Üç qitə arasında körpü
Siyasət

Üç qitə arasında körpü

Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas alıb, Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib

Azərbaycan bu gün enerji ehtiyatlarını dünya bazarına çıxarmaqla ölkənin davamlı inkişafına zəmin yaratmış, eyni zamanda beynəlxalq münasibətlərdə özünü əsas aktora çevirə bilmişdir. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ümummilli liderin gərgin səyləri nəticəsində tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu, iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirdi.

Bu günün reallıqları fonunda dövlətimizin bütün uğurlarının əsasında dahi siyasətçi Heydər Əliyevin "Üç dəniz əfsanəsi" adlandırılan Bakı-Tbilisi-Ceyhan neft ixracı layihəsi durur desək, heç də yanılmarıq. Məhz onun ardınca gələn uğurlu layihələr ölkəmizə marağı artırmış, bizə olan etimadı daha da yüksəltmişdir. Artıq Azərbaycanın Avropanın qaz bazarına daxil olması isə ölkəmizin "Köhnə qitə"nin enerji təchizatındakı rolunu bir qədər də artırdı. Bu, həm də regional və beynəlxalq miqyasda enerji xəritəsinin yenidən formalaşması deməkdir.

Son dövrlər Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşanması Azərbaycanın "köhnə qitə" üçün əhəmiyyətini daha da artırır. Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanması bunu bir daha sübut edir. Bu gün Avropa İttifaqının 9 üzv ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Heç şübhəsiz ki, Avropa İttifaqı üzvlərinin üçdəbir hissəsinin Azərbaycanla strateji əməkdaşlıq əlaqələrində olması həm də İttifaqın Azərbaycana marağından və ölkəmizin əhəmiyyətindən irəli gəlir. Eyni zamanda Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın da xarici siyasi kursunda üstünlük təşkil etdiyi əsas istiqamətlərindəndir.

Dünyanın bir çox ölkələri, xüsusilə ABŞ və Böyük Britaniya hökumətləri, o cümlədən Avropa İttifaqı Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan digər enerji layihələri kimi, Cənub Qaz Dəhlizinə də böyük dəstək verirlər. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizi layihəsində uğurla iştirak edirlər. Bundan başqa, artıq Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısına Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələrin də qatılması bu layihəyə maraq göstərən dövlətlərin sayının getdikcə artdığını təsdiqləyir. Eyni zamanda bu layihələr Avropa ölkələrini birləşdirəcək enerji körpüsüdür.

Ötən il ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev öz ənənəsinə sadiq qalaraq konfrans iştirakçıları qarşısında çıxış edib və onların suallarını cavablandırıb. Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyinin əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün əlverişli olduğunu və hazırda Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat yollarının kəsişmə nöqtəsinə çevrildiyini və eləcə də bu marşrutlar üzrə enerji resurslarının ötürülməsi üçün Orta dəhlizin müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. Prezident İlham Əliyev Avropa Komissiyası ilə Azərbaycan arasında təbii qaz təchizatının iki dəfə artırılması haqqında Anlaşma Memorandumunun imzalandığını bildirərək qeyd edib ki, "...bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var...". Ölkə Prezidenti bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr haqqında da konfrans iştirakçılarına məlumat verərək ölkəmizin bu istiqamətdə daha böyük enerji potensialına malik olduğunu bildirib.

Tarixi qədim İpək Yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, əhali sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə görə ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafı Prezident İlham Əliyevin də diqqətində olub. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində də Azərbaycanın Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynadığı, ölkəmizin nəqliyyat-logistika imkanlarının beynəlxalq yükdaşımalarında böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

2022-ci il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir. Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir… Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır".

Ötən il Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih dekabrın 18-də Cəbrayıl və Ağdam rayonlarına səfər edib, azad edilmiş bu ərazilərin bərpasının gedişatı ilə tanış olub. Dövlət başçısı İlham Əliyevlə görüşdə Səudiyyə Ərəbistanının naziri ölkəsinin Azərbaycanın enerji sisteminə böyük sərmayə yatırmağa və azad edilmiş ərazilərin bərpasında iştirak etməyə hazır olduğunu bildirib. Bu görüşdən sonra Azərbaycan və Səudiyyə Ərəbistanı arasında elektrik enerjisinin Avropaya ixracına dair iki saziş imzalanıb. Dekabrın 19-da Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasında çıxış edən nazir bildirib ki, Səudiyyə Ərəbistanının ACWA Power şirkəti artıq Azərbaycanda 240 meqavatlıq enerji layihəsi həyata keçirir.

BƏƏ-nin "Masdar" şirkəti Azərbaycanda alternativ enerji layihələri sahəsində öz fəaliyyətini genişləndirmək niyyətindədir. Baxmayaraq ki, şirkət artıq Azərbaycanda təmsil olunur, amma Azərbaycanda bərpaolunan enerji üzrə böyük potensial var və bunu inkişaf etdirmək lazımdır. Ümumi dəyəri 240 milyon dollar göstərilən "Qaradağ" GES-də istehsal ediləcək enerji 110 min mənzili elektrik enerjisi ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 milyon kubmetr qaza qənaət olunacaq. Eyni zamanda, 200 min ton tullantının qarşısı alınacaq. Xatırladaq ki, investisiya dəyəri 225 milyon ABŞ dollarından çox olan 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edilən "Masdar" şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri, yüksək səviyyəli görüşləri əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək.

Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan regional və qlobal miqyasda ayrı-ayrı xarici ölkələrlə, beynəlxalq təşkilatlarla milli maraqlar üzərində qurulan xarici siyasətini uğurla inkişaf etdirir. Həmçinin son illərdə reallaşdırılan müxtəlif enerji layihələri ölkəmizlə beynəlxalq əməkdaşlığın dərinləşməsinə və Azərbaycanın dünya bazarında öz yerini tutmasına da zəmin yaradıb. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas alıb, Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.

Mustafa KAMAL,

"Respublika".