Xudat şəhəri yeni görkəm alır
Region

Xudat şəhəri yeni görkəm alır

Şimal bölgəsinin sosial-iqtisadi, mədəni mərkəzlərindən biri qədim Xudat şəhəridir. Geniş turizm məkanında yerləşən bu şəhərin siması son illər xeyli dəyişib. Şəhər getdikcə yeni bir görkəm alır. Burada son 2-3 il ərzində bir çox tikinti, abadlıq, quruculuq işləri görülüb. Şəhərin xəritəsinə yeni-yeni tikililər əlavə olunub. Müasir istehsal müəssisələri yaradılıb. Parklar salınıb, küçələr abadlaşdırılıb. Yolların asfalt örtüyü təzələnib. Şəhərdə müasirtipli işıqlandırma sistemləri yaradılıb. Bütün bunlar barədə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xudat Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Budaq Əliyev məlumat verərək deyir:

- 18 min 300 nəfər sakini olan şəhərimizdə son 3 ildə əhalinin rahatlığının təmin olunması, sosial infrastrukturun yaradılması, yeni yerlərinin açılması istiqamətində əməli addımlar atılıb. Ən əvvəl küçələrin sahmana salınmasından başlamışıq. İndiyə kimi 26 küçəyə yeni asfalt örtük çəkilib. Piyada səkiləri qaydaya salınıb. Yollar asfaltlanıb. Şəhərdə köhnə elektrik dirəkləri 3 kilometr uzunluğunda müasirtipli işıqlandırma sistemi ilə əvəz olunub. 16 mənzilli 2 yaşayış binası əsaslı surətdə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Şəhər 1 saylı tam orta məktəbi üçün tikilmiş 537 yerlik ikimərtəbəli məktəb binası da son üç ilin tikililərindəndir.

Əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə 3 yerdə artezian quyusu istifadəyə verilmiş, 2200 metr uzunluğunda içməli su xətti çəkilmişdir. Şəhərin bəzi küçələrində ümumi görünüşə xələl gətirən müxtəlif təyinatlı binaların fasadları dəyişdirilərək müasir görkəmə salınmış, bu məqsədlə həmin binalarda xeyli təmir, yenidənqurma işləri aparılmışdır. Şəhərsalma qaydaları gözlənilməklə yerli arxitekturaya uyğun yeni binalar tikilmişdir. "Bayraq meydanı" adlanan ərazi yenidən qurulmuşdur. Ötən müddət ərzində yaşıllaşdırma işlərinə diqqət yetirilmiş, yol kənarlarında xeyli dekorativ ağac əkilmişdir.

Şəhərdə ən çox diqqətçəkən abadlıq işlərindən biri "Nizami" parkının əsaslı surətdə yenidən qurulmasıdır. Dahi şairin adını daşıyan bu park 1 hektar ərazidə yerləşir. Burada Nizami Gəncəvinin heykəli bərpa olunmuş, ətraf tamamilə abadlaşdırılmışdır. Parkda inşa olunan ikimərtəbəli 240 kvadratmetr ərazidə "Nizami Gəncəvi" muzey-kitabxanası yaradılmışdır. Xudat-Nabran yolunun üstündə - görkəmli yerdə Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş "Abidə-bulaq kompleksi" tikilib istifadəyə verilmişdir. Onu da qeyd edim ki, burada 27 şəhidin adını əks etdirən lövhələr yaradılmışdır.

İstehsal müəssisələrinin tikintisi sürətlənmiş, xeyli yeni yerləri açılmışdır. Ötən il 2,5 min ton qabıqlı fındıq emal gücünə malik olan fındıq emalı fabriki istifadəyə verilmişdir. Şəhərimizdə istehsal xarakterli nəhəng bir müəssisənin - "Foodcity Agropark"ın tikintisi başa çatmaq üzrədir. Bu geniş aqrokompleksdə meyvə-tərəvəz qəbul edəcək iri soyuducu anbar kompleksi digər xidmət sahələri fəaliyyət göstərəcəkdir. Aqrokompleks 12 hektar ərazidə yerləşir. Müəssisədə 700 nəfər şəhər sakini özünə yeri tapacaqdır. Hazırda burada gedən tikinti işlərinə 200 nəfər cəlb olunmuşdur. Aqrokompleksin tikintisi yaxın vaxtlarda başa çatdırılacaqdır.

Ziyafəddin BAYRAMOV,

"Respublika".