı etimadın yaradılması istiqamətində atılacaq addımlardan asılı olacaq.

44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan regionda yeni reallıqlar yaradıb. Məhz bu reallıqdan irəli gələrək bölgəmizin daimi sülh və əmin-amanlıq şəraitində inkişafı üçün ölkəmiz tərəfindən əməkdaşlıq təklifləri irəli sürülüb. Təbii ki, sağlam düşüncə nümayiş etdirən xarici qurum və dövlətlər bu təklifi müsbət dəyərləndiriblər. Təəssüf ki, Ermənistan bu günə kimi məsələyə qeyri-ciddi münasibət göstərir.

Hazırda Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan münaqişənin başa çatmasını və yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Lakin 44 günlük Vətən müharibəsindən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici qüvvələr bu gün də fəaliyyətdədir. Məsələn, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib ki, ilkin olaraq Qarabağ problemi ilə məşğul olan üç həmsədr ölkə, o cümlədən Ermənistan, Azərbaycan və Qarabağ (qondarma rejim nəzərdə tutulur) nümayəndələrinin görüşdüyü yeganə platforma olan keçmiş Minsk qrupu məsələnin müzakirəsini davam etdirməlidir. Ermənilərin bu sayıqlamalarına rəğmən Azərbaycan Prezidenti vurğulayır: "Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub".

Postmünaqişə dövründə regional gündəliyi Azərbaycan diktə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya, aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edirlər. Azərbaycan bundan sonrakı postmünaqişə dövründə sülh, əməkdaşlıq və əmin-amanlığın tərəfindədir və o, istəyir ki, qısa müddət ərzində 10 noyabrda imzalanmış müqavilənin bütün bəndləri icra olunsun. Bu, ilk növbədə bölgəyə sülh gətirəcək, regionda əməkdaşlığı gücləndirəcək. Bundan ötrü Azərbaycan və Ermənistanın sərhədləri müəyyənləşdirilməlidir. Bu istiqamətdə Azərbaycan lazımi addımlar atır və bundan sonra da atacaq. Ermənistanla Azərbaycan arasında sülh danışıqları aparılmalı, bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərinin müəyyənləşdirilməsi məqsədilə addımlar atılmalıdır. Azərbaycan bu sahədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz vasitəsilə həm dəmir yolu, həm də quru yolla region ölkələri arasında iqtisadi, mədəni humanitar əlaqələr bərpa olunmalı, eyni zamanda Azərbaycanın Naxçıvan bölgəsilə quru əlaqələri təmin edilməlidir. Azərbaycan ərazisində heç bir erməni silahlısı olmamalıdır. Təbii ki, bütün bu amillər 10 noyabr tarixli üçtərəfli Bəyanatda da öz əksini tapıb və Ermənistan bu tarixi sənədə imza atan üçüncü tərəfdir. Sənədin imzalanmasından keçən iki il ərzində Ermənistan bəzi dairələrin təsiri altında hələ də gözləmə mövqeyindədir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq işləri, minatəmizləmə əməliyyatları apardığı halda, Ermənistan nəinki sülh sazişini imzalamaq barədə danışıq aparır, heç bəyanatda nəzərdə tutulan öhdəliyinin yerinə yetirilməsilə bağlı addım da atmır.

Dünyada baş verən hadisələri doğru və dəqiq dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev güclər balansından milli maraqlarımız naminə faydalanma qabiliyyətilə qlobal miqyasda əsas siyasi, iqtisadi və hərbi güclərlə münasibətləri bərabər müstəvidə həyata keçirir və bütün müttəfiqləri ilə qarşılıqlı və faydalı əlaqələr qurmağa çalışır. Elə indiyədək keçirilən Brüssel görüşləri də dövlət başçısı İlham Əliyevin hər iki xalqın maraqlarını əks etdirən ədalətli sülhün tərəfdarı və təminatçısı olduğunu təsdiq edir. Xəstə təxəyyüllü erməni millətçiləri isə heç bir reallığı qəbul etmir, Azərbaycanın humanistliyini, qonşuluq etmək niyyətini dəyərləndirmirlər.

Brüssel görüşləri ermənilərə düşünüb-daşınmaq üçün meydan açır, lakin onlar qeyri-konstruktiv mövqelərindən əl çəkmirlər. Baş nazir N.Paşinyan görüşlərdə bir, görüşdən sonra isə başqa bir mövqe nümayiş etdirir. Bir sözlə, Ermənistan həmişə verdiyi bəyanatların əksini edir, Ermənistan rəhbərliyi sülhə aparan yolu tutmur. Onların törətdikləri təxribatlar da bunu təsdiq edir. İkinci Qarabağ savaşında məğlubiyyəti ilə barışmayan Ermənistan sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə yubadır, sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə məhəl qoymur, ciddiyyət göstərmir. Öz məsuliyyətini dərk etməyən məğlub ölkə mənasız xəyallar qurur, Qərb dövlətlərindən siyasi dəstək gözləyir, təxribatlar törədir və nəticədə yenə də qan tökülür, insanlar həlak olur.

Ötən il sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə törətdiyi təxribatın layiqli cavabını alan Ermənistan heç nədən dərs çıxarmır. Halbuki, 44 günlük müharibədə qələbəyə doğru inamla irəliləyən, siyasi, hərbi potensial nümayiş etdirən, bu potensialı bu gün də qüvvədə saxlayan Azərbaycan bundan sonra da düşməni yerində oturtmaq iqtidarındadır. Odur ki, Azərbaycanın üzərinə gəlmək cəhdləri Ermənistan üçün daha dəhşətli sonluqlar yarada bilər.

Bunu Prezident İlham Əliyev verdiyi müsahibələrinin birində də çox gözəl anladıb: "Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq... Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar...". Təbii ki, dövlət başçısının bu mesajında ciddi xəbərdarlıq var. Yəni Ermənistanın hələ də nöqtə qoymaq istəmədiyi ərazi iddialarının qarşılığı o ola bilər ki, Azərbaycanın tarixi torpaqları - Zəngəzur, Göyçə gölü regionunun əsl sahiblərinə qaytarılması məsələsi aktuallaşdırılsın! Bunun Ermənistan üçün nə demək olması barədə erməni siyasətçiləri, erməni ictimaiyyəti yaxşı düşünməlidir.

Ermənistanın son məqsədi sülh prosesini iflasa uğratmaqdır və o, havadarlarına arxalanaraq bu istiqamətdə min bir oyundan çıxır. Regiona isə sülh gərəkdir. Yenicə qədəm qoyduğumuz 2023-cü ildən əsas gözləntilərdən biri də budur: davamlı sülh!..

Zümrüd QURBANQIZI,

"Respublika".