QƏRBİ AZƏRBAYCAN – QƏDİM TARİXİ YURDUMUZ
Digər xəbərlər

QƏRBİ AZƏRBAYCAN – QƏDİM TARİXİ YURDUMUZ

Generativ mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının şüurunda xalqımızın tarix boyu onun qəhrəman obrazının dövlət-siyasi, iqtisadi və mədəni mücəssəməsi olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır. Ermənilərin bu torpaqlarımıza qarşı hərbi-siyasi təcavüzü nəticəsində verdiyi itkilərin acısı Azərbaycan xalqının qəlbində unudulmayıb.

Azərbaycan Respublikasının Prezidenti, beynəlxalq miqyaslı görkəmli dövlət xadimi İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasını ziyarət edərkən bu acını qəlbində kədər hissi ilə xatırlatdı.

Bununla yanaşı, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun, iqtisadi və hərbi-texniki qüdrətinin artım dinamikasını, eləcə də bir sıra faciəvi tarixi hadisələr səbəbindən Ermənistanın tərkibində qalan Qərbi Azərbaycan torpaqlarımıza qayıdışının qaçılmaz olduğunu açıq şəkildə vurğuladı. Lakin bu adil qayıdış hər hansı bir hərbi təcavüz nəticəsində baş verməyəcək, çünki Prezident İlham Əliyev onun konstruktiv daxili və xarici siyasətini tənqid edən bütün qərəzkarlara aydın şəkildə bildirdi ki, burada söhbət ərazi iddialarından deyil, tarixi həqiqətdən gedir. Bu tarixi ədalətin bərpası, yəni Qərbi Azərbaycanın avtoxton əhalisinin öz ulu əcdadlarının torpaqlarına qayıtması ilə nəticələnməlidir. Bu regenerasiyanın hər iki xalqın mənafeyi naminə nə dərəcədə sivil, beynəlxalq hüququn prinsip və normalarına uyğun şəkildə həyata keçəcəyi başabəla qonşularımızdan asılıdır.

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa edərək, erməni işğalçılarını azərbaycanlıların əzəli tarixi torpaqlarından qovmaqla soydaşlarımızın yurd-yuvalarına qayıtmasına imkan yaratdı.

Regionda sülhün bərpası prosesi güc tətbiq etməmək, sərhədlərin delimitasiyası, həmçinin kommunikasiya yollarının açılması kimi şərtləri özündə ehtiva edir. Ermənistan dövləti ilə sülh şəraitində yanaşı yaşamaq üçün Prezident İlham Əliyev tərəfindən mahiyyəti üzrə işlənib hazırlanmış imperativlər Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş azərbaycanlıların qansız-qadasız şəkildə Vətənlərinə geri qaytarılması üçün potensial əhəmiyyət daşıyır. Lakin revanşist ideyalara qapılan Paşinyan rejimi Cənubi Qafqazın inkişafına yönəlmiş iqtisadi və maliyyə layihələrinin həyata keçirilməsinə, iki dövlət arasında sülhün və qarşılıqlı anlaşma münasibətlərinin bərpasına zidd olan addımlar atır.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu maddəsinə əsasən Zəngəzur dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətinin təmin edilməsinə dair Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməməsi, beynəlxalq hüququn bütün normalarına, regionda sülhün və sabitliyin bərpası prinsiplərinə etinasızlığı təcəssüm etdirir.

Paşinyanın bu cür məsuliyyətsiz, sivil dövlətlərarası münasibətlərin elementar şərtlərinə məhəl qoymayan qeyri-adekvat davranışları, Azərbaycana qarşı onların ənənəvi himayədarı olan Fransanın təxribatçı ermənipərəst mövqeyini həyasızcasına dəstəkləyən, prinsipsiz və açıq-aşkar düşmənçilik siyasətinə əsaslanır. 2023-cü ilin ilk günündə erməni vassalının qanunsuz müdafiəsi yolu ilə regionda öz maraqlarını təmin etməyə çalışan Fransa Laçın dəhlizinin blokadadan çıxarılması ilə bağlı vəziyyəti guya Azərbaycanın yaratdığı humanitar fəlakət kimi qələmə verən bir mətni BMT Təhlükəsizlik Şurasının gündəminə daxil olunmasına cəhd etdi. Lakin Ermənistanın ölkəmizə qarşı düşmən əməlləri tam fiaskoya uğradı. Fransanın BMT Təhlükəsizlik Şurasının sədri olmasına baxmayaraq, o, Laçın dəhlizindəki vəziyyətlə bağlı farisey bəyanatının BMT Təhlükəsizlik Şurası üzvlərinin dəstəklənməsində tam hərəkətsizliyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin səyləri nəticəsində mətndən "Dağlıq Qarabağ" ifadəsi məntiqli və ədalətli olaraq çıxarıldı, sonra isə humanitar yardımın yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında göstərilməsi haqqında müddəa əlavə olundu. Beləliklə, sözügedən sənədin bütün subyektiv anti-Azərbaycan mahiyyəti sözün əsl mənasında zərərsizləşdirildi və bundan sonra rəsmi Paris sənəddən imtina edərək məcbur geri çəkildi. Fransanın bu təşəbbüsünə Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Albaniya qarşı çıxdı.

Bu kontekstdə, Paşinyanın və onun arxasında dayanan daxili və xarici siyasi qüvvələrin Zəngəzur dəhlizindən sərbəst keçidi təmin etmək öhdəliklərinin yerinə yetirilməsini mümkün qədər ləngitməyə yönəlmiş taktikası tam olaraq əsasını tapmaqdadır. Ermənistan bu məsələdə Fransa kimi havadarlarının  dəstəyinə arxalanaraq Naxçıvan Muxtar Respublikasını və Türkiyəni Azərbaycanın materik hissəsindən ayıran geosiyasi toqquşmaların səbəbkarı olmaqda davam edir. Hələ 1921-1924-cü illərdə Azərbaycan və Ermənistanın dövlət-ərazi kompleksinin formalaşdırılması zamanı Sovet hakimiyyətinin Azərbaycanla onun eksklavı olan Naxçıvan və Türkiyə arasındakı qədim türk arealına ayırıcı ərazi zolağının qorunub saxlanmasına yönəldilmiş bu ənənəvi siyasəti müasir Ermənistan da dəstəkləyir.

Lakin yüz il bundan öncəki siyasi vəziyyətin qorunub saxlanması üçün şərtlər bu gün öz mahiyyətini çoxdan itirib. Əsas müttəfiqimiz olan qardaş Türkiyənin hərbi-texniki qüdrəti və yüksək beynəlxalq nüfuzu, 22 fevral 2022-ci il tarixində Azərbaycanla Müttəfiqlik Münasibətləri haqqında Bəyannamə imzalayan Rusiyanın neytrallığı, Silahlı Qüvvələrimizin yüksək peşəkarlıq səviyyəsi, ölkəmizin artmaqda olan iqtisadi və sənaye potensialı, dünyada möhkəmlənən mövqeyi Azərbaycan dövlətçiliyinin hərtərəfli inkişaf prosesinin dönməzliyinin təminatı olmaqla yanaşı, onun ərazi bütövlüyünə yönələn hər cür qəsdin qarşısını almağa qadirdir.

Dünya ermənilərinin himayədarları  "dənizdən-dənizə böyük Ermənistan" ideyasını nə qədər gerçəkləşdirməyə çalışsalar da, tarix elminin özü bu səpkili istənilən daqerreotipləri təkzib edir.

Qərbi Azərbaycan torpaqlarına dərindən tarixi ekskurs etmədən də, təkzibolunmaz faktlar göz qabağındadır. Herodotun verdiyi məlumata görə, Cənubi Qafqaz ərazisində heç vaxt erməni dövləti mövcud olmamışdır və erməni adlanan xalq olaraq isə eramızdan əvvəl XII əsrdə Trakyadan Kiçik Asiyaya köçüb gəlmiş, dilçi alimlər İ.Dunayevanın və V.Neroznakın fikrincə, türk mənşəli yerli avtoxton het xalqı ilə yaşamışdır. Köçürülən ermənilərin indiki erməni etnosu  ilə olduqca ötəri əlaqələri olmuşdur.

Yeri gəlmişkən, rus arxeoloqu M.V.Nikolski hələ 1893-cü ildə Göyçə gölünün sahillərində qədim yazıları tədqiq edərkən, Gölkənd (ermənicə adı Zovinar) kəndi yaxınlığında eramızdan əvvəl VIII əsrə aid yazılar tapmışdır. Daş üzərində tapılan yazıda xəbər verilirdi ki, Urartu çarı I Rusa (e.ə. 730-714) ölkələri, o cümlədən İrəvan adlı yeri fəth edir. Buradan belə nəticəyə gəlmək olar ki, Urartu çarının fəth etdiyi ərazidə qədim türklər yaşamışlar.

Ümumiyyətlə, 1747-1828-ci illərdə 49 hökmdarın başçılıq etdiyi İrəvan xanlığı Azərbaycan dövlətçiliyinin bütün tarixi monolitinin quruculuq və əzəmət nümunəsini təcəssüm etdirmişdir. İrəvan xanlığı, Qərbi Azərbaycan ərazilərini Ağrıdağ (Ararat) düzündən Göyçə gölü hövzəsinə və Araz (Araks) çayından qərbə qədər olmaqla 15 rayonu əhatə etmişdir. Xanlıqda aydın inzibati idarəetmə sistemi mövcud idi və burada xalçaçılıq, ticarət, əkinçilik, bağçılıq, tərəvəzçilik, maldarlıqla məşğul olan etnik Azərbaycan türkləri yaşamışlar.

İrəvan xanlığının ərazisi Rusiya imperiyası tərəfindən istila olunduqdan sonra Türkiyə və İrandan köçürülən ermənilərin hesabına keçmiş xanlığın əhalisinin sayının süni şəkildə artırılması nəticəsində demoqrafik vəziyyətdə ciddi dəyişikliklər baş verdi. Əgər 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarında yaradılmış Erməni vilayətində 1832-ci ildə cəmi 81.610 erməni yaşayırdısa və onlardan 50.000-dən çoxu (!) 1828-1829-cu illərdə buraya köçürülmüşdürsə, artıq 1873-cü ildə adı Erivan quberniyasına dəyişdirilmiş bu vilayətdə   221.191 erməni var idi. Beləliklə, qırx il ərzində buradakı ermənilərin sayı təxminən üç dəfə artmışdır. Birmənalı olaraq təbii artım yolu ilə onların çoxalması mümkün deyildi. Belə bir mənzərəni yalnız kütləvi, yəni heç bir halda gizlədilməsi mümkün olmayan köçürmə prosesi yarada bilərdi.

Məlum olduğu kimi, 1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları yarandı. O dövrün müsəlman Şərqində ilk dəfə olaraq respublika dövlət quruluşu və demokratik idarəetmə ilə Azərbaycan dövlətçiliyi formalaşdı. Müsəlman (Azərbaycan) Milli Şurası 29 may 1918-ci ildə, yəni AXC-nin elan edilməsindən cəmi bir gün sonra İrəvana dövlət paytaxtı statusu vermək üçün onun yeni elan edilmiş Ermənistan Respublikasına verilməsi barədə qərar qəbul etdi.

Fətəli Xan Xoyski bu hadisəni belə qiymətləndirmişdi: "…Ermənistan Federasiyasının yaranması üçün onlara siyasi mərkəz lazımdır, İsgəndəriyyə şəhərinin Türkiyəyə biləşdirilməsindən sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər və buna görə də İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür".

1918-ci ilin qanlı mart hadisələri zamanı Azərbaycan xalqına qarşı Şaumyanın bolşevik qruplaşması ilə birlikdə erməni quldur dəstələrinin  vandalizm və soyqırımı aktından cəmi iki ay sonra Ermənistan paytaxtının taleyinə münasibətdə bu cür "həssas qayğıkeşlik" yumşaq dillə desək, təəccüb doğurur.  

Prezident İlham Əliyev 2020-ci il 3 iyun tarixində Tərtər Olimpiya İdman Kompleksinin açılışında bir qrup idmançı ilə görüşündə dövlət maraqları və milli maraqlar baxımından bu qeyri-qanuni, mahiyyət etibarı ilə məntiqsiz altruist qərara öz aydın və ədalətli fikrini bildirmişdir: "Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti nə üçün qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qərar qəbul edilib ki, İrəvan  Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin". Cənab Prezident bunu 24 dekabr 2022-ci ildə də deyib və qeyd edib ki, əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi.

AXC rəhbərlərinin bu cür "güzəştkarlığı" Azərbaycan ordusunun uğurlu müqavimətinə baxmayaraq, 1920-ci il aprelin əvvəlində Zəngəzurun daşnak Ermənistan tərəfindən işğalı, habelə bu ərazinin Kreml rəhbərliyindəki erməni lobbisinin köməyi ilə Sovet Ermənistanı tərəfindən ilhaqı ilə nəticələndi.  Sözügedən ərazinin ilhaqı Rusiya Kommunist Partiyasının (bolşeviklərin)   Mərkəzi Komitəsinin Qafqaz bürosunun 3 iyun 1921-ci il tarixli qərarına əsaslanırdı. Bunun ardınca Qafqaz səbhəsi qərargahının Zəngəzurun Njdenin quldur dəstələrindən tamamilə azad edilməsi, qərbi və ya yuxarı Zəngəzurun Ermənistana tam birləşdirilməsi barədə 16 iyul 1921-ci  il tarixli bildirişi, habelə bolşeviklərin (Rusiya Kommunist Partiyasının  Mərkəzi Komitəsinin Siyasi Bürosu) və Təşkilati Büronun daha əvvəl bolşevik mərkəzinin təzyiqi ilə qəbul etdikləri 30 noyabr tarixli qərarları və RSFSR ilə Ermənistan SSR arasında bağlanmış 2 dekabr 1920-ci il tarixli müqavilənin 3-cü maddəsində təsbit olunmuş Zəngəzur və Naxçıvanın Sovet Ermənistanına verilməsi haqqında Bakı Sovetinin 1 dekabr 1920-ci il tarixli Bəyannaməsi açıqlanmışdı.

Azərbaycanın İrəvanı Ermənistana verməsi müqabilində Ermənistanın növbəti "minnətdarlıq" aktı azərbaycanlıların 1948-1953-cü illərdə indiki Ermənistan ərazisində yaşadıqları əzəli tarixi torpaqlarından kütləvi şəkildə deportasiyası və onların 1956, 1960, 1968-ci illərdə Qarabağ və Naxçıvana ekspansionist cəhdlərinin sonrakı mərhələləri oldu. 1988-1989-cu illər azərbaycanlıların Qərbi Azərbaycan ərazisindəki öz doğma yurdlarından tamamilə deportasiyası ilə başa çatan son mərhələ idi. "Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən o vaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi", - deyə Azərbaycan Prezidenti İlham Əliyev böyük acı ilə qeyd etdi.

Əzəli Azərbaycan torpaqlarına köçürülmələrindən etibarən ermənilər Azərbaycan xalqının mədəni, mənəvi və memarlıq irsinə qarşı vandalizm siyasəti həyata keçiriblər. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var". Azərbaycan mədəniyyətinə və müsəlmanlara aid dini abidələrin, azərbaycanlıların məzar daşlarının yerlə-yeksan edilməsi, müasir Ermənistan ərazisində Azərbaycan türk toponimlərinin tamamilə dəyişdirilməsi faktları erməni vandalizminin bariz sübutudur.

Əgər 1869-cu ildə təkcə İrəvan qəzası ərazisində (İrəvan quberniyasını təşkil edən 7 qəzadan biri) 60 məscid var idisə, XX əsrin əvvəllərində mütəxəssis B.Y.Mehrabovun tərtib etdiyi dövlət və ictimai binaların siyahısına əsasən cəmi 9 məscid qalmışdı: Təpəbaşı məscidi, Şaqar məscidi, Sərtib, Hacı Hüseynəli xanın Göy məscidi, Hacı Novruzəli bəy məscidi, Qala məscidi, Dəmirbulaq məscidi və Hacı Cəfər məscidi. Əldə olan məlumatlara görə indi Qərbi Azərbaycan ərazisində yalnız bir Göy məscid qalıb.

Hələ 2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Ermənistandakı Azərbaycan qəbiristanlıqlarının vəziyyətini araşdıraraq onların acınacaqlı vəziyyətdə olduğu qənaətinə gəlmiş və bərpası üçün qrant ayrılması barədə qərar qəbul etmişdir.

Ermənistandan bütün azərbaycanlılar qovulduqdan sonra bu respublikanın 16 rayonunda 90 kənd və rayon adı dəyişdirilib ki, bunların da 95%-i türk toponimləri olub.

Əlahiddə Qafqaz Korpusunun Baş Qərargahının rus hərbi topoqrafları tərəfindən 1847-ci ildə tərtib edilmiş Qafqaz diyarının xəritəsində müasir Ermənistan ərazisində demək olar ki, bütün coğrafi adların Azərbaycan mənşəli olması təsdiqlənir. Ermənistanda 704 yaşayış məntəqəsinin, 112 hidronimin (çaylar, göllər, digər su hövzələri) adları dəyişdirilib.

Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı nəticəsində xalqımızın tarixində təxminən otuz illik qaranlıq bir dövr məlum olduğu kimi, 2020-ci ilin noyabrında düşmənin işğalçı korpusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatdı. Bu böyük Zəfər Azərbaycan dövlətinin həm hərbi-texniki, həm də iqtisadi qüdrətini, mübarizəsinin ədalətinə inamını itirməyən və heç bir halda, hətta ən ekstremal şəraitdə qalib gələcəyinə şübhə etməyən Azərbaycan xalqının mənəvi-psixoloji üstünlüyünü nümayiş etdirdi. Biz artıq tam Qələbə çaldıq! Buna, Azərbaycan xalqının Ümummilli Lideri, onun müasir dövlətçiliyinin əsl banisi, Heydər Əliyevin və onun layiqli davamçısı, hərbi liderliyini, diplomatik qüdrətini hərtərəfli nümayiş etdirmiş Prezident İlham Əliyevin titanik səyləri nəticəsində nail olunmuşdur.

Azərbaycanın və onun dahi liderinin dünya miqyasında misli görünməmiş dərəcədə artan nüfuzu, xalqımızın öz quruculuq və müdafiə gücünə inamı ona öz tarixi torpaqlarına qayıtmaq, eləcə də qonşu dövlətlərin xalqları ilə əməkdaşlıq və sülh şəraitində yanaşı yaşamaq kimi sülhsevər niyyətini bütün dünya ictimaiyyətinə açıq şəkildə xatırlatmağa imkan verir.

Çünki Volterin təbirincə, Vətən ruhumuzun əsir olduğu yerdir, Qərbi Azərbaycan xalqının ruhu isə daim öz Vətəninin əsiridir. Bu ruh daim ona doğma, əziz olan yerə can atır.

Lətifə MƏMMƏDOVA,

Yasamal Rayon Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin direktoru,

tarix üzrə fəlsəfə doktoru.