İrəvana yeddi məktub
Digər xəbərlər

İrəvana yeddi məktub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

12 noyabr, 1982 V məktub

Qeyd edim ki, yalançı Hidayətin nəsihətləri orta və ali məktəblərdə təhrif olunmuş tarixi öyrənən Azərbaycan gənclərinin yetkin olmayan təfəkkürünə hesablanmışdır. Hidayət doğru deyir ki, həqiqətən də, üzdəniraq "yüz əlli ilədək" çoxminlilik bir dövrü əhatə edən Ermənistan tarixini bilə bilməz. Və şübhəsiz ki, o, Azərbaycan tarixinin kifayət qədər azyaşlı olduğunu da gözəl bilir. Ancaq sivilizasiyalı bəşəriyyət qarşısında nüfuzu qaldırmaq da lazımdır axı! Məhz buna görə Bəxtiyar Vahabzadəyə, Ziya Bünyadova, Anara eşq olsun! Bir sözlə, məncə, Hidayətin gənclər qəzetinə müsahibəsinin ən maraqlı yeri qabaqdadır.

Beləliklə, davam edirik.

"...L.Brejnev vəfat edəndə mən İrəvanda yaşayırdım. Əməlli-başlı sevinc, bayram əhvalı hiss olunurdu. "Gözaydınlığı" verənlər də vardı. Bunun səbəbi mənə tez aydınlaşdı. Brejnev erməni millətçiliyinin, Xruşşovun vaxtından və ondan da qabaqlardan partiya-dövlət aparatına daraşmış erməni mafiyalarının kökünü kəsmişdi. Andropov, Çernenko hakimiyyətinin ilk aylarında da zahirən heç nə hiss edilmədi. Bu son beşcə ildə isə Sitaryanı, Şahnazaryanı, Aqanbekya- nı yaxın həndəvərinə yığmasını demirəm hələ, ölkənin başçısı xarici səfərə gedəndə artist A.Cigərxanyanı da özü ilə aparmalıymış (guya İ.Smoktunovskisi, O.Yefremovu, M.Ulyanovu yoxmuş bu ölkənin). Yaxud, ölkənin başçısının arvadı ABŞ-da ermənilərin qəbuluna getməliymiş. Buna görə də reyqanlar, buşlar, tetçerlər Dağlıq Qarabağ haqqında bəyanatlar verəndə mən təəccüblənmirəm, axı, dövlət xadimlərindən, partiya liderlərindən deyən yoxdur ki, bizim daxili işlərimizlə nə işiniz var? Bütün bunlara cavab veriləcək! Hökmən cavab veriləcək. Zamanın özü cavab verəcək!

Yeddi aydır Şəhidlərimizin qəbri üstündə, ruhu başında fövqəladə vəziyyətdir. Ermənistan isə hələ ki, sürətlə silahlanır, güllələr patrondaşlara sığmır, sərhədlərimizdə atəşlər açılır, günahsız qanlar axıdılır.

Ermənisayağı "yenidənqurma" acı bağırsaqdır, uzandıqca uzanır və yalnız bizi deyil, ölkəni iflic eləyir, dünyanın düzgün məlumatı olan (təəssüf ki, belələri çox azdır) namuslu adamlarını da narahat eləyir. O acı, zəhərli bağırsaq kəsilməlidir! İti cərrah bıçağı ilə kəsilməlidir".

Tamamilə mümkündür ki, "həqiqətpərəst" (?-H.) Hidayətin dili belə bir cərrah bıçağı ola bilər. Çətin ki, bundan "iti" silah tapmaq mümkün olsun. Bütün mümkün və qeyri-mümkün vasitələrlə Qarabağ xalqını (?-H.) dizi üstə qoymaq - Azərbaycan rəmmallarının falçılıq edib, dünyaya yaydığı yeganə məqsəd budur. Bəli, həm də mümkün olmayan vasitələrlə - əks halda, bu faktı necə təbii qarşılamaq olar ki, sovetlər ölkəsinin bir regionunda Sovet hakimiyyətinin bərpası uğrunda mübarizə gedir! Özü də uğursuz mübarizə... (?-H.)

- Fikirləşəndə ki, nə zamansa erməni parlamentariləri ilə danışıqlar masası arxasında Naxçıvandan Heydər Əliyev, 35 nömrəli Mayakovski seçki dairəsindən (Bakı-H.) Hidayət və bunların həmfikirləri otura bilərlər, lap adamın halı qarışır. Yəni doğrudanmı Azərbaycanın yeni parlamentindən də konstruktiv nəsə gözləməyə dəyməz? Yenə də günah başqasının üzərinə qoyulacaq?

A.Qazazyan da, onun həcmcə və məzmunca böyük cəfəngiyyatına səxavətlə yer ayıran "Qolos Armenii" qəzeti də Heydər Əliyevin Naxçıvan və Azərbaycan parlamentlərinin deputatı seçilməsindən çox narahat idilər. Onlar hiss edirdilər ki, dönməz iradəli, görkəmli rəhbərin böyük siyasətə qayıtması əsl həqiqətlərin dünyaya açıqlanması, Azərbaycanın müqavimət potensialının işə düşməsinin başlanğıcı olar. Səhv etməmişdilər. Heydər Əliyev yeni parlamentin ilk iclasındaca Ermənistanın təcavüzkarlığını, Kremlin ikiüzlü siyasətini - əslində təcavüzkarın arxasında dayandığını tutarlı faktlarla açıqladı.

Hidayət məsələsində isə yanılmışdılar. Kremlin anti-Azərbaycan siyasətinin və onun göstərişlərinin qeyd-şərtsiz icraçısı olan Mütəllibov hakimiyyəti Hidayəti deputat "seçkisi" siyahısına yaxın qoya bilməzdi. Mən bu barədə mətbuatda demişəm. "Sözün vaxtı" kitabımda o illərin gerçəkliklərini əks etdirən səhifələr var. O kitaba yazdığım "Nədə yanılmışam?" adlı ön sözümdən sətirlər:

"...Bu kitaba daxil olan bir sıra materiallarda 1990-cı ildə keçirilən deputat seçkiləri xatırlanır və demokratiya ilə bir araya sığmayan, ədalətsiz "seçkilər", daha dəqiq desək, o vaxtkı Mərkəzi Komitənin göstərişi ilə təyin edilən parlamentə münasibət bildirilir. Bu yalnız mənə qarşı o vaxtkı rəhbərlərin amansız, mürtəce münasibətləri ilə bağlı deyil (belə münasibət əsas faktor olsa da!), illər ötdükcə bəlli oldu ki, xalqımızın və ölkəmizin üzləşdiyi müsibətlərdə A.Mütəllibovun və onun adamlarının təyin etdikləri "xalq deputatlarının da "xüsusi xidmətləri" az olmayıb.

349 "xalq deputatı seçildi". 348-i Mərkəzi Komitənin siyahısındaydı - istər partiya funksionerlərindən olsun, istər "Demokratik blok"dan, istərsə də bitərəflərdən. Onların içində, şübhəsiz, xalq deputatlığına yararlı şəxslər də vardı. Lakin "seçilmək" yolu yalnız MK-nın siyahısından keçirdi. Siyahıdan kənar yalnız bir Şəxsiyyətdi - Heydər Əliyev! Siyahıya sığmayan yalnız bir Şəxsiyyət xalq deputatı seçildi və həmin Şəxsiyyət parlamentin ilk iclaslarındaca respublika rəhbərlərinin xalqa, ölkəyə zidd mövqelərini cəsarətlə, qətiyyətlə bəyan etdi".

İlk baxışda Azərbaycanda parlament seçkilərinin (1990-cı il) ədalətsiz, antidemokratik keçirilməsi, deputatların MK siyahısıyla müəyyənləşməsi ilə bu məktubların baş mövzusunun - erməni millətçi-şovinizminin Heydər Əliyevə qarşı irticaçının tənqidi əlaqəli olmadığı düşünülə bilər. Amma əslində bunlar sıx əlaqəlidir, bir mərkəzdən - ermənipərəst Kremldən idarə olunurdu: Azərbaycanda çağdaş, demokratik, xalqı təmsil edə bilən parlamentin formalaşmasına imkan verilməməliydi, çünki Heydər Əliyev hakimiyyətə qayıda bilərdi, 1990-cı ildən sonrakı itkilərin qarşısı alınardı. İrəvan Azərbaycan rəhbərliyinin zəifliyindən, Kremlin tapşırıqlarını öyrənmədən, araşdırmadan nöqtəsinəcən kor-koranə yerinə yetirməsindən məharətlə yararlanır, nəticə etibarilə Azərbaycanda da ermənipərəst siyasət yeridilirdi.

Vaqif Mustafayevin "Bir həsədin tarixi" filmində bir epizod gözlərim önündən getmir: M.Qorbaçov Heydər Əliyevin istefasının "səbəbini" bir neçə kontekstdə şərh edir və həmişə də çaşır. Ən "ciddi" səbəbi isə respublikadan gələn "yazılarda" görür. Bu səbəbi filmdə iki dəfə, iki yerdə açıqlamaq istəyir, lakin "səbəb" gülünc olduğundan, həm də dediyinə özü inanmadığı üçün axıracan şərh edə bilmir. Keçmiş "gensek"in üzündə naümidlik, inamsızlıq, yazıqlıq görüntüləri cərəyan edir...

Yuxarıdan təşkil edilən imzalı, imzasız "şikayət" məktubları isə sovet rejiminin "qara pişikləri"ndəndi və Heydər Əliyev barədə belə məktublar Kremlin əliylə, Ermənistanın iştirakıyla həqiqətən aramsız təşkil olunurdu, hətta bu iyrənc kampaniyaya bəzi azərbaycanlılar da müxtəlif üsulla maraq" landırılıb cəlb olunurdular. Z.Balayanın etirafdan başqa çarəsinin qalmaması bu yerdə yada düşür: "Silva Kaputikyan"la biz... öyrəndik ki, Heydər Əliyevin işləri haqqında Brejnevə yazdığımız məktublar onun öz əlinə düşür. Buna baxmayaraq yazmağı davam etdirirdik...".

Sonra hakimiyyətin olimpində dayanan Qorbaçov belə məktubları səbirsizliklə gözləyirdi. "Yeni fikir" qəzetində dərc olunmuş "Unutqanlıq faciəmizdir" (6 may 1990) adlı" müsahibəmdən kiçik bir fraqment:

"...Unutqanlıq yaratmaqda bugünkü mərkəzi mətbuat "layiqincə" rol oynayır. V.Əfəndiyevin adıyla bu ilin 4 fevralında "Pravda" qəzetində dərc olunmuş üzdəniraq məqalənin respublikamızdakı pis əks-sədası hamıya aydındır. Bəs qəzet nə etdi? Yenə həqiqətin astar üzü: "Şaq k oçişeniyu" başlığı altında yazılar: (H.Ə.Əliyevin cavab məktubuna yenə yer tapılmamışdı...). Bilirsən bu məsələni niyə xatırladım? B.Ağayev adlı keçmiş partiya işçisinin, H.Abdullayev adlı professorun əliylə Azərbaycanda və Bakıdakı faciəli hadisələrin günahı H.Ə.Əliyevin üstünə yıxılır. (İsmayıl Şıxlının dərinmənalı kəlamı yada düşür: "Pravda" baltasının sapını özümüzkülərdən salır...)". Allah İsmayıl Şıxlıya rəhmət eləsin.

Sov.İKP MK-nın baş orqanı "Pravda" və Mərkəzi Komitənin inhisarında olan bir çox başqa qəzetlər Heydər Əliyev barədə səhifələr dolusu hədyanlar - jurnalist "araşdırmaları", oxucu "məktubları" dərc edirdi, Siyasi Büronun sabiq üzvünün, yaxın illərədək SSRİ-nin əsas rəhbərlərindən olan görkəmli Şəxsiyyətin cavab məktubuna isə yer tapılmırdı. Bütün bunlar "gensek"in birbaşa himayəsində olan qəzetdə baş verirdi. Buna görə aradan illər ötəndən sonra da M.Qorbaçov Heydər Əliyevin istefasının "səbəbini" açıqlayanda öz dediklərinə - uydurmalarına, şübhəsiz özü də inanmırdı.

Yenə həmin müsahibədən fraqment:

"Mən keçmişi kor-koranə topa tutmağı, sadəcə olaraq, əxlaqsızlıq kimi dərk edirəm. Nə qədər yumşaq demək istəsəm də alınmır...

...Yenidənqurma haqqında mətbuatda xeyli yazılar oxumuşuq. Müəlliflərin də əksəriyyətini tanıyırıq. Elə Moskva müəlliflərini də. Mənə elə gəlir ki, bu yazıların çoxusunun arxasında hiylə gizlənib. Nədi bu hiylə? Elə götürək durğunluq dövrünü - Azərbaycan durğunluğunu. Mən yenə öz fikrimi deyirəm. Əlbəttə, fikirlərimlə razılaşmayanlar da ola bilər. Azərbaycanda indiki kimi durğunluq illəri heç bir vaxt olmayıb. Bəlkə də bunları gizlətmək üçün dünəni gücü gəldikcə söymək kimlərəsə daha çox əl verir.

...Dözülməz hal odur ki, nankorluq yarışının "qalibləri" hələ də xəcalət çəkmədən namuslu və pak adamlara, qeyrətli vətəndaşlara əxlaq, mənəviyyat, yenilik "dərsləri keçirlər".

Azərbaycanı zəiflətmək, Ermənistana uduzdurmaq üçün aparılırdı Mərkəzin təbliğatı. Hələ yetmişinci illərdə Azərbaycanda, sonra SSRİ miqyasında əsl yenidənqurmanın memarı Heydər Əliyev "yenidənqırmanın" üçüncü ilində istefaya göndərilirdi. Çünki Heydər Əliyev böyük siyasətdə ola-ola İrəvan Azərbaycana, qarşı təcavüzünü başlaya bilməzdi. Budur həqiqət, Qorbaçov, budur həqiqət, erməni mətbuatı, budur həqiqət, Ermənistan. 1989-cu ilin noyabr-dekabr aylarında yazılan "Yenidənqurma sözü və yenidənqurmanın özü" adlı irihəcmli yazılandan neçə ay sonra qəzet variantı "Ədəbiyyat və incəsənət"də (23 mart 1990), bütövlükdə "Mənim fikrim: publisist düşüncələr" toplusunda ("Gənclik" nəşriyyatı, 1991) çap olunan yazımdan kiçik fraqment:

"...1988-ci ilin fevral günlərində Xankəndinin baş meydanındakı təcavüzkar mitinqçilərin bir-birinə pıçıltıları yadıma düşür: "Razumovski gəldi, demək həll olundu, söz verib", "Mixaylov gəldi, demək həll olundu, söz verib". Mən heç bilmirdim Mixaylov kimdi. Soruşdum, dedilər: MK-da milli münasibətlər üzrə şöbənin müdir müavinidir...".

O fevral günlərində Xankəndidə müşahidələrimin əsas məqamları həmin vaxtların özündəcə qələmə alınıb, rus mətbuatında da dərc edilib, mətbuatımızda mən heç vaxt "unudulmadığımdan"  görünür, sizə də çatıb. Bir məqam isə indiyəcən xəyalımdan silinmir və ilk dəfə yazılır: Bakıda yaşayan, millətçiliyi açıq bilinməyən erməni yazıçısı Levon Adyan da o günlərdə Xankəndidəydi, respublika rəhbərliyinin süstlüyünü, mitinqçilərin getdikcə azğınlaşdığını və rəhbərlərdən bir kimsənin Vilayət Partiya Komitəsindən çıxıb baş meydanın tribunasına yaxınlaşmağa, tribunadan bir-iki söz deməyə cəsarət göstərməməsini xeyli müşahidə etdikdən sonra mənə dedi:

- Heydər Əlirza oğlu olsaydı, çoxdan cəsarətlə gəlib o tribunaya çıxmışdı, nitqiylə, sözüylə bu meydanı dağıtmışdı!

Levonun da ürəyinin dərinliklərindən Dağlıq Qarabağın Ermənistana verilməsi keçirdi, ancaq yazıçı idi, ziyalı idi, qan tökülməsini, insanların isti od-ocaqlarından didərgin düşməsini istəmirdi. Buna görə də İrəvan onu qəbul etmirdi. Buna görə də, Bakıda yaşayan bütün erməni yazıçıları İrəvana, Zəngiyə (Hrazdana), Göyçəyə köçdü, yalnız Levon Adyan Sankt-Peterburqa getdi. Oradan dostu Səyavuş Məmmədzadəyə özü haqqında yazmışdı: "...bu günü və sabahı olmayan insan".

Əlbəttə, Qorbaçov da, Razumovski də, Mixaylov da, Dəmirçyan da Levondan çox-çox qabaqlar bilməmiş deyildilər ki, Heydər Əliyev istefaya göndərilmədən Dağlıq Qarabağda iğtişaşlar təşkil etmək mümkünsüzdü.