TARİXİ QAYIDIŞIN BAŞLANĞICI...
Siyasət

TARİXİ QAYIDIŞIN BAŞLANĞICI...

"XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Tarix boyu Azərbaycan torpaqlarının taleyi bizim iştirakımız olmadan həll olunub. Qarabağ kimi Zəngəzur da parçalanaraq məqsədli şəkildə bizdən alınıb və işğal edilib. Cənab Prezident bu faktı dünya azərbaycanlılarının III qurultayındakı nitqində kifayət qədər aydın şəkildə ifadə etmişdir: "Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi".

İndiki Ermənistanın Qafan, Gorus, Qarakilsə, Mehri və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın rayonlarını əhatə edən Zəngəzur mahalı əzəli Azərbaycan torpaqlarıdır. Tarixi faktlar sübut edir ki, qərəzli şəkildə şərq və qərb hissələrinə bölünərək parçalanan və bir hissəsi Ermənistana birləşdirilən Zəngəzur heç vaxt Ermənistanın ərazisi olmayıb. Arxiv materiallarında da öz əksini tapdığı kimi, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə əsası qoyulmuş və tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı, etnik təmizləmə və işğalçılıq siyasətinə hələ də doğru siyasi-hüquqi qiymət verilməyib. İkili standartın və ədalətsiz yanaşmaların hökm sürdüyü beynəlxalq sistem bu müqavilələr əsasında parçalanaraq işğal olunan Azərbaycan ərazisində fərqli dövrlərdə məqsədli şəkildə insanlıq əleyhinə törədilmiş cinayətləri gördüyü halda qəbul etməməkdə israr edir. Amma onların mövqeyindən və bu mövqeyi idarə etməyə çalışan "Daşnaksütyun" ideologiyasının daşıyıcılarının maraqlarından asılı olmayaraq təkzibolunmaz faktlarla sübut edilən hadisələr tarixin səhifələrində dəyişməz olaraq qalır.

Tarixi faktlara nəzər yetirdikdə, XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiyası əməliyyatının 1905-1906, 1918-1920, 1948-1953 (1956), 1987-1988 (1991)-ci illər olmaqla dörd mərhələdə həyata keçirildiyini aydın şəkildə müşahidə edə bilərik. Ümumilikdə, bu əməliyyat öz ata-baba yurdlarından deportasiya edilən azərbaycanlıların orada yaşamaq hüquqlarının əllərindən alınması və faktların saxtalaşdırılması əsasında heç bir tarixi-etnik əsası olmayan süni inzibati ərazi bölgüsü aparılaraq İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının və ümumilikdə türk coğrafiyasının ərazisi hesabına "böyük Ermənistan" dövlətinin yaradılması ideologiyasının reallaşdırılması üçün planlanmış məqsədli etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənilər bu xəyali dövlətlərini yaratmaq üçün mərhələli şəkildə azərbaycanlılara qarşı qanlı aksiyalar təşkil etməkdən belə çəkinməmişlər. 1905-1906-cı illərdə təşkil olunan ilk belə aksiyalar zamanı ermənilər tərəfindən yaşayış məntəqələri dağıdılaraq minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. Daha sonra 1918-ci ilin mart ayından etibarən Bakı, Şamaxı və Quba qəzalarında, eləcə də Qarabağ, Naxçıvan, Zəngəzur, Lənkəran və digər bölgələrdə dinc əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirilmiş, etnik mənsubiyyətinə görə insanlar diri-diri yandırılmışdır. Hətta Bakı quberniyasını "erməniləşdirmək" məqsədilə tarixi-mədəni abidələr, məscidlər, məktəblər, ümumiyyətlə Azərbaycanla bağlı bütün dəyərlər yox edilməyə çalışılmışdır.

Zaqafqaziyanın sovetləşməsindən sonra isə ermənilər 1920-ci ildə yenidən heç bir tarixi və hüquqi əsası olmadan Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan edərək tarixi torpaqlarımızdan azərbaycanlıların deportasiya olunması siyasətinin həyata keçirilməsi üçün lazımi şərait formalaşdırmış oldular. Bütün bu proseslərin davamında ermənilər SSRİ xarici işlər naziri Molotova müraciət edərək İranda yaşayan ermənilərin SSR-ə köçürülməsini xahiş edirlər. Beləliklə də Stalinin razılığı ilə İranda yaşayan ermənilərin Ermənistan SSR-ə köçürülməsinə icazə verilir. 1946-cı il oktyabrın 19-da isə SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul edir. Təbii ki, bu köçürmə prosesinin azərbaycanlıların öz ata-baba torpaqlarından qovulması ilə paralel şəkildə həyata keçirilməsi nəzərdə tutulurdu ki, həmin ermənilər deportasiya olunmuş azərbaycanlıların yaşadıqları ərazilərdə yerləşdirilsin. Nəticə etibarilə, 23 dekabr 1947-ci il tarixində SSRİ Nazirlər Soveti tərəfindən "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarının qəbul edilməsinə və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasının dövlət səviyyəsində həyata keçirilməsinə nail olurlar. Deportasiya əməliyyatı çərçivəsində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər olmaqla, ümumilikdə 100 min azərbaycanlı 1948-1950-ci illər ərzində "könüllülük prinsipinə" əsasən Azərbaycana köçürülməli idi. Qərarda həmçinin göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlıların köçürülməsi nəticəsində boş qalan tikililərdən və yaşayış evlərindən xarici ölkələrdən Ermənistan SSR ərazisinə köçürülən erməniləri yerləşdirmək üçün istifadə etsinlər. Beləliklə, 1949-cu ildə Ermənistan SSR ərazisindən qədim Qərbi Azərbaycan torpaqlarından 15.276 azərbaycanlı Azərbaycana deportasiya edilir.

Beləliklə, 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan 150 min nəfər azərbaycanlı öz doğma torpaqlarından deportasiya olunmuşdur. 1954-1956-cı illərdə 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistandan deportasiya olunmaqla etnik təmizləmənin növbəti mərhələsi həyata keçirilmişdi. Bu "könüllü köçürmə" siyasəti növbəti illərdə də mərhələli şəkildə davam etdirilmişdir.

1980-ci illərin sonunda isə bütün soydaşlarımız Ermənistan SSR-dən qovuldu və ermənilər tərəfındən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti sona çatdırıldı. Onu da qeyd etmək lazımdır ki, ermənilər deportasiya əməliyyatının xüsusi qəddarlıqla icra olunan sonuncu mərhələsini həyata keçirilməsinə yalnız ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra nail ola bildilər. Həmin dövrdə siyasi arenada qarşılaşdığı bütün haqsızlıqlara və təzyiqlərə baxmayaraq, ümummilli lider sona qədər Azərbaycan xalqının hüquqlarını müdafiə etmiş və tarixi faktların saxtalaşdırılmasına icazə verməmişdir.

Ermənistan SSR-dən, öz tarixi torpaqlarından deportasiya olunan azərbaycanlıların faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməli olsa da, hələ bu günə qədər buna beynəlxalq miqyasda hüquqi qiymət verilməyib.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın bu faciəsinə düzgün qiymət ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfındən verilmişdir. O, 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalamış və beynəlxalq tribunalar vasitəsilə davamlı olaraq Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin mürtəce mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.

İkinci Qarabağ müharibəsinin ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli razılığın əldə olunmasıdır. Baxmayaraq ki, Ermənistan tərəfi üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməkdən hər vəchlə yayınmağa və Zəngəzur dəhlizinin açılmasına süni maneələr yaratmağa çalışır, Ali Baş Komandan hər çıxışında üçtərəfli Bəyanatın bəndlərində, xüsusilə də Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəalarda heç bir dəyişiklik edilməyəcəyini və heç bir güzəşt olunmayacağını qətiyyətlə vurğulayır: "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq".

Beləliklə də öz tarixi torpaqlarımıza qayıdış üçün mərhələ-mərhələ atılan diplomatik addımlar uğurlu daxili siyasi qərarlarla da dəstəklənmiş və dövlət başçısının 7 iyul 2021-ci il tarixli fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmışdır. 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz tarixi qələbəmizin labüd nəticəsidir ki, bu gün Zəngilan rayonunun Ağalı kəndi nümunəsində məcburi köçkünlərin öz evlərinə geri qayıdışının haqlı sevincini yaşayırıq. Ona görə də postmüharibə dövrünün yaratdığı yeni reallıqlar əsasında Azərbaycan Qaçqınlar Cəmiyyəti də artıq öz missiya və hədəflərini yenidən nəzərdən keçirərək "Qərbi Azərbaycan İcması" olaraq adını və fəaliyyət istiqamətini dəyişməyə qərar vermişdir. Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüş zamanı Prezident İlham Əliyev XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı, etnik təmizləmə və işğalçılıq siyasətinin dəhşətli nəticələri haqqında dünya ictimaiyyətinə ətraflı məlumat verilməsinin zərurətini xüsusilə vurğulayaraq bu istiqamətdə İcmanın bundan sonrakı fəaliyyətinin xüsusi önəm daşıdığını bildirmişdir.

Cənab Prezidentin Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyətinin yol xəritəsini müəyyənləşdirəcək tövsiyə və tapşırıqları öz ata-baba yurdlarında yaşamaq hüquqları əllərindən alınaraq deportasiya olunmuş hər bir Qərbi azərbaycanlıya tarixi torpaqlarımıza böyük qayıdışın bir addımlığında olduğumuzun ümidini və inamını da bəxş etmiş oldu.

1948-1953-cü illərdə Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov rayonundan deportasiya olunmuş bir ailənin övladı olaraq o dəhşətli günlərin acı xatirələrini dinləyərək böyümüşəm. Eyni zamanda, 1987-1988-ci illərdə həyata keçirilmiş deportasiya əməliyyatı zamanı əhalinin böyük əksəriyyətinin təhlükəsiz şəkildə köçürülməsində məhz ulu öndər Heydər Əliyevin qətiyyətli mövqeyinin və sarsılmaz iradəsinin nə qədər əsaslı rol oynadığını da ulu öndərin etibarlı silahdaşı və bu proseslərdə yaxından iştirak etmiş babam İbrahim Qurbanovun xatirələrindən dinləmişik. Bu xatirələrin, bizi addım-addım qələbəyə aparan şərəfli yolun və müasir Azərbaycanın memarı, ən çətin məqamlarda belə heç bir halda öz mövqeyindən geri çəkilməyən və böyük Azərbaycan sevgisinə sahib ulu öndərin siyasi kursunu uğurlu şəkildə davam etdirən cənab Prezidentin müdrik siyasətinin bizi öz evimizə qaytaracağına əminəm.

Qarabağ zəfərimiz parçalanmış torpaqlarımızı birləşdirərək bütöv Azərbaycana və böyük Türk dünyasına açılan qapı oldu. İndi bizi çox daha məsuliyyətli bir dövr gözləyir. Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək Vətənimizi cənnətə çevirəcək, tarixi torpaqlarımıza - Qarabağa və Zəngəzura qayıdaraq onun aydın səmasının altında qəhrəmanlarımızın xatirəsini əbədi yaşadacaq və onların uğrunda canlarını qurban verdikləri işıqlı gələcəyi birlikdə quracağıq!

Aytən QURBANOVA,

BDU-nun Beynəlxalq münasibətlər

kafedrasının müəllimi.