Ulu öndər Şuşaya xüsusi qayğı ilə yanaşırdı
Digər xəbərlər

Ulu öndər Şuşaya xüsusi qayğı ilə yanaşırdı

Azərbaycanlılar tərəfindən salınan və uzun müddət əhalisinin mütləq əksəriyyətini Azərbaycan türklərinin təşkil etdiyi Şuşa şəhəri XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalından sonra ciddi demoqrafik dəyişikliklərlə üzləşdi. Azərbaycanın digər yaşayış məntəqələri kimi, Şuşaya da ermənilər köçürüldü. Çar hökumətinin himayəsi ilə Şuşada müvəqqəti də olsa say üstünlüyünə nail olan ermənilər şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı qanlı terror və soyqırımı təşkil edildi. Ermənilər bu əməllərini 1918-1920-ci illərdə də təkrar etməyə cəhd göstərsələr də, Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri tərəfindən onların qarşısı alındı.

Sovet hakimiyyətinin qurulması ilə Şuşanın fəlakətli günləri başladı. 1923-cü ildə DQMV-nin yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Vilayət rəhbərliyinin ögey münasibəti nəticəsində şəhər sürətlə tənəzzül etməyə başladı. Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu uçurdulub dağıdıldı. Əhalinin sayı təxminən 50 il ərzində 3 dəfədən də çox azaldı. Belə ki, 1917-ci ildə Şuşada 43869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı azalıb 13664 nəfərə enmişdi.

1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən  sonra Şuşanın yenidən dirçəlməsi mümkün oldu. Sovet dövründə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Qarabağa böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı.

Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi.

1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” Qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Şuşa ictimaiyyəti ilə keçirdiyi görüşdə Heydər Əliyev tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Həmin illərdə ümummilli lider Heydər Əliyevin Şuşaya göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Heydər Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Heydər Əliyev Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli Liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinin ifadəsi idi. Heydər Əliyev erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi.

1982-ci il iyulun 29-da Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Qeyd etmək lazımdır ki, ulu öndər Şuşaya gedərkən ailəsi ilə birlikdə elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımla ümummilli lider ziyalıları Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, Şuşaya tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.

Lakin Şuşada başlanmış bu dirçəliş uzun çəkmədi. Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində erməni silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi. İşğal prosesində və işğaldan keçən  illər ərzində Şuşanın tarixi-memarlıq abidələri erməni vandalları tərəfindən amansızcasına dağıdıldı.

Nəhayət, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhəri İkinci Qarabağ müharibəsində  2020-ci il noyabrın 8-də işğalçılardan azad edildi.

Onu da qeyd edək ki, 2020-ci il oktyabrın 16-da, 44 günlük Vətən müharibəsinin 20-ci günündə Azərbaycan Prezidenti İlham Əliyev televiziya kanalına müsahibəsində demişdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır.  Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilmişdir. Sərəncama əsasən, bu il bir sıra önəmli mədəni və dövlət əhəmiyyətli tədbirlər keçirilmiş, Şuşanın 270 illiyi dövlət səviyyəsində təmtəraqlı şəkildə qeyd olunmuşdur.

Həm Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı sərəncamlar gələcək uğurlara hesablanmış müdrik qərarlardır. İmzalanmış bu sərəncamlar Şuşanın əvvəlki statusunu və şöhrətini bərpa etməklə yanaşı, onun tarixi və əzəli Azərbaycan torpağı olduğunu, milli-mədəni və tarixi irsimizin dərin köklərə əsaslandığını bütün dünyaya nümayiş etdirmiş olacaqdır.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.