Uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsası qoyuldu
Siyasət

Uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsası qoyuldu

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında perspektivlər müəyyənləşdirildi

Fevral ayının 3-də Azərbaycan doqquzuncu dəfə ölkə başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına evsahibliyi etdi. Toplantıda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Şuranın hər bir iclasında ənənəvi olaraq əməkdaşlıq sahələri, gələcək planlar və perspektivlər barədə müzakirələrin aparıldığını və bu istiqamətdə müəyyən nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıraraq budəfəki görüşdə də bir çox məsələlərin, görülən işlərin nəzərdən keçiriləcəyini və gələcək planların müəyyənləşdiriləcəyini bildirmişdir: "Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi, enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir".

Dövlət başçımız Azərbaycanın hər zaman beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olduğunu vurğulayaraq Cənub Qaz Dəhlizinin iki il bundan əvvəl açıldığını və artıq TANAP və TAP layihələrinin genişləndirilməsi istiqamətində danışıqların aparıldığını bildirmişdir. Enerji təchizatının şaxələndirilməsinin vacibliyini deyən Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizində iştirak edən tərəfdaş ölkələrin sayının artdığını, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya ilə yanaşı, Rumıniya, Moldova və Macarıstanın da heyətə qoşulduğunu qeyd etmiş və bunu siyasi məsələlərlə paralel olaraq, həm də yüksək səviyyədə qarşılıqlı etimadın mövcudluğu ilə əlaqələndirmişdir. Belə ki, ötən il dekabr ayının 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması müstəqil daxili və xarici siyasət yürüdən, təbii resursları hesabına iqtisadiyyatı dinamik surətdə inkişaf edən ölkəmizin yaxın gələcəkdə Avropa qitəsinin elektrik enerjisi, eyni zamanda yaşıl enerji təchizatçısına çevriləcəyinin göstəricisidir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən bu layihə ölkələr arasında təbii qaz, elektrik enerjisi sektorunda əməkdaşlıq üçün yeni imkanlar yaradır.

 Azərbaycanın dövlət başçısı iştirakçı ölkələrdən başqa bu prosesdə, həmçinin bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkət olan SOCAR və BP-nin, eyni zamanda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi aparıcı maliyyə qurumlarının da iştirak etdiyini vurğulamışdır. Cənub Qaz Dəhlizində iştirak edən ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə, Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi nəticəsində bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edən enerji dialoqunun həyata keçirildiyi bir daha toplantı iştirakçılarının diqqətinə çatdırılmışdır.

Ötən il Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumun gələcək planların həyata keçirilməsində aydın yol xəritəsi olduğunu deyən dövlət başçımız zəngin təbii ehtiyatlara sahib olan ölkəmizdə 2027-ci ildə Avropaya qaz ixracının iki dəfə artırılmasının planlaşdırıldığına da diqqət çəkmişdir.

2022-ci ilin dekabr ayında enerji təhlükəsizliyi sahəsində həyata keçirilən mühüm işlərdən bəhs edən Prezident Azərbaycan və Rumıniya arasında qaz təchizatı haqqında, həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində sazişlərin imzalandığını bildirmişdir. Bütün bu görülən işlərin enerji təhlükəsizliyi sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasında əhəmiyyətini vurğulayan İlham Əliyev Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasının keçiriləcəyini və bu heyətin tərkibində 4 ölkənin olmasına baxmayaraq, bu sayın artma potensialının çox yüksək olduğunu və yalnız hökumətlərin deyil, gələcəkdə şirkətlərin də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklərinə əminliyini ifadə etmişdir. Cənub Qaz Dəhlizində səmərəli əməkdaşlığın bərpaolunan enerji sahəsində də davam etdiriləcəyinə ümid olduğunu bildirən Azərbaycan Prezidenti Yaşıl Enerji Məşvərət Şurasının ilk iclasında konseptual məsələlərin həll edilməsinin, bu aspektdə iştirakçı ölkələrin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək demişdir: "... Sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır: öz fəaliyyətimizi necə quracağıq, hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, - bu, şirkətlərdən ibarət konsorsiummu olacaq, yoxsa hər bir iştirakçı dövlət öz suveren ərazisində üzərinə düşən işi özü yerinə yetirəcək? Bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur". Ölkə başçısı bu məsələnin yalnız Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlı olduğunu da nəzərə çatdırmışdır.

 Çıxışında bərpaolunan enerji sahəsinə toxunan Azərbaycan Prezidenti bu istiqamətdə üç əsas enerji şirkəti arasında memorandum imzalandığını bildirmiş, ölkəmizdə həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəyini və bu həcmin 10 qiqavatın "Masdar" şirkəti, 12 qiqavatın "Fortescue" şirkəti tərəfindən istehsal olunacağını vurğulamışdır. "ACWA Power" şirkətinin isə hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəyini diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı ümumi həcmi 470 meqavat olan iki sərmayə layihəsinin həyata keçirildiyini və işlərin plan üzrə gedərsə, təxminən ilyarım müddətində ölkəmizdə 710 meqavat gücündə bərpaolunan enerji istehsal ediləcəyini və bununla ixrac məqsədləri üçün yüz milyonlarla kubmetr qaza qənaət olunacağını bildirmişdir.

 Prezident İlham Əliyev Avropa İttifaqı ilə potensial əməkdaşlıq imkanlarını daha da genişləndirmək üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinin mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli şəkildə həyata keçiriləcəyini bildirmişdir.

Avropa İttifaqı, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsasları qoyulmuş, onun gələcək perspektivləri müzakirə olunmuşdur.

Mehparə ƏLİYEVA,

"Respublika".