Vətəndaşlardan hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslər barəsində cinayət işi başlanıb
Digər xəbərlər

Vətəndaşlardan hədə-qorxu ilə pul almaqda təqsirləndirilən şəxslər barəsində cinayət işi başlanıb

“Ltv 7” xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istintaq zamanı Fazil Quliyev və Vüsal Zeynalovun özlərini jurnalist kimi təqdim edib fevralın 13-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər apararaq həmin çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb etmələri müəyyən olunub.

Eyni zamanda, “Ltv 7” internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyənləşdirilib.

Həmin əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs və  polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

“Ltv 7” internet kanalının əməkdaşlarının cinayət əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun 961 - qaynar xəttinə və İstintaq idarəsinə müraciət etmələri xahiş olunur. ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə. Əlaqə nömrələri: +994 12 361-16-14, +994 12 361-16-13).

AZƏRTAC