Ümummilli Liderin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir
Siyasət

Ümummilli Liderin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir

Dahi şəxsiyyət Heydər Əliyevin "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!" fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyevin 2021-ci ildə Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında səsləndirdiyi bu çağırışı yada salmaq istərdik: "O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi". Qeyd etdiyimiz hər iki çağırış ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərinin aydın mənzərəsini yaradır. Ümummilli liderin adı çəkiləndə ilk olaraq xilaskarlıq missiyası göz önünə gəlir. Əbəs yerə deyilmir ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsər illər keçdikcə möhtəşəm uğurlarla daha da zənginləşir. Artıq bu gün Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək uğurlarından danışırıq.

Bu il dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd ediləcək. Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi, həmçinin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəanı özündə əks etdirən "Heydər Əliyev İli" ilə bağlı Tədbirlər Planının təsdiqləməsi ümummilli liderin fəaliyyətinin çoxşaxəliliyinə işıq salır. Hər günümüzün uğurları Heydər Əliyev siyasətinin təntənəsidir. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü, eyni zamanda fəaliyyətinin Naxçıvan mərhələsi dövlətə, xalqa xidmət nümunəsidir. Ümummilli lider hər kəsə Vətəni sevməyi öyrətdi. Onun "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" çağırışı harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının həyat amalına çevrildi. Ümummilli liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində atdığı addımların davamlılığını görərik. Onun hakimiyyətinin birinci dövründə gördüyü işlər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı fəaliyyətinin əsasını təşkil etdi. O illərdə atdığı addımlar, qəbul etdiyi qərarlar milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır. Məhz bu reallıqlara söykənərək belə bir fikri böyük inamla qeyd edirik ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən - ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlamışdır. Azərbaycançılığın ən parlaq səhifələri elə həmin illərdən yazılmışdır. Həmin dövrün təkcə bir mühüm reallığını qeyd etmək kifayətdir. Dahi şəxsiyyət gələcəyin müstəqil Azərbaycanını düşünərək milli məfkurənin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi məqsədilə böyük səylər göstərdi. Belə ki, Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, keçmiş ittifaq respublikalarında Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi. Bütün bunlar son nəticədə həmin ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına zəmin yaradırdı. Ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi siyasətin, fəaliyyətinin əsasında dayanan mühüm məqsədlərdən biri Azərbaycan dilinin diqqət mərkəzində olması idi. Onun bu istiqamətdə göstərdiyi səylərin nəticəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu.

Ulu öndər Heydər Əliyevin həmin illərdə Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini, həmçinin hərbi kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasını qeyd etməliyik.

Ümummilli lider hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqinin təmin edilməsinin prioritetliyini də gördüyü işlərin əsas xətti kimi diqqətdə saxlamışdı. Dövlət başçısı İlham Əliyevin "Heydər Əliyev İli" ilə bağlı imzaladığı Sərəncamda da bu reallıq xüsusi qeyd edilir ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ulu öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Bu fikri böyük qürurla qeyd edirik ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycan keçmiş ittifaqda ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi ilə o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir müstəqil Azərbaycana xidmət edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dahi şəxsiyyətin fəaliyyəti gələcəyə hesablanmışdır.

Azərbaycan zamanın hökmü ilə 1991-ci il 18 oktyabr tarixində yenidən müstəqilliyini bərpa etdi. Amma müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, ən əsası öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı böyük faciələrlə üz-üzə qoydu. Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Xalq belə bir çətin məqamda yenə də üzünü öz xilaskarına - ulu öndər Heydər Əliyevə tutdu. Hər zaman xalqının yanında olan, dövlətini, xalqını, Vətənini canından artıq sevən ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmaqla bugünkü inkişafın təməlini qoydu. Dahi şəxsiyyət xilaskarlıq missiyasını yüksək səviyyədə yerinə yetirərək Azərbaycanın müstəqilliyinin daimiliyini və dönməzliyini təmin etdi. Ümummilli liderin adı çoxəsrlik tariximizə müstəqilliyimizin xilaskarı kimi yazıldı. Azərbaycanın zəngin tarixinin Heydər Əliyev dövrünü hər zaman vərəqləməklə yanaşı, bu günümüz, gələcəyimiz üçün ulu öndərə borclu olduğumuzu indiki və gələcək nəsillərə əsaslı şəkildə çatdırmalıyıq. Dahi şəxsiyyətin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yenidən qurulan müasir müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanətidir.

Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan ümummilli lider düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.

Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasın. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirərək Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirən ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan "Əsrin müqaviləsi"nin uğurları bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Ümummilli lider bu çağırışı etdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi, yeni dostlar, tərəfdaşlar qazandırdı. Bu sazişin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan etibarlı tərəfdaş kimi nüfuzunu artıraraq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində, yeni əməkdaşlıq formatlarının yaradılmasında müəllif kimi mövqeyini daha da möhkəmləndirir.

Ölkəmizin iqtisadi uğurları Azərbaycanın hər bir sahədə, xüsusilə ordu quruculuğu, xarici siyasət sahəsində davamlı uğurlarına yol açdı. Sirr deyil ki, müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızın işğalında Azərbaycanın digər sahələr kimi, ordu quruculuğu sahəsində də uğursuzluqları xüsusi rol oynadı. Silahlı Qüvvələrimiz torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində nizami ordu formalaşdı, illər keçdikcə maddi-texniki bazası daha da möhkəmləndirildi. Ümummilli lider bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır.

Təbii ki, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli lider Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yardı, həqiqətlərimizi, Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Onun hər bir sahədə yaratdığı möhkəm təməl 2003-cü ildən bu günədək Prezident İlham Əliyevin uğurlu və təkmil siyasəti nəticəsində möhtəşəm uğurlara imza atmasında əhəmiyyətli rol oynayır. Məhz dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətləri sırasında 2003-cü ildə xalqa tarixi müraciətində inamın növbəti ünvanını düzgün göstərməsi xüsusi qeyd edilməlidir. Ulu öndər Heydər Əliyev həmin müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işlərin, planların məhz Onun xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıracağına əminliyini ifadə etdi. Son 20 ilə yaxın dövrün uğurları bu inamın reallıqlarda öz əksini tapdığını, xalqın seçimində yanılmadığını təsdiqləyir. Azərbaycanın bu illər ərzində qazandığı möhtəşəm uğurların zirvəsində dayanan tarixi Zəfərimiz ulu öndər Heydər Əliyevin ən böyük arzusu, amalı idi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində ərazi bütövlüyümüz təmin olundu, yeni reallıqlar yaradıldı. İki ildən artıqdır ki, azad Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımız dalğalanır. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik" fikirlərinin reallıqda əksini tapmasından hər bir azərbaycanlı qürurludur. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" söylədi. 44 gündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyimiz sayəsində necə torpaqlarımızı azad etdiksə, Böyük Qayıdış proqramının uğurlu icrasına dəstəyimizlə soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışına və bu torpaqlarda yeni həyatın başlanmasına nail olacağıq. Hər birimizin qürur mənbəyi olan müasir müstəqil, qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə inamla addımlayacaq, dünyanı heyrətləndirən uğurlara imza atacaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, ulu öndər Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb.

Əliabbas SALAHZADƏ,

Milli Məclisin deputatı.