Qərbin
Siyasət

Qərbin "qara qutu"su açılacaqmı?

Müharibədə tar-mar olan, diz çökən Ermənistan və havadarları Xankəndi və ətraf ərazilərdəki dinc əhalini girov saxlamaqla Azərbaycan dövlətinə hədə-qorxu gəlirdilər. Müxtəlif böhtanlarla dünya ictimaiyyətini aldatmağa cəhd edirdilər. İçlərindəki qara qüvvələrdən, hikkədən xilas ola bilməyənlər bu gün bunun cəzasını ödəyirlər. İllüziyalara, mifologiyalara o qədər qapılmışdılar ki, bu sərsəm iddialar onların sonunu istintaq təcridxanasına qədər gətirib çıxardı. Məhz bu ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra Qarabağda qanunsuz fəaliyyət göstərən qondarma rejimin fəaliyyətinə son qoyuldu. Qeyd edək ki, hələ tədbirlərdən öncə Qarabağda qanunsuz əməllər törətməkdə təqsirkar olan və əli xalqımızın qanına batmış cinayətkarların saxlanılmasına başlanmışdı.

Lokal tədbirlərdən sonra saxlanılan şəxslər arasında Azərbaycanın müvafiq qurumları tərəfindən həbs olunan keçmiş qondarma rejimin dövlət "naziri" milyarder Ruben Vardanyan da var idi. Məşhur "Forbes" nəşri Vardanyanla bağlı yeni faktları üzə çıxarıb. Belə ki, 2019-cu ilin martında Ruben Vardanyana məxsus "Troyka dialoq" ofşor şəbəkəsi ilə bağlı mətbuata informasiyalar sızıb. Məlum olub ki, Vardanyan məhz həmin ofşor şəbəkəsinin köməyilə pulların yuyulması prosesində yaxından iştirak edib. 2000-ci illərdə isə bu şəbəkə vasitəsilə xaricə 4,6 milyard dollar köçürüldüyü aşkar olunub.

Vardanyanın keçmiş xunta rejimində vəzifə tutduğu dövrdə isə Rusiya mətbuatında Anatoli Çubaysın Moskva vilayətində sarayının tikintisinə cavabdeh olan sahibkar İlya Suçkovla söhbətinin səsyazısı yayımlanıb. Sözügedən səs yazısında Anatoli Çubays İlya Suçkova deyib ki, o, özünün Moskva yaxınlığındakı Peredelkino bağ evləri massivindəki malikanəsini satmağı və bununla da çirkli pulların yuyulması prosesini işləyib hazırlamağı məhz Ruben Vardanyana həvalə edib. Anatoli Çubaysa məxsus 35-36 milyon dollar dəyərində həmin malikanənin keçmiş məmurun yaxın adamlarına 7-8 milyon dollara satılması planlaşdırılmışdı. Alqı-satqı işləri isə Çubaysa məxsus İsveçrədə yerləşən şirkət vasitəsilə həll edilməli idi. Bununla onlar vergidən yayınmağı nəzərdə tutmuşdular. Amma bu plan fiaskoya uğradı. Çünki A.Çubaysın şirkəti qısa müddət ərzində iflas oldu. Bu Vardanyanın qanunsuz fəaliyyətini, yəni çirkli pulların yuyulmasında böyük təcrübəyə sahib biri olduğunu bir daha təsdiqlədi.

Xatırladaq ki, Vardanyan bu il sentyabrın 27-də Azərbaycandan Ermənistan istiqamətinə hərəkət edərkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 214.1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Əslində "Forbes"in belə açıqlamalar yaymaqda bir sıra məqsədləri var. İlk olaraq, nəşr bununla Vardanyanı Azərbaycan istintaq orqanlarından yayındırmaq istəyir. Çünki Vardanyanın məkrli əməllərinin arxasında Qərb dayanır və bu dairələr "qara qutu"nun açılmasını istəmirlər. Bu mənada, "Forbes"in açıqlaması bir növ "qabaqdangəlmişlikdir". Bir məqamı da xatırladaq ki, "Rosneft" Neft Şirkəti ASC-nin prezidenti İqor Seçin də Vardanyanla sıx əlaqədə olan şəxslərdəndir. Vardanyan çirkli pulların yuyulması prosesində Seçinlə də əlbir olub. "Forbes" nəşrinin Vardanyanı hədəf almasına digər bir səbəb isə onun Azərbaycan hüquq-mühafizə orqanlarına açıqlamasında reallıqları etiraf etməsidir. Ümumiyyətlə, saxlanılan cinayətkarların etirafları hədəfə alınanların sayını daha da artırır.

Yeri gəlmişkən, Vardanyanın ilkin ifadəsindən sonra onun USAID rəhbəri Samanta Pauer və digər Qərb rəsmiləri ilə əməkdaşlıq etdiyi də məlum olub. Bu da onun hər iki tərəfə işlədiyi ilə bağlı müəyyən şübhələr ortaya çıxarıb. Görünür, Vardanyanı keçmiş qondarma rejimdə "vəzifəyə" gətirənlərin başı hələ çox ağrıyacaq. Çünki onun ofşor zonalarda təsis etdiyi maliyyə qurumlarının fəaliyyəti jurnalistlər tərəfindən kifayət qədər araşdırılıb və mühüm faktlar üzə çıxıb. Hətta yuyulan pulların miqdarı və kimlərə məxsus olduğu da bəllidir.

N.ETİBAROĞLU,

"Respublika".