“ABŞ Dövlət Departamenti”: Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Siyasət

“ABŞ Dövlət Departamenti”: Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller açıqlama verib. Bildirib ki, telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədəki son vəziyyət müzakirə olunub. Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.

Birləşmiş Ştatlar rəsmisi ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Blinken Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları da müsbət qiymətləndirib, xüsusilə Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını humanitar jest kimi alqışlayıb.

Jalə QASIMZADƏ,

“Respublika”.