İrəvanın istəkləri və arzuları əsasında yazılmış “hesabat”
Siyasət

İrəvanın istəkləri və arzuları əsasında yazılmış “hesabat”

Qərb dövlətləri ermənipərəst mövqe nümayiş etdirərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Ölkəmiz beynəlxalq arenada gücləndikcə Avropanın xalqımıza qərəzi də artdı. Bu, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə daha aydın göründü. Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını, doğma yurdumuzda törədilən vandalizmi, ekoloji terroru və bu kimi bir çox vəhşilikləri görüb susmaları, bu proseslərə ədalətsiz yanaşaraq heç bir tədbir görməmələri, BMT-nin qəbul etdiyi 4 qətnaməyə kağız parçası kimi yanaşmaları bəzi Qərb siyasi dairələrinin riyakarlığını sübut edirdi.

İşğalçı millət olan ermənilərin bu davranışlarını qınamayan, ədalətsizliklərə göz yuman Avropa indi bizə qarşı qərəzli qətnamələr qəbul edir. Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədliyi məsələsinə baxmağı təklif edən qətnamə qəbul edib. Həmin qətnaməyə əsasən, Avropa İttifaqı Ermənistanın xarici siyasətində qərbyönümlü dəyişiklikdən "tam istifadə etməlidir". Qərbdən ciddi dəstək gözləyən Ermənistan, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iştirakını hələlik dondurub. Belə ki, nəsə baş verərsə, Ermənistanı qorumaq öhdəliyini KTMT və Rusiya yox, Nikol Paşinyanın Qərb dostları öz üzərinə götürəcək. Həmçinin Ermənistanın Aİ üzvlüyünə namizəd ölkə statusuna malik olması üçün Hayastanla Aİ arasında iyul ayında yeni əməkdaşlıq sənədinin imzalanacağı da gözlənilir.

Bu yaxınlaşmanın təzahürlərindən biri də NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi, keçmiş baş nazirlər, parlamentarilər və diplomatların daxil olduğu "Ermənistanın Dostları Şəbəkəsi" adlı qrupun "Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan" adlı hesabatı yayımlamasıdır. Qeyd olunur ki, Ermənistana Aİ üzvlüyünə namizəd ölkə statusu təqdim olunmalıdır, Avropa Sülh Fondundan (EPF) Ermənistana zəruri vəsait ayrılmalıdır və bu kimi "məsləhətlər"dən ibarət olan sənəd əslində hesabat yox, Ermənistanın ən geniş müstəvidə dəstəklənməsinə yönəlmiş bəsit təbliğatdır. Bu sənəddə ölkəmizlə bağlı bir çox real olmayan, böhtan iddialara yer verilib.

Ötən il Ermənistana səfər edən Rasmussen oradan Azərbaycanla sərhədə gəlmiş, burada Ermənistan bayrağı fonunda fotolar çəkdirərək, sosial şəbəkədəki hesablarında yerləşdirmişdi. Onun "Project Syndicate" üçün yazdığı məqalədə Laçın-Xankəndi yolunda ekofəalların aksiyası, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı həqiqətə uyğun olmayan fikirlər yer almışdı. Hələ o zaman Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin NATO-nun keçmiş rəhbərinin Ermənistandan pul aldığını ifşa etməsi diqqət çəkmişdi. NATO-nun sabiq baş katibi vəzifəsindən kənarlaşdırılandan sonra pullu və sifarişçilərinə sürəkli problemlər yaradan təxribatçıya çevrilib. Görünür, keçmişi qaranlıq olan sabiq baş katibin İrəvanla Aİ-ni yaxınlaşdırmağa çalışması öz maddi maraqlarından qaynaqlanır.

Maraqlıdır ki, Rasmussenin cəhdlərinə baxmayaraq, Ermənistanın hazırkı mərhələdə Aİ-yə daxil olmaq üçün ərizə vermək məsələsini müzakirə etmədiyi məlum olub. Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, hazırda ölkəsinin Aİ-yə üzvlük məsələsi müzakirə mövzusu deyil.

İrəvanın sifarişi ilə ərsəyə gətirilmiş, Azərbaycanın ittiham edilib, Ermənistana qarşı aqressor kimi göstərildiyi bu sənədi rəsmi Bakı nəzərə almaya bilməzdi. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin açıqlamasında Rasmussenin ermənilərə sevgisinin, bizə bu cür qərəzli yanaşmasının səbəbləri qeyd olunub. Nazirliyin mətbuat katibi Ayxan Hacızadənin: "Açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti "RasmussenGlobal"ı tanıtmaq, şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir", - fikirləri "Ermənistanın Dostları Şəbəkəsi" adlı qrupun hesabatında yer alan iddialara dair şərhində bildirilib. O, eyni zamanda qeyd edib ki, Ermənistan hökuməti "çox düşünülmədən təsdiqlənmiş" bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib.

Hörmət və nüfuza malik olmayan Rasmusseni NATO tarixinin ən bərbad baş katibi adlandırırlar. Amma çox keçməz Ermənistan onu da Solovyov kimi "Şərəf" ordeni ilə mükafatlandıracaq. Çünki o da daim əsassız səbəblər gətirərək ölkəmizin əleyhinə çıxış edir.

Röya RÜSTƏMLİ,

"Respublika".