Xilaskarlıq missiyası
Siyasət

Xilaskarlıq missiyası

71 il Sovet hakimiyyətinin müstəmləkəçiliyi altında yaşayan Azərbaycan xalqı 1991-ci ildə öz qanı, canı bahasına müstəqilliyinə yenidən qovuşdu. Sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilmədi. XX əsrin sonlarında baş verən tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mübarizəsi faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Azərbaycan müstəqillik qazandıqda çox təəssüflər olsun ki, rəhbərliyə gələn AXC-Müsavat hakimiyyəti savadlı, bilikli kadrlardan təşkil edilmədi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl azadlığını ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Çünki AXC-Müsavat hakimiyyətinin səriştəsizliyinə görə Azərbaycan torpaqlarının 20 faizini itirdi, Ermənistan strateji cəhətdən ən əhəmiyyətli ərazimizi - Qarabağı işğal etdi. Bununla yanaşı, ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. İqtisadi böhran, bölgələrdə baş verən qiyamlar Azərbaycanı uçuruma sürükləyirdi.

Belə qiyamlardan biri də Gəncədə oldu. Bu hadisə tariximizin qara səhifəsidir. Gəncə hadisələri illər keçsə də, yenə də müzakirə obyektidir. 4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz oldu. Qeyd edək ki, hələ 1993-cü ilin fevralında Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə rəhbərlik edən Surət Hüseynov icra etməkdən imtina etmişdi. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Toqquşma nəticəsində 35 nəfər həlak oldu. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi ilə üz-üzə dayandı. 8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşdi. Surət Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladılar.

Beləliklə, "Gəncə hadisələri" kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Elçibəy hakimiyyətinin sonu oldu. Respublikanın hər yerində izdihamlı mitinqlər keçirilirdi. Xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdi. Bu, xalqın müdrik seçimi idi. Vətənin ağır günündə xalq ümummilli lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Lakin ümummilli lider Bakıda hakimiyyəti və ona təklif olunan vəzifəni qəbul etmədən öncə Gəncə şəhərinə səfər etmək və problemi yerində araşdırmaq niyyətində olduğunu bildirdi. Ulu öndər o vaxt heç bir orduya, gücə arxalanmadan, yalnız xalqın etimadına arxalanaraq Gəncə şəhərinə gəldi, onu bir qrup jurnalist müşayiət etdi. Heydər Əliyev Gəncəyə gələrək Surət Hüseynov və o vaxtkı AXC-Müsavat hakimiyyətinə qarşı çıxmış insanlarla görüşdü, onları sakitləşdirdi və qardaş qırğınının qarşısı alındı.  O zaman artıq Surət Hüseynov və onun dəstəsi Bakını mühasirəyə almışdı. Onların məqsədi Bakı şəhərinə daxil olub hakimiyyəti ələ keçirmək idi. Ulu öndər Heydər Əliyev vətəndaş qırğınının qarşısını aldı. Beləliklə, Gəncə qiyamı tamamilə yatırıldı. Daha sonra Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və  15 iyun Azərbaycanın Qurtuluş Günü kimi tarixə düşdü. Heydər Əliyevin hakimiyyətə gəlməsilə Azərbaycanın müstəqilliyi qorunub saxlanıldı, dövlətimiz əsl müstəqilliyə nail oldu. Ən önəmlisi isə ərazilərimizin böyük hissəsinin itirilməsinin qarşısı alındı.

Ümummilli liderin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün öz inkişafının sürətli dövrünü yaşayır. Ümummilli liderimizin qoruyub saxladığı müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyilə daha da möhkəmləndirilib, onun əbədiliyi təmin edilib. Azərbaycanın güclü Ordusu və Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad olunub. İndi o torpaqlarda quruculuq işləri aparılır. Azərbaycan qalib ölkə kimi regionda söz sahibi, Avropanın ən önəmli enerji tərəfdaşı, etibarlı müttəfiqdir. Dövlətimiz gələcəyə inamla irəliləyir.

Nuranə DAXİLQIZI,

"Respublika".