Türkiyə ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlıq ölkələrimizin gücünə güc qatır
Siyasət

Türkiyə ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlıq ölkələrimizin gücünə güc qatır

"Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabr ayının 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

Azərbaycan ilə Türkiyə arasında uzun illərə söykənən dostluq, qardaşlıq, əməkdaşlıq münasibətləri İkinci Qarabağ müharibəsində daha da möhkəmləndi. Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada rəsmi olaraq Müttəfiqlik Bəyannaməsi imzalayaraq ölkələrimizi müttəfiq ölkəyə çevirdilər. Bəyannamə iki ölkənin bütün sahələr üzrə - siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən mühüm tarixi sənəddir. Bütün türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan bəyannamə həmişə bir yerdə olan və bir-birinin təhlükəsizliyini təmin edən iki dost və qardaş ölkənin 1921-ci ildə bağlanmış tarixi Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi.

Ötən il iyun ayının 15-də imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki dost, qardaş ölkə arasında bundan sonra da türk dünyasının birliyi, həmrəyliyi naminə birgə fəaliyyətlərini daha da möhkəmləndirəcək. Tarixən iki ölkə arasında mövcud olan Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edən Şuşa Bəyannaməsi heç bir zaman sarsılmayan dostluq, qardaşlıq münasibətlərinin təsdiqi oldu. Bu gün bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdıran, öz milli maraq və mənafelərini təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən Azərbaycan ilə Türkiyə dostluq, qardaşlıq və mehriban qonşuluğa əsaslanan münasibətləri inkişaf etdirərək ikitərəfli əməkdaşlığı gündən-günə daha da dərinləşdirir. İki ölkə arasında ordu quruculuğu sahəsində həyata keçirilən birgə fəaliyyət isə ölkələrimizin daha da güclənməsinə və qüdrətlənməsinə xidmət edir. Bu, Şuşa Bəyannaməsində parlaq şəkildə öz əksini tapmışdır. Belə ki, bəyannaməyə "Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər" bəndinin salınması ölkələrimizin ordu quruculuğu sahəsində həyata keçirəcəkləri mühüm islahatlara zəmin yaratmışdır. Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq istiqamətində reallaşdırılan layihələr, qardaş ölkə ilə birlikdə keçirilən hərbi təlimlər bunun bariz nümunəsidir. Belə ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, hərbi bilik və təcrübələrin möhkəmləndirilməsi, döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə ən son model döyüş texnologiyaları ilə gücləndirilən Azərbaycan Ordusu həm də yüksək səviyyəli təlimlərdə iştirak edir. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də qardaş Türkiyə ilə qarşılıqlı əlaqələrə xüsusi önəm verən Azərbaycan hərbçilərimizin Türkiyə hərbçiləri ilə birgə təlimlərdə iştirak etməsinə, qazandığı təcrübəyə böyük önəm verir. Bu mənada, Türkiyə ilə hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətidir.

Hər iki ölkənin ümumi maraqların qorunmasında, eyni zamanda beynəlxalq səviyyəli böyük layihələrin reallaşmasında səylərinin birləşdirilməsində mühüm əhəmiyyət kəsb edən, münasibətləri yeni mərhələyə yüksəldən Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində müttəfiqliyə geniş imkanlar açır. Bu baxımdan, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsini özündə əks etdirən bəyannamənin digər bir bəndində deyilir: "Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər".

İkinci Qarabağ müharibəsindən keçən iki il müddətində dünyanın güclü orduları sırasında yer tutan, 5-ci nəsil silahlarla silahlandırılmış müzəffər, yenilməz Azərbaycan ordusunun maddi-texniki bazasının gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər arasında Türkiyə ordusu ilə keçirilən birgə hərbi təlimlər böyük əhəmiyyətə malikdir. Milli təhlükəsizlik məsələləri ilə bağlı mütəmadi olaraq keçirilən birgə iclaslarda ölkələrimizin milli mənafeyinə xələl gətirə biləcək halların müzakirə edilməsi və hər hansı bir təhdidin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyin əyani göstəricisidir. Dövlətlərimiz arasında günbəgün inkişaf etdirilən və milli maraqlara cavab verən, üçüncü dövlətlərə qarşı yönəlməyən hərbi-siyasi əməkdaşlıq müttəfiq ölkələrimizin gücünə güc qatır və regionda sülhə, əmin-amanlığa töhfə vermək səylərini daha da artırır.

Mehparə ƏLİYEVA,

"Respublika".