“Xudafərin
Sosial həyat

“Xudafərin" və “Qız Qalası" hidroqovşaqlarına aid bəndlərin tikintisi yekunlaşmaq üzrədir

Aprelin 16-da Energetika Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonuna - "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyalarına mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mediatur zamanı Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi üzrə görülən işlər barədə məlumat verib.

Bildirib ki, Araz çayı üzərindəki "Xudafərin" SES-in ümumi gücü 200 meqavat (100 meqavat Azərbaycan tərəfinin payına düşür), "Qız Qalası" SES-in ümumi gücü isə 80 meqavatdır (40 meqavat Azərbaycan tərəfinin payına düşür): "Hər iki SES-də ildə ümumilikdə 716 milyon kilovat/saat (358 milyon kilovat/saat Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır. Eyni zamanda, hidroqovşaqların istismara verilməsi nəticəsində Azərbaycan tərəfində 252 min hektar mövcud, 12 min hektar isə yeni kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatı nəzərdə tutulur".

Qeyd olunub ki, "Xudafərin" və "Qız Qalası" layihələri ilə bağlı ilkin layihələndirmə işlərinə keçmiş SSRİ dövründən başlanılıb. Uzun müddət aparılmış müzakirələrdən sonra 1991-ci ildə yekun texniki layihə hazırlanıb. 1992-ci ildə tikinti işlərinə başlanılıb, ancaq ərazilərin işğalı səbəbindən işlər dayandırılıb.

1996-1997-ci illərdən başlayaraq ikitərəfli razılaşma əsasında hər iki hidroqovşaq üzrə tikinti işləri İran İslam Respublikasının müvafiq şirkətləri tərəfindən davam etdirilib.

2016-cı ildə "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Saziş imzalanıb. Bu Saziş hazırda layihələrin icrası prosesində əsas tənzimləyici sənəd statusunu daşıyır. Sazişə əsasən Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədilə Birgə Texniki Komissiya yaradılıb. Bu komissiyanın fəaliyyəti üzrə Azərbaycan tərəfindən səlahiyyətli orqan Azərbaycan Respublikasının Energetika Nazirliyi müəyyən edilib. Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrası məqsədilə işçi qrupları yaradılmış və müvafiq istiqamətlər üzrə işlər davam etdirilməkdədir.

Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi işləri 99 faiz başa çatdırılıb. Su elektrik stansiyalarının tikintisinin və hidroqovşaqların istismara verilməsi üçün qalan digər işlərin görülməsi ilə bağlı tərəflərin sifarişçiləri arasında sıx əməkdaşlıq davam etdirilməkdədir. Azərbaycan tərəfindən layihələr üzrə sifarişçi "Azərenerji" ASC-dir.

AZƏRTAC