Vətəndaşlara əlillik dərəcəsinin təyin olunması ilə bağlı yalan vəd verərək pul alan şəxslər barəsində cinayət işi başlanıb
Digər xəbərlər

Vətəndaşlara əlillik dərəcəsinin təyin olunması ilə bağlı yalan vəd verərək pul alan şəxslər barəsində cinayət işi başlanıb

Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində işləyən Balaş Təhməzovun və Şirvan şəhər sakini Adil Zərbiyevin qanunsuz hərəkətləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Şirvan şəhər sakini Adil Zərbiyevin Sabirabad rayon və Şirvan şəhər sakinlərinin bir qrupuna guya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən tanışları vasitəsilə əlillik dərəcəsi təyin etdirəcəyi barədə vəd verərək 2019-cu ilin sonlarında onlara məxsus ümumilikdə 9500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə və sonuncuları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

Həmçinin o, Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində çalışan Balaş Təhməzov ilə cinayət əlaqəsinə girərək əlillik dərəcəsi təyin olunması ilə bağlı onlara müraciət etmiş şəxslərə guya yüksək vəzifəli tanışlarının köməyi ilə müxtəlif səhiyyə müəssisələrində stasionar müalicə almalarına dair saxta xəstəlik tarixçələri əldə edərək təqdim edəcəklərini və dayandırılmış əlillik dərəcələrinin bərpasına kömək göstərəcəklərini vəd edərək ayrı-ayrı vətəndaşlardan ümumilikdə 6 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Adil Zərbiyevə və Balaş Təhməzova Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq), 178.2.2-ci (təkrar dələduzluq), 32.4,312.2-ci (rüşvət verməyə təhrik etmə) 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İş üzrə tam, hərtərəfli və obyektiv istintaqın aparılması təmin olunacaq.

AZƏRTAC