Dünya Türk İş Şurasının 10-cu Konqresi
Türk dünyası

Dünya Türk İş Şurasının 10-cu Konqresi

İstanbulun Haliç Konqres Mərkəzində Dünya Türk İş Şurasının 10-cu Konqresi keçirilib. Konqresin rəsmi açılışından əvvəl "Türk Dövlətlərinin Təşkilatı: Beş Dövlət Bir Diaspor" sessiyası təşkil edilib. Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömuraliyevin moderatorluğu ilə keçirilən tədbirdə Türkiyə ticarət nazirinin müavini Mustafa Tuzcu, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qazaxıstan iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov və digər rəsmi şəxslər iştirak ediblər. Tədbirdə iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrin diaspor təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi, birgə investisiya imkanları barədə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Türkiyə ticarət nazirinin müavini Mustafa Tuzcu deyib ki, Türkiyə 6 milyonla dünyada ən çox diasporu olan ölkədir. O, həmçinin vurğulayıb: "Türk Dövlətləri Təşkilatına üzv olan beş ölkə və müşahidəçi üzvləri olan səkkiz ölkə artıq vahid bazara çevrilib. Türk Dövlətləri Təşkilatı olaraq gömrük, nəqliyyat və xarici ticarət kimi sahələrdə də ortaq yol xəritəmiz mövcuddur''.

Sessiyada iştirak edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, ölkəmizdə əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb və verilən sualları cavablandırıb.

Dünya Türk İş Şurasının 10-cu konqresində Türk dünyasının güclü dövlətçilik ənənəsi ilə yeni bir canlanma yaşadığını vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Biz mədəni, tarixi, iqtisadi və siyasi əlaqələrimizi gücləndirmək üçün daim çalışırıq. Biz həm öz ölkəmizdə, həm də diasporadakı qardaşlarımız üçün yeni bir dövr açacağıq. Hamımız birlikdə daha çox çalışmalıyıq. İnanıram ki, bu konqres kimi platformalar sosial dalğa yaradacaq... Bu gün burada mənşəyi Anadoludan olan və bütün dünyaya yayılan türk diasporunun nümayəndələri, türk dünyasındakı qardaşlarımız və onların diasporu, İslam dünyasından olan qardaşlarımızla bir yerdəyik. Türk diasporu dediyimiz başqa ölkələrdə yaşayan, işləyən və təhsil alan türk əsilli insanların sayının 8 milyona çatdığını nəzərə alsaq, dayandığımız zəminin əhəmiyyətini daha yaxşı anlaya bilərik".

Tədbirdə çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, Türkiyə, qlobal enerji böhranının yaşandığı bugünkü dünyada mənbələrini və marşrutlarını şaxələndirmək, təmiz və bərpaolunan qaynaqlar da daxil olmaqla, enerji investisiyalarını daim artırmaq mövqeyindədir. Türk dünyasının ailə şurası olan Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji həmişə fundamental əməkdaşlıq sahəsi olub. Bizim Bakı-Tbilisi-Ceyhan xam neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və TANAP kimi strateji investisiyalarımız var.

Bütün gücümüzlə bu əməkdaşlığı genişləndirmək üçün Türkmənistan təbii qazını da əhatə etməyə çalışırıq. Bu il Qazaxıstanda keçirəcəyimiz Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında enerji ilə yanaşı, iqtisadiyyatlarımızın inteqrasiyası sahəsində də ciddi addımlar atacağıq ki, bu da əlaqələrimizin institutsionallaşması baxımından tarixi dönüş nöqtəsi olacaq.

Tədbirin sonunda Dünya Türk İş Şurası ilə Türk Dövlətləri Təşkilatı arasında işbirliyi protokolu imzalanıb.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.