“YAŞAT
Sosial həyat

“YAŞAT" payız düşərgəsinə start verilib

"YAŞAT" Fondunun, Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə "YAŞAT" payız düşərgəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış ediblər, layihənin məqsədi barədə məlumat veriblər və gənclərə uğurlar arzulayıblar.

Oktyabrın 28-dən 31-dək olan dövrü əhatə edən düşərgədə 18-24 yaş aralığında 22 şəhid övladı iştirak edir. Düşərgənin proqramına ekskursiyalar, təlimlər və açıq hava şəraitində kamplar daxildir.

"YAŞAT" Fondu tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

Layihənin sponsoru "SİRAB"dır.

AZƏRTAC