Üzdə
Siyasət

Üzdə "dost", arxada düşmən olan cənub qonşumuz

Ümummilli lider Heydər Əliyev ermənilərin Sədərəyə hücumuna İranın münasibət bildirməməsinin təəssüf hissi doğurduğunu və təəccübləndirdiyini qeyd etmişdir

Dərin tarixi kökləri olan İran-Azərbaycan münasibətləri əsrlər boyu mövcud olub. İki ölkə arasında elm, mədəniyyət sahəsində qurulan əlaqələr zaman-zaman inkişaf etmiş, xalqlarımız dostluq, qonşuluq şəraitində yaşamışlar. SSRİ dağılandan sonra, 1991-ci il dekabrın 25-də İran İslam Respublikası ölkəmizin müstəqilliyini tanımış, 1992-ci il mart ayının 12-də iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Xalqlarımızın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət təsir göstərmişdir. Azərbaycan həyata keçirdiyi xarici siyasətdə 35 milyon vətəndaşının yaşadığı İranla ticarət əlaqələrinin genişləndirilməsinə, əməkdaşlığın bütün sahələr üzrə şaxələndirilməsinə xüsusi yer ayırmışdır. Ötən əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yaranan münaqişə zamanı blokada vəziyyətinə düşən Naxçıvana cənub qonşumuz humanitar yardım da etmişdir. Həmçinin, müstəqilliyimizin ilk illərində çətin dövrünü yaşayan muxtar respublikada İranın, Təbrizdə isə Azərbaycanın baş konsulluqlarının açılması, İrandan Azərbaycana qaz verilməsi, İran ərazisindən keçərək Naxçıvana gediş-gəlişin təmin edilməsi barədə razılaşmalar da əldə olunmuşdur. 90-cı illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin gərgin əməyi, cənub qonşumuzla yüksək səviyyədə həyata keçirilən diplomatik fəaliyyət nəticəsində Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən yaradılan nəqliyyat, enerji blokadası aradan götürülmüşdür.

Bütün bunlar isə Azərbaycanla münasibətlərini sağlam təməllər üzərində qurmayan, dostluq pərdəsi altında ölkəmizə qarşı məkrli siyasət həyata keçirən cənub qonşumuzun saxta görüntü yaratmasına xidmət etmişdir. İkitərəfli münasibətlərini açıq şəkildə bəyan etməsə də, İranın riyakar xisləti hər zaman bu və ya digər formada özünü göstərmişdir. Belə ki, sovet ittifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan böhranlı günlərini yaşayırdı. Ulu öndər Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması nəticəsində əsrlər boyu torpaqlarımızda gözü olan ermənilərin baş qaldırması, eyni zamanda daxildə hakimiyyət uğrunda gedən mübarizələr ölkəni uçuruma sürükləyirdi. Paytaxtla bütün əlaqələri kəsilmiş Naxçıvan 90-cı illərdə mürəkkəb və gərgin dövrünü yaşayırdı. Bakıda hökm sürən qeyri-sabitlikdən, qarşıdurmalardan istifadə edən ermənilər həmin vaxt muxtar respublikanın sərhəd kəndlərinə hücumlar etmiş, məntəqələri ələ keçirməyə cəhd göstərmiş, təcavüz nəticəsində Sədərək kəndi ciddi dağıntılara məruz qalmışdı. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev bir çox xarici dövlətlərin başçılarına, beynəlxalq qurumlara, dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın Naxçıvana hərbi təcavüzü barədə məlumat vermiş, bir neçə gün ərzində davam edən hücumlar nəticəsində hərbçilər və dinc əhali arasında çoxlu sayda ölən və yaralananların olduğunu bildirmiş, ermənilərin hücumlarının qarşısının alınmasını müvafiq instansiyalardan tələb etmişdi. Ulu öndərin müraciətinə ilk olaraq Türkiyə Respublikası reaksiya vermiş, qardaş ölkənin birmənalı mövqeyi sayəsində Ermənistanın silahlı təcavüzünün qarşısı alınmışdır. Baş nazir Süleyman Dəmirəlin sədrliyi ilə Türkiyənin Nazirlər Kabinetinin keçirdiyi iclasda isə Ermənistanın Naxçıvana təcavüzü ilə bağlı bəyanat verilmişdir.

Müdrik siyasətçi, ümummilli lider Heydər Əliyevin dünya birliyinə müraciətindən sonra 57 dövlət Ermənistanın təcavüzkarlığını pisləmiş, NATO bu barədə xüsusi bəyanat yaymış, xarici jurnalistlər, informasiya agentliklərinin nümayəndələri Naxçıvana gələrək döyüş bölgəsinə, Sədərəyə baş çəkmiş, Naxçıvan hadisələrini bütün dünyaya çatdırmışlar. Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həlak olmuş naxçıvanlıların cəsədləri ermənilərdən alınmışdır. Ulu öndərin düşünülmüş siyasəti sayəsində ermənilərin Naxçıvanda törətdikləri silahlı hücumların qarşısı alınmaqla bərabər, eyni zamanda Ermənistanın təcavüzkar əməli qətiyyətlə pislənmişdir.

Naxçıvana ən yaxın məsafədə yerləşən cənub qonşumuz İran isə o vaxt bu hadisələrə heç bir münasibət bildirməmişdir. Bu barədə ümummilli lider Heydər Əliyev 1990-cı illərin əvvələrində ermənilərin Sədərəyə hücumu ilə əlaqədar Naxçıvan televiziyasının canlı yayımında əhaliyə müraciətində demişdir: "...İndiyə qədər artıq 57 dövlət rəsmi surətdə Ermənistan Respublikasının Naxçıvana hərbi hücumunu pisləyib və çox ciddi bəyanatlar, çox ciddi protestlər verilib. Bu sırada bizim qonşumuz müsəlman, İslam dövləti İran İslam Respublikasının mövqeyi ciddi surətdə bildirilməyib. Bu gün televiziya ilə çıxış edərək mən üzümü İranda olan din qardaşımız, qan qardaşımız müsəlmanlara, bizim həmsərhəd vilayətlərdə olan dostlarımıza və İran hökumətinin rəhbərlərinə tutaraq demək istəyirəm ki, bu beş gündə Naxçıvanda, İranın lap yaxınlığında olan bu müharibəyə bu qədər biganə qalmaq şübhəsiz, çox təəssüf doğurur və təəccübləndirir".

Bütün bunlar deməyə əsas verir ki, ölkəmizin müstəqilliyini bərpa etməsi bizə "dost" olan İranın ürəyincə olmamışdır. Belə ki, o illərdə baş verən Sədərək hadisələrinə mövqeyini bildirməməsi, düşmənin təcavüzkarlığına göz yumması bunun əyani sübutudur. Bu, həm də onu göstərir ki, Ermənistanla qardaşlıq münasibətlərinin, dostluq əlaqələrinin təməli uzun illər öncə qoyulmuş, 90-cı illərin sonunda Naxçıvana humanitar yardım göstərməklə dost cildinə girən saxtakar qonşumuz İrana hərbi yardımlar edərək düşmənimizi silahlandırmış, ölkəmizə qarşı ərazi iddialarını həyata keçirməsinə dəstək vermişdir. Lakin üzdə "dost", arxada düşmən olan "islam" ölkəsi təəssübkeşliyi ilə ermənilərin yarasına məlhəm qoya, arzularının gerçəkləşməsinə kömək edə bilmədi. Nəinki İran, eləcə də Fransa, Hindistan kimi dostları da Ermənistanın dar ayaqda imdadına çatmadılar. Ermənistanın kapitulyası aktı imzalamasından sonra isə bu ermənipərəst ölkələr Azərbaycana olan düşmənçilik münasibətlərini gizlətməyərək açıq-aşkar ölkəmizə qarşı əks mövqedə dayandılar. Elə bu səbəbdəndir ki, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən İran Ermənistan sərhədini özünün qırmızı xətti elan edir, İrəvanda konsulluq açaraq diplomatik əlaqələrini gücləndirir. Lakin bütün bunlar işğal altında olan torpaqlarını cəmi 44 gün ərzində azad edən, Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz rol oynayan, dünyamiqyaslı, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüsçüsü və icraçısı olan, bütün bunlarla regionda yeni ab-hava yaradan Azərbaycana heç bir təhdid yarada bilməz. Bunu cənub qonşumuzun özü də yaxşı bilir.

Mehparə ƏLİYEVA,

"Respublika".