Təhlükəli tullantıların ətraf mühitə zərərli təsiri aradan qaldırılır
Ekologiya

Təhlükəli tullantıların ətraf mühitə zərərli təsiri aradan qaldırılır

Son illərdə ətraf mühitin mühafizəsi, insanlarda bu sahəyə qayğının  formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. İnsanlar üçün sağlam və təhlükəsiz ətraf mühit olduqca zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir.

Ötən illərdə sənayenin sürətli inkişafı nəticəsində tullantıların, xüsusilə təhlükəli tullantıların ətraf mühitə və sağlamlığa ziyanlı təsiri müəyyən olunmuşdur.   Xüsusilə təhlükəli tullantılarla işləyərkən bəzi amillər nəzərə alınmalıdır. Bu sahənin mütəxəssislərinin tullantıların idarə edilməsində məsul olması çox vacibdir. Xatırladaq ki, təhlükəli tullantıların idarə olunması, məhv edilməsi xüsusi material və alətlərlə həyata keçirilməlidir. Xüsusilə, qəza riskini azaltmağa xidmət edəcək geyim və avadanlıqların olması çox vacibdir. Eləcə də bəzi tullantı növləri var ki, onu idarə edən şəxs və ətraf mühitin qalan hissəsi üçün təhlükə yarada bilər. 

Prezident cənab İlham Əliyevin 1 noyabr 2018-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”da məqsəd təhlükəli tullantıların idarə olunması üzrə qərarların qəbul olunmasının əsaslarının yaradılması, beynəlxalq standartlara uyğun olaraq təhlükəli tullantıların əmələ gəlməsi, emalı və basdırılması və ilk növbədə, illər boyu yığılıb qalmış bu cür tullantıların yaratdığı ekoloji riskin azaldılmasına zəmanət verən tədbirlər sisteminin hazırlanması üçün vacib olan fəaliyyətin həyata keçirilməsidir.      

2004-cü ildə təhlükəli tullantıların təmizlənməsi üçün yaradılmış “Təhlükəli Tullantılar” MMC Sumqayıt şəhəri ərazisində formalaşan civə ilə çirklənmiş   torpaqların zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsis edilmişdir. Sumqayıtda Təhlükəli Tullantıların Zərərsizləşdirilməsi üzrə Milli Mərkəz Dünya Bankı tərəfindən maliyyələşdirilən Təxirəsalınmaz Ekoloji İnvestisiyalar Layihəsinin çərçivəsində tikilmişdir. Mərkəz təhlükəli tullantılar üçün poliqonlar üzrə Avropa Birliyinin qanunvericiliyinə tam uyğun şəkildə layihələndirilmiş və tikilmişdir.

Poliqon İtaliyanın Renko şirkəti tərəfindən tikilmiş və işin böyük hissəsi azərbaycanlı subpodratçılar tərəfindən icra olunmuşdur. Layihələndirmə və tikintiyə nəzarət Böyük Britaniyanın Cirrie  & Brown və CQA İnternational Ltd şirkətləri tərəfindən həyata keçirilmişdir. Öz fəaliyyət istiqamətini təkmilləşdirən müəssisə respublika ərazisində formalaşan, ətraf mühit və insan sağlamlığı üçün təhlükə yarada biləcək tullantıların zərərsizləşdirilməsi və utilizasiya edilməsi işlərini həyata keçirməkdədir. Müəssisədə təhlükəli tullantılar sağlamlığın mühafizəsi, əmək təhlükəsizliyi qaydaları, ətraf mühitin yüksək səviyyədə qorunması şərtləri nəzərə alınaraq xüsusi hücrələrdə zərərsizləşdirilir. Hücrələrin torpaqla və ətraf mühitlə heç bir təmas etməməsi məqsədilə yüksəkkeyfiyyətli müasir geomembran (polimer) və geotekstil materiallar ilə tam izolyasiya edilmişdir.

“Təhlükəli Tullantılar” MMC hazırda partlayıcı və radioaktiv maddələr istisna olmaqla qazma şlamı, çirklənmiş torpaqlar (neft, civə, kimyəvi maddələr və s. ilə), istifadə tarixi keçmiş qida məhsulları, tibbi tullantılar və digər bu yönümlü tullantıları qəbul edərək zərərsizləşdirir. Hücrələrin təbiətə təsirinin müəyyən edilməsi məqsədilə mütəmadi olaraq poliqon ərazisində kompleks ekoloji monitorinqlər aparılır. 50 hektar ərazidə mövcud olan müəssisənin 0.02 hissəsi inzibati sahə, l hektarı yaşıllıq sahəsi, qalan hissəsi isə əməliyyat sahəsini (poliqonu) əhatə edir. Poliqonda 4 ədəd hücrə mövcuddur. Bunlardan həcmi 50 000 kubmetr və 250 000 kubmetr olan hücrələr tam dolaraq konservasiya olunmuşdur. Digər həcmi 100 000 kubmetr və 250 000 kubmetr olan hücrələr isə fəaliyyət göstərməkdədir. Poliqonun potensialını nəzərə alaraq yaxı həcmi 50 000 kubmetr və 250 000 kubmetr olan hücrələri inşa edilmişdir. Bundan əlavə “Təhlükəli Tullantılar” MMC-də transformator yağlarının polixlorbifinildən (pxb) təmizlənməsi üçün xüsusi   qurğu   da   fəaliyyət   göstərməkdədir. Qeyd   etmək  istərdik  ki, təhlükəli tullantıları kənar təsirlərə məruz qalmadan, təhlükəsiz şəkildə poliqona daşınması xüsusi növ nəqliyyat vasitələri ilə həyata keçirilir. “Təhlükəli Tullantılar” MMC-nin hazırkı fəaliyyətində prioritet istiqamət Azərbaycan Respublikası ərazisində mövcud olan bu kimi təhlükəli tullantıları müəssisəyə cəlb etməklə ətraf mühitə və təbiətə zərərlərin təsirini azaltmaqdır.   

Uzunmüddətli rentabelli əməliyyatların həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” MMC-nin Dünya Bankı və poliqonun layihələndiriciləri ilə birgə tərtib edilmiş unikal nizamnaməsi vardır. Nizamnaməyə sağlamlığın qorunması, təhlükəsizlik texnikası və ətraf mühitin mühafızəsi üzrə fəaliyyətinin yüksək səviyyədə olmasını, nəzarətçilər və müştərilərin texniki idarəetmə qrupunda iştirakını təmin edən müddəalar daxildir.   “Təhlükəli Tullantılar” MMC ətraf mühitin mühafizəsi, sağlamlıq və təhlükəsizlik texnikası üzrə yaxşı beynəlxalq təcrübəyə əsaslanan iş qaydaları tərtib etmişdir. Abşeron yarımadasının təhlükəli tullantılardan təmizlənməsi sahəsində də işlər uğurla aparılır.  Bakı və Sumqayıt şəhərlərindən müxtəlif tərkibli təhlükəli istehsalat tullantıları təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəzə daşınaraq məhv edirlər.

Bu işlərin səmərəliliyini artırmaq məqsədilə poliqonun infrastrukturu inkişaf etdirilmiş, qaz, su və elektrik tam təmin edilmişdir. Bu da təhlükəli tullantıları emal yolu ilə zərərsizləşdirmək imkanı yaratmışdır.

M.MİRZƏ,

“Respublika”.