Ermənistan ekologiyaya ciddi ziyan vurur
Ekologiya

Ermənistan ekologiyaya ciddi ziyan vurur

Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətlə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub:

"Ermənistan BMT-nin bir sıra konvensiyalarının, o cümlədən "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" Konvensiyasının, "Su və sağlamlıq haqqında" protokolunun, o cümlədən BMT-nin "Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət" haqqında Bazel Konvensiyasının, "Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair" Konvensiyanın, "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası" Konvensiyasının (Espo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur".

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın baş naziri Nikol Paşinyana bu ölkənin dağ-mədən sənayesinin Cənubi Qafqazda ekoloji sabitliyi pozması barədə açıq məktub ünvanlayıblar. Prezident İlham Əliyevin vurğuladığı kimi, xarici QHT-lər də Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri ilə birgə Ermənistanı ekoloji terroru dayandırmağa çağırıb. Məlum olduğu kimi, Ermənistanın ekoloji terror fəaliyyəti haqqında iyunun 29-da dünyanın 20-dən çox ölkəsinin 30-dan artıq vətəndaş cəmiyyəti təşkilatı bəyanat yayıb.

Qeyd etmək lazımdır ki, ünvanlanan müraciətlərdən biri də Konstitusiya Araşdırmalar Fondu tərəfindən edilib. Fondun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, bu gün dünyada iqlim dəyişikliyi baş verir, ekoloji sistem çox ağır vəziyyətə düşüb. Ermənistanın Arazdəyəndə tikdiyi zavod da ekoloji cəhətdən dünyanı ağır fəlakət qarşısında qoya bilər. Bu fəlakətin yaranma səbəblərindən biri də ağır maddələrin, tullantıların ətraf mühitə yayılmasıdır. Bəzi hallarda əldə olunan gəlir hər şeydən üstün tutulur. Lakin ekosistemin dağılması bütövlükdə, bəşəriyyətin məhv olmasına gətirib çıxara bilər. Yadınızdadırsa, bundan bir neçə il öncə iqlim dəyişikliyi ilə bağlı  dünya dövlətləri bir araya gəldi, tədbirlərin görülməsi zəruriləşdi. Dünya dövlətləri bu məsələ ilə bağlı birləşəndə orada Fransa Prezidenti Makron da iştirak etmişdi. İndi Fransanın bacısı Ermənistan iqlimi korlayanda, ekoterror törədəndə Makron niyə susur?! Çünki bəzi ölkələrin əsas məqsədi kapital əldə etməkdir. Bir az araşdırsaq, əslində bu kapital barədə fikirləşən şəxslər də erməni əsilli çıxacaq.

Ermənistanın Azərbaycanla sərhəd ərazidə böyük metallurgiya zavodu tikməsi təkcə Azərbaycan və Ermənistanın yox, ümumilikdə Cənubi Qafqazın ekoloji sisteminə ziyan vuracaq. Bundan əlavə, Espo Konvensiyasının müddəalarına görə, Ermənistan sərhəddə belə bir zavodun tikintisini Azərbaycanla razılaşdırmalı idi. Biz bundan əvvəlki dövrdə, torpaqlarımızın işğal müddətində də meşələrimizin qırılması, yeraltı sərvətlərimizin daşınması kimi ekoterrorlarla qarşılaşmışıq. Belə nəticəyə gəlmək olar ki, ermənilər üçün hədd anlayışı yoxdur. Məhz buna görə də dünyaya dəyəcək zərərin qarşısını almaq üçün biz beynəlxalq təşkilatlara üz tutduq. Ümid edirəm ki, BMT-nin müvafiq strukturları bu çağırışımıza reaksiya verəcək.

Nuranə DAXİLQIZI,

"Respublika".