Türkiyə:   “Charlie Hebdo” jurnalının çirkin əməli
Türk dünyası

Türkiyə:   “Charlie Hebdo” jurnalının çirkin əməli

Fransanın “Charlie Hebdo” jurnalının Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı “Tanklara ehtiyac qalmadı” başlıqlı karikaturası böyük hiddətə səbəb olub .Jurnalın  dərc etdiyi sonuncu karikatura qeyri-insani, çox utancverici və özündən savayı heç bir mədəniyyətə hörmət qoymayan bir yanaşma tərzidir. Bu fikri  politoloq,“Kocaeli Derince” Azərbaycan Evi dərnəyinin rəhbəri Volkan Aydemir açıqlamasında bildirib. O deyib: “Charlie Hebdo” jurnalı, bu cür təxribatçı karikaturalar çəkərək diqqəti cəlb etməyə çalışır və bunu fikir azadlığı adı altında edir. Bu irqçi, nasist ruhlu, təhlükəli, təxribatçı media orqanının fəaliyyəti qadağan edilməlidir.

Belə qeyri-insani nəşrlərdə fikir azadlığı ola bilməz. Əgər bir düşüncə insanın mənəvi və əxlaqi dəyərlərini hədəf alırsa, bu, artıq düşüncə azadlığı deyil, təhqir, böhtan və hücumdur. İnsan həyatının təhlükə altında olduğu, minlərlə insanımızı itirdiyimiz bu əsrin fəlakətində ölümləri ələ salıb təbliğat aparan tərəf yalnız qatil, nasist ruhlu ola bilər. Böyük dağıntıların və faciələrin yaşandığı təbii fəlakətlər, ölümlər məsxərəyə çevrilə bilməz. Bu, insan haqlarına, insani dəyərlərə ziddir və ibrət dərsi olması üçün beynəlxalq hüquq çərçivəsində ən ağır şəkildə cəzalandırılmalıdır. Politoloq  həmçinin qeyd edib: “Qərb mediası fikir azadlığı adı altında özündən biri olmayanı təhqir edir, böhtan atır, ona hücum edir, amma özlərinə qarşı tənqidə gəlincə, fikir azadlığı olmur’’. Volkan Aydemir həmçinin deyib ki,  bu ikili standart, ikiüzlülük, insani dəyərlərdən məhrum olmaqdır. Fransanın türklərə qarşı mövqeyi artıq bəllidir: “Fransa jurnalında belə bir utancverən karikaturanın dərc olunması hiddət doğurur. Dağıntılar altında nə qədər günahsız körpə, yaşlı və xəstələr qalıb. Hər kəs orada olan insanların xilas olması üçün dua edir. Belə məqamda bu cür karikaturanın olması müəllifə də, jurnala da, elə ölkənin özünə də nifrət oyadır. Biz bu halları pisləyirik! Milliyyətindən, kimliyindən asılı olmayaraq insani duyğusu olan hər kəs bu vəziyyətdə insanlara yardım etməli, həssas yanaşmalıdır”.

Məsələ ilə bağlı ‘Yeşil Iğdır’’ qəzetinin müxbiri Emir Şıktaş da fikirlərini bölüşüb:  “Şiddətlə qınayırıq! Təbii ki, bu jurnalın tirajı çox aşağıdır. Jurnal  daha əvvəl islam mədəniyyətinə qarşı təhqiredici, alçaldıcı və nifrət zəminində törədilən cinayətə yol açan paylaşımlar etmişdi. Və bu, guya Qərb mədəniyyətinin öndə gedən təmsilçisi Fransa kimi bir ölkədə edilir. Əlbəttə, onlar “söz azadlığı”ndan yalnız islamiyyətə, türklərə və digər xalqlara qarşı istifadə edirlər. Amma xristianlıqla, Fransa və onun milli-mədəni dəyərləri ilə bağlı bir şey deyildiyi zaman bu, qadağan edilir.

Bu gün Fransada “erməni soyqırımı yoxdur” demək cinayətdir. Türkiyəni təhqir edəndə bu, “söz azadlığı” olur, amma kimsə Fransada “türklər, osmanlılar ermənilərə qarşı soyqırımı törətmədi” dediyi zaman məhkəməyə verilir, həbsə salınır. Bu, tamamilə ikiüzlü yanaşmadır və nifrət zəminində törədilən cinayətdir. Çox təəssüf ki, onlar bu təbii fəlakəti ələ salır, Türkiyəyə qarşı düşmənçiliklərini bu dar gündə də bildirirlər. Ancaq istənilən halda heç nə unudulmur və insanlığa qarşı bu əməli törədənlər gec-tez peşman olacaqlar. Belə bir məqamda bu cür çirkin əməl ortaya qoymaq düzgün deyil.

Bu gün bütün  dünya həmrəylik nümayiş etdirir”, - deyir  E.Şıktaş. Çünki Türkiyə dördüncü səviyyəli yardım tələbi ilə çıxış edib. Və ilk olaraq Can Azərbaycan Türkiyəyə öz dəstəyini göstərib.

  Qardaş deyil, can qardaş,

  Yaman günüm ,yan qardaş.

  Geniş zaman el gələr ,

  Dar günümdə, sən qardaş.

“Can Azərbaycanım, səninlə ucaldı başım”, - deyib  Emir Şıktaş!

Onu da qeyd edək ki, Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına  Türkiyə mətbuatı geniş yer ayırıb. Nüfuzlu KİV-lərdə yayımlanan məqalələrdə, Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması xüsusi vurğulanıb. Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırıldığı qeyd olunub.

Türkiyə KİV-lərində yer alan xəbərlərdə Azərbaycan xalqının sosial şəbəkələrdə də qardaş türk xalqının yanında olduqlarını ifadə etmələri, bu çətin günlərdə əsl qardaşlıq dəstəyi göstərdikləri xüsusi vurğulanıb.

Esmira YAZKAN,

‘‘Respublika’’ qəzetinin Türkiyə üzrə müxbiri.