Tovuz döyüşlərindən üç il ötür
Digər xəbərlər

Tovuz döyüşlərindən üç il ötür

Doğma yurdumuz Azərbaycan əsrlər boyu bir çox müharibələrə cəlb olunub. Qəhrəmanlığı, cəsarəti ilə seçilən azərbaycanlı gənclərin adları isə dillərə dastandır. Doğrudur, heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur. Bu baxımdan qəhrəmanlarımız illərdir tarix yazmağa davam edir. Üç il bundan əvvəl, elə bu günlərdə Hayastan yenə öz hiyləgərliyindən əl çəkməyib, Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstərib. Xoşbəxtlikdən rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində hər hansı ərazi itkisinə yol verilməyib. İyulun 13-nə keçən gecədə düşmən tərəf öz çirkin əməllərindən əl çəkməyərək iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam kəndinə minaatanlardan yenidən atəş açıb. Nəticədə ordumuz öz gücünü bir daha sübut edərək, düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bölmələrimizin endirdiyi sarsıdıcı zərbələr nəticəsində düşmən xeyli itki verib. Elə həmin gün ölkə başçımızın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Ordumuz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə cəza tədbirləri görüb. Təsadüfi deyil ki, Ermənistan tərəfi itkiləri barədə məlumatları gizlədib.

Riyakar düşmən etdiyi əməldən dərs almayaraq, iyulun 13-ü yenidən sərhəd bölgəsinə hücum cəhdi göstərib. Hayastan Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatan və toplarla atəşə tutub. Ermənistanın bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirilib. Düşmənin bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

İki gün fasilələrlə hərbi hissələrimizə və bölgələrimizə hücum edən Ermənistan ordusu əsla dayanmaq niyyətində olmayıb, qarşı tərəfə daha çox ziyan vurmaq məqsədilə dayanmadan silaha sarılıb, mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Şübhəsiz ki, hər dəfə layiqli formada cəzasını alan erməni qoşunları daha da qəzəblənərək iyulun 14-ü yenidən Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Xalqımız bu dəfə də rəşadətli Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyevi əbədi itirib.

Tovuz döyüşləri öz növbəsində mühüm əhəmiyyət kəsb edib. Həmin bir həftə ərzində xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən ordumuzla milli həmrəylik nümayiş edirdi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edib, Azərbaycan Ordusuna sonsuz dəstəyini göstərib. Növbəti günlərdə gənclərimiz ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Buna əsasən, Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa çağırış edib: "Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram". Bundan sonra minlərlə vətəndaşımız könüllü orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.

İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Qarşı tərəf elə yerindəcə cavab atəşi ilə susdurulub. Növbəti gün Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edib.

Bir sözlə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb. Düşmən tərəfin isə 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikası sıradan çıxarılıb.

Bundan çox qısa zaman sonra Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlər, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Döyüşdə Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyü də açıq şəkildə ortaya çıxdı. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvünün ölkəmizin haqlı mövqeyini dəstəkləməsindən sonra Türkiyə, Pakistan, Ukrayna və hətta İtaliya kimi bəzi Avropa ölkələri Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər, eyni zamanda ölkəmizə hər cür dəstək verə biləcəklərini bildirdilər. Prezident İlham Əliyev çıxışlarının birində deyib: "Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm, Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil".

Tovuz döyüşləri şanlı qələbəmizə gedən yolda körpü rolunu oynayıb. Nəticədə bundan iki ay sonra Rəşadətli Azərbaycan Ordusunun gücü və Ali Baş Komandanın siyasəti nəticəsində doğma torpaqlarımız 44 günə azad edilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".