Tarixi keçmişə, milli yaddaşa ehtiramın ifadəsi
MÜSAHİBƏLƏR

Tarixi keçmişə, milli yaddaşa ehtiramın ifadəsi

24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında ölkə başçısı cənab İlham Əliyevin İcmanın İdarə Heyətinin üzvləri ilə görüşündə çıxışı yeni tarixi mərhələdə qarşıda duran strateji vəzifələrə həsr edilmiş konseptual mahiyyətli, proqram xarakterli müddəalarla zəngin olmaqla Azərbaycan cəmiyyətini yeni hədəflərə səfərbər etmək baxımından ciddi ictimai-siyasi və tarixi hadisədir.

Onun toxunduğu birinci mərhələ Azərbaycan Xalq Cümhuriyyətinin simasında xalqımızın çox böyük güclərlə, "Azərbaycan dava"sı adlı milli mücadiləsinin dövlət səviyyəsində təsbiti olaraq fenomenal əhəmiyyətinə toxunmaqla bu respublikanı idarə edənlərin ilk addımlarında tarixi bir səhvə imza atmalarına aid idi. Xalqımızın milli, ictimai, siyasi və mədəni mərkəzlərindən olan İrəvanda Ermənistan adlı bir dövlətin yaradılmasına qərar verilməsi cənab Prezidentin dediyi kimi, xəyanətdən ibarət olan cinayət idi. Bundan sonra xalqımız bir əsrdən artıqdır ki, öz potensialını birinci, ikinci və üçüncü respublikaların quruculuğuna yönəltməklə paralel olaraq, həm də Ermənistan adlı uydurma dövlətin ölkəmizə qarşı apardığı düşmən siyasətini, ərazilərimizin ilhaqına və milli varlığımıza təcavüzünü dəf etməyə yönəltməkdədir. Göründüyü kimi, bu qərar bizi böyük bəlalardan sığortalamaq əvəzinə yeni-yeni fəlakətlərə yol açdı.

İkinci mühüm istiqamət olaraq Prezidentin toxunduğu məsələ Ermənistan-Azərbaycan münasibətlərinə dünyanın aparıcı dövlətlərinin ikili standartlara əsaslanan havadarlığı ilə bağlıdır. Yəni, bir tərəfdən beynəlxalq müstəvidə guya müsəlman ölkələri ilə əhatə olunan və "təhdidlərə" məruz qalan zavallı erməni xalqını himayə etmək siyasəti aparılsa da, əsas strateji hədəf Ermənistanın Azərbaycan torpaqlarının işğalını ört-basdır etməklə onu regionun dağıdıcı gücünə çevirmək kimi çirkin niyyəti dayanmaqdadır. Ona görə də, Qərbi Azərbaycan məsələsi bizim üçün regional yox, milli mücadiləmizin beynəlxalq mahiyyət daşıyan aparıcı tərkib hissəsinə çevrilməlidir.

Üçüncüsü, sentyabr toqquşmalarının bizim üçün dəyərinə toxunan ölkə başçısı Azərbaycanı daim təhdid altında saxlamaq niyyətindən əl çəkməyən Ermənistanın revanş götürmək cəhdlərini cilovlamaq baxımından çox mühüm əhəmiyyətinə toxunması idi. O, haqlı olaraq qətiyyətlə bildirdi ki, indi biz Ermənistanla bütün sərhəd boyu strateji yüksəkliklərə tam nəzarət edirik.

Dördüncü, əsas fikir İrəvanın tarixi mərkəzi ilə bağlıdır. Dünyada mərkəzi şəhərlər tarixi-milli kimliklərini əks etdirən şəhər mərkəzlərinə malikdir. Bu, İrəvanda yoxdur. Niyə? Çünki onu dağıdıblar. Niyə? Çünki həmin mərkəz azərbaycanlıların milli simvolundan ibarət idi. Onun varlığı Ermənistan reallığını əks etdirmədiyindən onu yer üzərindən sildilər.

Beşinci mühüm məsələ Qərbi Azərbaycan həqiqətləri ilə bağlı araşdırmalara yeni yanaşmaları ehtiva edir. Buraya həm sanballı, beynəlxalq rəqabətədavamlı tədqiqatlarla bərabər, həm də vaxtilə yazılmış kitabların tarixi tələblərə uyğun olaraq yenilənməsinin sürətləndirilməsidir. Yəni fərdi qaydada atılan ciddi addımlar dövlət dəstəyi sayəsində getdikcə daha çox hiss edilməlidir. Bu məqsədlə ənənəvi beynəlxalq elmi konfranslara ciddi üstünlük verilməlidir ki, mövzu daim özünün strateji əhəmiyyətini qoruya bilsin.

Altıncı mühüm istiqamət olaraq Prezident Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində dayanır. Bu Konsepsiya aparılan rəsmi və ictimai fəaliyyətimizin zirvəsini təşkil etməklə ümumazərbaycan hərəkatını XXI əsrə uğurla daşımağın vəsiləsi olmalıdır. Yeri gəlmişkən, ölkə başçısının Ermənistanda depopulyasiya dövrünün yaşanması ilə bağlı fikri də çox aktualdır. Necə olur ki, oralardan deportasiya edilmiş azərbaycanlıların yaşadığı ərazilərdə bu gün canlı həyat yoxdur. Çünki ermənilər o torpaqlar üçün yaddırlar, oranın coğrafi şəraitində yaşamağa hazır deyillər. Əslində, bütün Ermənistan onlar üçün yad olduğuna görə məqam düşən kimi oralardan başqa ölkələrə qaçırlar. Deməli, böyük güclərin əsas məqsədi ermənilərin oralarda gələcəkdə də təhdid faktoru olmasını təmin etmək, erməniləri burada hər vasitə ilə saxlamaqdır. Bu məkrli siyasətə mane olmaq baxımından da Qərbi Azərbaycana Qayıdış milli çağırışdır.

Qarabağ üzrə Böyük Qayıdış Proqramında Qərbi Azərbaycana Böyük Qayıdış Hərəkatına doğru ciddi hədəflərə səfərbər olmalıyıq. Onun doğum gününü həmişə qaçqınlarla birgə əvvəllər qaçqın şəhərciklərində, sonralar da Şuşada və Hadrutda keçirdiyini, bu gün isə Qərbi Azərbaycan İcmasının simasında xalqımızın üzvi tərkib hissəsi olan irəvanlılarla birlikdə keçirməsinə toxunaraq onu "ailə üzvləri ilə birlikdə qeyd edilən" tədbir kimi xüsusi vurğulaması tarixə, tarixi keçmişə, milli yaddaşa hörmət və ehtiramını ifadə etməklə özlüyündə ümumxalq həmrəyliyinin təsbiti idi.

Ölkə başçımızın yekun çıxışında toxunduğu bir məqam da xüsusi əhəmiyyəti ilə seçilir. Cənab Prezident Qarabağa Qayıdışın vaxtilə qaçqınların üzündən oxuduğu məyusluğa bir cavab olmasını qeyd etməklə, Qərbi Azərbaycana Qayıdışın da məcburi köçkünlərin simasındakı üzgünlüyünün gələcəkdə götürüləcəyinə böyük inamın ifadəsi idi. Onun görüşdə dediyi kimi, "burada sizinlə bərabər 24 dekabr gününü qeyd edərkən, mən bir daha demək istəyirəm ki, biz də, - Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, işləməliyik. Gün gələcək biz Qərbi Azərbaycanda da belə gözəl məclislər keçirəcəyik və biz bu günü xatırlayacağıq!".           

Həsən BAYRAMOV,

pedaqoji elmlər doktoru, professor.