Ulu Öndər o ağır günlərdə də xalqla birlikdə idi
Siyasət

Ulu Öndər o ağır günlərdə də xalqla birlikdə idi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqını istiqlala aparan yolun başlanğıcı, birliyinin, mübarizliyinin təcəssümü oldu. O qanlı gün müstəqilliyi, azadlığı əlindən alınmış xalq istiqlaliyyəti uğrunda ölümdən belə çəkinmədi. Sovet imperiyası isə öz ordusunu dinc əhali üzərinə yeridərək tarixi boyu törətdiyi cinayətlərin sırasına ağır, insanlıq adına sığmayan daha bir cinayət də yazdı - 20 Yanvar faciəsi...

Əslində, Qanlı Yanvar faciəsinin əsası azərbaycanlıların öz tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin baş qaldırdığı vaxtda qoyulmuşdu. SSRİ rəhbəri M.Qorbaçov Azərbaycanın tarixi ərazisi olan Qarabağı Ermənistanın tərkibinə daxil etmək üçün müxtəlif yollara əl atırdı. 1989-cu ildə Moskvanın himayədarlığı ilə Ermənistan Azərbaycan Respublikasının suverenliyini kobud surətdə pozaraq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi və burada fəaliyyət göstərən bütün müəssisələr Azərbaycandan ayrılaraq Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Bununla da Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq azərbaycanlıları öz doğma torpaqlarından zorakılıqla deportasiya etdi.

Sovet hökumətinin xalqımıza qarşı bu haqsızlığına etiraz edən xalq paytaxtda və bəzi bölgələrdə yürüşlər təşkil etdi, mitinqlər keçirdi, rus imperiyasına torpaqdan pay olmadığını anlatmaq üçün ayağa qalxdı. Lakin mərkəzin bu alçaq niyyətinə qoşulan, onun çirkin əməllərinə dəstək verənlər də az deyildi. Sovet diktatoru Qorbaçovun nəyin bahasına olur-olsun həyata keçirmək istədiyi bu siyasəti o vaxt Azərbaycan Kommunist Partiyasının birinci katibi olan Əbdürrəhman Vəzirov xalqını, millətini güllə qabağına qoymaq bahasına belə xüsusi canfəşanlıqla yerinə yetirməyə hazır idi.

1990-cı il yanvar ayının 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-si saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman imzaladı. Fərmandan irəli gələn tapşırıqların həyata keçirilməsinə elə anındaca başlanıldı. İlk olaraq həmin gün - yanvarın 19-da Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarıldı. Bu da səbəbsiz deyildi: xalq heç bir yerdən informasiya almamalı, heç nədən xəbər tutmamalı idi. Xalqı baş verənlərdən bixəbər qoymaq, ona divan tutmaq, qırğın törətmək üçün qoşunlardan istifadə ediləcəyi, heç kəsə aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxtı gizli saxlamağın ən optimal variantı televiziyanın - yeganə informasiya məkanının olmaması idi. Hadisələr SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən hazırlanmış plan üzrə irəliləyirdi. Nə baş verdiyini hələ də tam ayırd edə bilməyən insanlar küçələrə axışır, yaradılan mənzərənin mahiyyətini öyrənmək istəyirdilər. Elə hazırlanmış planın əsas tərkib hissəsi də bundan ibarət idi. Küçələrə axışan insanları qırmaq, xalqın ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizəsini yerindəcə boğmaq, gözünü ölümlə qorxutmaq, onu hədələmək, yerində oturtmaq…

SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən Bakıda fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələrinin və ağır hərbi texnikanın şəhərə yeridilməsinə yanvarın 19-dan başlandı. Bu əməliyyata isə SSRİ müdafiə naziri, marşal D.Yazov şəxsən rəhbərlik edirdi.

Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Rus hərbçiləri gözyaşardıcı qazdan istifadə edir, əliyalın insanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını avtomat silahlardan atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, qoca, uşaq, qadın demədən insanları tanklarla əzib keçirdilər. Şəhərin küçələri günahsız insanların qanına qərq olmuşdu. Əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.

Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha sübut etdi. Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirov yanlış siyasəti, səhv addımları, yarıtmaz fəaliyyəti ilə xalqın qırğınına səbəb oldu. Lakin Sovet imperiyası Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməklə günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də istəyinə nail olmadı, Azərbaycan xalqının milli qürurunu qıra bilmədi. Xalqımız hər zaman olduğu kimi, çətin günündə yenə də bir olub birləşmək üçün özündə güc tapdı. O vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatı xalqımızın gücünə güc qatdı.

Həmişə xalqının çətin günündə onun yanında olan, səsinə səs verən ümummilli lider Qanlı Yanvar gecəsinin ertəsi günü özünə və ailə üzvlərinə yarana biləcək təhlükələrdən çəkinmədən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı törədilən bu bəşəri cinayəti cəsarətlə pislədi: "...Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır... Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır... Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir...".

Bəyanatında M.Qorbaçovu ittiham edən Heydər Əliyev sovet ordusunun Azərbaycandan çıxarılmasını, qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edərək Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri olan Azərbaycana mərkəzdən əlavə qoşun yeritməyə qətiyyən ehtiyac olmadığını, əgər belə bir zərurət var idisə, ölkənin hərbi hissələrindən istifadə edilməli olduğunu bildirmişdir. Ulu öndər 20 Yanvar qırğınını törədənlərin hər birinə layiqli cəza verilməsini tələb etmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktına verilən ilk siyasi qiymət idi. Az müddət sonra - 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti isə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra açıqlandı. Həmin il mart ayının 29-da parlament "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla "20 Yanvar şəhidi" fəxri adı təsis edildi və faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" fəxri adı verildi.

Məhz ulu öndər Heydər Əliyevin əzmi və qətiyyəti sayəsində öz siyasi-hüquqi qiymətini alan və hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilən 20 Yanvar faciəsi həm də gələcək nəsillərə örnək olacaq mərdlik, cəsurluq, vətənpərvərlik nümunəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".