Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin təcəssümü, qətiyyətinin bariz nümunəsi
Siyasət

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin təcəssümü, qətiyyətinin bariz nümunəsi

1991-ci il martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında "SSRİ-nin saxlanılmasına dair ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi barədə" qərar qəbul edilmişdir

övlətin möhkəmlənməsində, müstəqilliyinin qazanılmasında, xalqın mədəni yüksəlişində onun yetirdiyi böyük şəxsiyyətlər mühüm rol oynayır. Bu mənada, Azərbaycan xalqının dahi oğlu, dünyaşöhrətli, uzaqgörən, müdrik siyasətçi ümummilli lider Heydər Əliyev müasir tariximizin yaradıcısı, müstəqil Azərbaycanın banisidir. 1969-1982, 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ulu öndər xalqımızın tərəqqisi, dünyaya inteqrasiyası, sivil cəmiyyətin formalaşması üçün var qüvvəsi ilə çalışmış, canından artıq sevdiyi milləti yolunda hər bir çətinliyə fədakarlıqla sinə gərmişdir.

Heydər Əliyev 1970-ci illərdə ittifaq ölkələri arasında geridə qalmış ölkələrdən biri olan Azərbaycanın iqtisadiyyatının dirçəldilməsinə, aqrar respublikadan qabaqcıl ölkələr cərgəsinə qoşulmasına, müasir sənaye diyarına çevrilməsinə nail olmuş, təhsil, səhiyyə, mədəniyyət sahələrinə xüsusi qayğı ilə yanaşmışdır. Azərbaycan nəinki sürətli yüksəliş mərhələsinə qədəm qoymuş, həm də bu intibahın azadlıq mücadiləsinə hazırlanmış, milli yüksəliş xalqın mübarizlik ruhunu formalaşdırmış, milli özünüdərk prosesini qüvvətləndirmişdir. Bu proses Heydər Əliyev tərəfindən çox böyük uzaqgörənliklə idarə olunmuş və tənzimlənmişdir. Belə ki, Azərbaycanın intibah, yüksəliş dövrü kimi səciyyələndirilən həmin vaxtlarda Heydər Əliyev respublikanın güclü iqtisadi və sosial infrastrukturunu, bütün vacib sahələr üzrə yüksəkixtisaslı mütəxəssislər ordusunu yaratmaqla Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensialın formalaşmasını təmin etmişdir.

Heydər Əliyev qeyri-adi zəkaya, təfəkkürə, qabiliyyətə, bacarığa malik olan dahi şəxsiyyət, eyni zamanda Azərbaycan adlı nəhəng bir dövlətin memarı, onun hər qarış torpağı uğrunda canını əsirgəməyən yenilməz komandanı idi. 1982-1988-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində olarkən Heydər Əliyev ölkəmizdə səhiyyə, təhsil, sənaye əhəmiyyətli tikililərin aparılması və s. işlərə xüsusilə diqqət göstərir, dövlətin hərtərəfli inkişafına maksimum dərəcədə çalışırdı. Ən ümdəsi isə Azərbaycanın dahi oğlunun o zamanlar mərkəzi hakimiyyət orqanında nüfuz sahibi olması, qətiyyəti, geniş dünyagörüşü xalqımızın arxa-dayağı, erməni milliyətçiliyindən qoruyan böyük qüvvə idi. Təsadüfi deyil ki, mərkəzi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Azərbaycan xalqı məhv olmaq, parçalanmaq təhlükəsi ilə üzləşdi, hətta qardaş qırğınına belə sövq edildi.

80-ci illərin ikinci yarısında SSRİ rəhbərliyi özünü böhran vəziyyətindən xilas etmək, ittifaq tərkibində olan ölkələrin müstəqillik mübarizəsini boğmaq üçün hər vasitəyə əl atır, ölkələrin suverenliyinə mane olmağa çalışırdı. Təbii ki, Sovet İttifaqının mühüm coğrafi ərazisi olan Azərbaycanın müstəqilliyini istəməyən mərkəz ölkə daxilində çaxnaşmalar yaradır, xalq arasında nifaq salır, milli münaqişələri qızışdırırdı. Digər tərəfdən isə ermənilərin ölkəmizə ərazi iddialarını, Qarabağ məsələsini ortaya atırdı. Mərkəzi Komitənin birinci katibi Mixail Qorbaçov bu məsələdə ermənilərin yanında olduğunu açıq-aşkar bildirirdi. Bunun nəticəsində 1988-ci ildə "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" və s. millətçi şüarlar altında azərbaycanlıların öz tarixi ərazilərindən növbəti deportasiyası həyata keçirildi. Moskvanın və o zamankı Azərbaycan rəhbərliyinin əlbir fəaliyyəti nəticəsində 1988-1991-ci illərdə Ermənistandakı 185 azərbaycanlı kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərə qədər soydaşımız doğma torpaqlarından qovuldu. Bu isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Ermənistana verilməsi siyasətinin həyata keçirilməsinə xidmət edirdi. Öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq üçün ayağa qalxan millətin azadlıq mübarizəsinin qarşısını almaq üçün mərkəzi hakimiyyət xalqın başına hər cür müsibət gətirməyə hazır idi və bundan çəkinəcək yeri də yox idi. Artıq Azərbaycan xalqının himayədarı, onun mühafizəçisi Heydər Əliyev məqsədli şəkildə siyasi hakimiyyətdən uzaqlaşdırılmışdı.

Həmin dövrdə mərkəzi hakimiyyət Bakıda Sumqayıt ssenarisini hazırlamaqla azərbaycanlıların mübarizə əzmini qırmaq üçün münasib şərait yarada bildi. Belə ki, 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədilə fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı və Moskvanın planladığı "Bakı əməliyyatı" uğurla həyata keçirildi. Sovet ordusu yüzlərlə günahsız, dinc azərbaycanlını öldürdü, minlərlə insan yaralandı. Beləcə, 1990-cı il yanvar ayının 20-də Azərbaycan xalqı imperiyanın alçaq siyasəti nəticəsində qanlı 20 Yanvar faciəsini yaşadı. Yanvarın 21-də təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş yığıncaqda iştirak etdi və Azərbaycanda qırğın törədilməsinin birbaşa mərkəzi hakimiyyətin göstərişi ilə həyata keçirildiyini çəkinmədən, özünü, ailəsini böyük təhlükə altına qoyaraq kəskin şəkildə pislədi. Bu sərt və haqlı ittihamdan sonra sözsüz ki, Heydər Əliyevin Moskvada yaşaması mümkün deyildi. Artıq millətinin təəssübkeşi, hər zaman xalqının müdafiəçisi olan Heydər Əliyevə qarşı planlar hazırlanırdı. Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Moskvanın əlaltıları onun respublikada qalmasına hər vəchlə mane olduqlarından ulu öndər iki gün sonra doğulduğu torpağa - Naxçıvana üz tutdu.

Naxçıvanda siyasi fəaliyyətə başlayan ümummilli lider 1990-1993-cü illərdə Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm tarixi qərarları da məhz Naxçıvanda qəbul etdi. Heydər Əliyevin sədrliyi ilə keçən MR parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyasında Muxtar Respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarıldı, "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi, Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adı dəyişdirilərək "Ali Məclis" adlandırıldı, Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan MR-in bayrağı kimi qəbul edildi. Heydər Əliyev Muxtar Respublikanın Ali hakimiyyət orqanında dəyişiklik edilməsinə, üçrəngli dövlət bayrağı və digər dövlət rəmzləri haqqında qərarlar qəbul edilməsinə nail oldu. Qanlı Yanvar faciəsinə siyasi qiymət verildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.

1991-ci il fevral ayının 5-də Azərbaycan parlamentində kommunistlər SSRİ-nin saxlanmasına münasibət üzrə ümumittifaq referendumunda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul etdilər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında "SSRİ-nin saxlanılmasına dair ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi barədə" qərar qəbul edildi. Ölkədə fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq, demokratik qüvvələr "ümumxalq səsverməsini" boykot etdi, Naxçıvan MR əhalisi isə referendumda iştirak etmədi, dahi oğlu Heydər Əliyevə, onun müdrik siyasətinə, uzaqgörənliyinə arxalanan naxçıvanlılar yekdilliklə bu addımı atdılar. Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi. 1991-ci il iyulun 19-da ulu öndər Heydər Əliyev xalqını qıran, onun başına min bir müsibətlər gətirən hakimiyyətin Kommunist hakim partiyasının sıralarından çıxdı. Avqust ayının 26-da Muxtar Respublikada Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamənin qəbul edilməsi ilə Azərbaycan xalqının tarixində yeni dövr başlandı. Bütün bunlar ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin təcəssümü, qətiyyətinin bariz nümunəsi idi.

Mehparə ƏLİYEVA,

"Respublika".