Nazir Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb
Siyasət

Nazir Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

Noyabrın 13-də xarici işlər naziri, Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın (Komissiya) Azərbaycan tərəfdən həmsədri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri, Komissiyanın Mərakeş tərəfdən həmsədri Nasser Bourita ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov və Nasser Bourita arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

İkitərəfli görüşlərdən sonra, Azərbaycan və Mərakeşin aidiyyəti dövlət qurumlarının rəsmilərinin də iştirak etdiyi ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası keçirilib.

Komissiyanın iclası zamanı Ulu Öndər Heydər Əliyevin Mərakeşə 1994-cü ildə səfəri məmnunluqla xatırlanıb. Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına yeni impuls verilməsi baxımından bu və digər ali səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti və rolu qeyd olunub. İki ölkə arasında siyasi dialoqun daha dayanıqlı edilməsi və zənginləşdirilməsi xüsusunda Xarici İşlər nazirlikləri arasında mövcud siyasi məsləhətləşmələr mexanizminin önəmi vurğulanıb.

Azərbaycan ilə Mərakeşin indiyədək bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdikləri dəstək məmnunluqla xatırlanıb, BMT, İƏT və QH kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti barədə həmfikirlik ifadə olunub.

Həmçinin iqtisadi əməkdaşlıq üçün hüquqi baza rolunu oynayacaq müvafiq ikitərəfli sənədlərin tezliklə qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İnfrastruktur quruculuğu sahəsində əməkdaşlıq potensialından danışılıb, habelə beynəlxalq limançılıq sahəsi üzrə təcrübə mübadiləsinin ikitərəfli gündəliyimizə əlavə töhfə verəcəyi barədə həmfikirlik ifadə olunub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud aqrar potensialdan bəhs olunub və bu ərazilərdə fermer təsərrüfatlarının qurulması və idarəçiliyi sahəsində mümkün Azərbaycan-Mərakeş tərəfdaşlığı barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Mərakeş arasında turizm, mədəniyyət, təhsil və beynəlxalq inkişafa yardım istiqamətləri üzrə əməkdaşlığın təşviqinin ölkələrimizin xalqlarını bir-birinə daha da yaxınlaşdırmaqla yanaşı, dövlətlərarası əlaqələrimizin dərinləşməsinə də töhfə verə biləcəyi vurğulanıb.

Görüşlərdə nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.

Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb. Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Sonda enerji, logistika, ətraf mühit sahələri daxil olmaqla, Azərbaycan-Mərakeş ikitərəfli sənədlər, o cümlədən Komissiyanın 2-ci iclasının protokolu imzalanıb.

Daha sonra keçirilmiş brifinqdə nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.