Vətəndaşı qanunsuz azadlıqdan məhrum edən şəxslər barəsində cinayət işinin istintaqı tamamlanıb
Digər xəbərlər

Vətəndaşı qanunsuz azadlıqdan məhrum edən şəxslər barəsində cinayət işinin istintaqı tamamlanıb

Vətəndaşı qanunsuz azadlıqdan məhrum edərək əmlak tələb etmiş şəxslər barəsində Baş prokurorluğun İstintaq idarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaqla Hüseynov Rafiq Əli oğlunun tanışı Mehdiyev Anar Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Seyidov Mirəkbər Heydər oğlundan hədə-qorxu yolu ilə əmlak tələb etmək məqsədilə sonuncunun övladı Mirhəsən Seyidovu iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etdiyi müəyyənləşdirilib.

Müəyyən edilib ki, Rafiq Hüseynov daha sonra dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Mirhəsən Seyidovun əlləri və ayaqları bağlı fotoşəklini Mirəkbər Seyidovun mobil telefon nömrəsinə göndərib, həmin dövrün məzənnəsi ilə 850 min manata bərabər 500 min ABŞ dolları məbləğində pul tələb ediblər.

Buna görə də, Hüseynov Rafiq Əli oğlu və Mehdiyev Anar Kamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AZƏRTAC