Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzulidə minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər
Digər xəbərlər

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzulidə minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri avqustun 31-də erməni işğalından azad edilən Füzuli rayonunda Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşüb, minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici jurnalistlər Füzuli-Cəbrayıl yolunda minatəmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarını düşməndən azad edib. Ermənistan tərəfi həm işğal dövründə, həm də müharibə vaxtı Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırıb. Hazırda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları bütün gücü ilə davam edir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb.

Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını da ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan isə mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin dəqiq olan mina xəritələrini Azərbaycana versin. Çünki bəzi rayonların mina xəritələrini versələr də, onların dəqiqliyi 25 faizə bərabərdir.

Diqqətə çatdırılıb ki, hazırda Qarğabazar istiqamətində yol infrastrukturunun minalardan təmizlənməsi işləri aparılır. Ümumi uzunluğu 12 kilometr olan yol üç hissəyə bölünməklə təmizlənir. Birinci hissə - 180 min kvadratmetr ərazi təmizlənərək təhvil verilib. Hazırda yolun ikinci hissəsində 316 min kvadratmetr sahənin 289 min kvadratmetrində işlər yekunlaşıb və 174 ədəd mina və partlamamış silah-sursat aşkarlanıb. Növbəti mərhələdə isə yolun üçüncü hissəsi təmizlənəcək. Ərazidə əsasən Rusiya istehsalı olan tank əleyhinə və Ermənistan istehsalı olan piyada əleyhinə minalar basdırılıb. Minatəmizləmə prosesi əsasən üç üsulla - əl ilə, mexaniki yolla və xüsusi təlim keçmiş itlər vasitəsilə aparılır.

Daha sonra xarici jurnalistlər ərazidə aşkar edilən mina və silah-sursatların bir qisminin partlatma yolu ilə zərərsizləşdirilmə prosesini izləyiblər.

Qonaqlara məlumat verilib ki, Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Böyük infrastruktur layihələri - avtomobil yolları, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları tikilir. Növbəti mərhələdə isə yaşayış yerlərinin inşasına start veriləcək. Artıq ilk belə pilot layihə Cəbrayılda həyata keçirilir. Bütün bu işlərin sürətlə aparılması üçün ərazilərin minalardan təmizlənməsi vacib şərtdir.

Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri sonra işğaldan azad olunan Cəbrayıl rayonuna yola düşüblər.

AZƏRTAC