Türkiyəli nazir: Azərbaycanlı qardaşlarımızın da yanımızda olması, verdikləri dəstək çox önəmlidir
Digər xəbərlər

Türkiyəli nazir: Azərbaycanlı qardaşlarımızın da yanımızda olması, verdikləri dəstək çox önəmlidir

Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqına, doğma qardaşlarımıza Muğladan, Marmarisdən səmimi salamlarımı çatdırıram. Verdikləri dəstək çox böyükdür. Azərbaycanlı yanğınsöndürənlər olduqca mütəşəkkil çalışırlar.

Bu fikirləri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Marmarisdə fəaliyyət göstərən yanğın böhranı ilə mübarizə qərargahında AZƏRTAC-a verdiyi açıqlamasında ifadə edib.

Nazir deyib: “Türk milləti hər zaman azərbaycanlı qardaşlarının yanında olub. Belə çətin günümüzdə onların da yanımızda olması, verdikləri dəstək çox önəmlidir”.

Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” kəlamını xatırladan nazir Bekir Pakdemirli Azərbaycana minnətdarlığını və təşəkkürünü çatdırıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb.

İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.  Bu qrup artıq Türkiyə ərazisinə daxil olub və hazırda yanğınların baş verdiyi bölgəyə doğru irəliləyir.

Karvanın keçdiyi ərazilərdə yerli əhali Azərbaycan yanğınsöndürənlərini böyük coşqu ilə qarşılayır. Türkiyənin Anadolu Agentliyi, “HaberTürk”, “NTV”, “Sabah”, “Hürriyet”, “AHaber” və bir sıra digər media qurumlarında yayımlanan xəbərlərdə Azərbaycanın Türkiyəyə göstərdiyi qardaş dəstəyi yüksək qiymətləndirilib.

Yanğın-xilasetmə qüvvələrinin qardaş ölkəyə köməyə gəlməsi və dəstə üzvlərinin fədakarlığı qardaş ölkə mətbuatında geniş işıqlandırılır.

AZƏRTAC