Şuşa Bəyannaməsi regionumuzda sabitliyin qarantı olacaq
Digər xəbərlər

Şuşa Bəyannaməsi regionumuzda sabitliyin qarantı olacaq

Bir-birinə tarixi köklərlə bağlanan Azərbaycan-Türkiyə münasibətləri ölkəmiz müstəqillik qazandıqdan sonra yeni mərhələyə qədəm qoydu. Uzun illərin qadağaları ləğv edildi, dili, dini, mədəniyyəti ortaq olan bu iki qardaş xalq babalarımızdan miras qalmış ənənələrin davamlı olması üçün birgə səy göstərdi, ağır günlərdə bir-birinə dəstək oldu.

2020 və 2021-ci illər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, diplomatik məharəti və dövlətçilik ənənələrinin yeni müstəvidə uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi Azərbaycan Respublikası XXI əsrin qloballaşma və mürəkkəb beynəlxalq münasibətlər şəraitində bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, dövlət idarəçiliyi və hərbi sektorda nümunəvi reallıqlar formalaşdırmış, dayanıqlı iqtisadi inkişaf və parlaq hərbi qələbələr qazanmağa nail olmuşdur. 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq normalarını heçə sayan təcavüzkar Ermənistan siyasi rəhbərliyi və ordusunun cavabı Müzəffər Ali Baş Komandanın başçılığı altında döyüşən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ilin cəmi 44 günü ərzində ən layiqli şəkildə verilmiş və müharibə Ermənistan Respublikası üçün tam kapitulyasiya ilə nəticələnmişdir. Həyatını vətən uğrunda qurban etmiş şəhidlərimizin əziz xatirəsi daim yaddaşımızdadır və unudulmayacaq.

Təcavüzkar Ermənistanın tarix boyu apardığı işğalçı siyasətinə qarşı mübarizədə Azərbaycan Respublikası daim qardaş ölkə Türkiyə Respublikasının mənəvi dəstəyini hiss etmişdir. Ulu Öndərin unudulmaz: “Bir millət, iki dövlət” sözləri daim öz təsdiqini tapmışdır.

Bu dəstək iqtisadi münasibətlərdə, siyasi arenada, həmçinin tarixi müqavilələrdə də əks olunur. Türkiyə və Azərbaycan arasında ən əhəmiyyətli müqavilələrdən biri 13 oktyabr 1921-ci ildə bağlanmış Qars müqaviləsi olmuşdur. Qars müqaviləsi həmin siyasi dövrdə bağlanmış ən möhtəşəm müqavilə hesab edilə bilər, belə ki, bu müqavilə Azərbaycan Respublikasının ayrılmaz ərazi vahidi olan, Naxçıvan Muxtar Respublikasına qarşı çoxsaylı iddia və işğal planlarının qarşısını almışdır. Həmin siyasi çəkişmələr dövründə bu, Azərbaycan Respublikasının ərazi bütövlüyü üçün çox vacib bir müqavilə idi.

Qars müqaviləsi ilə yanaşı, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 9 fevral 1994-cü ildə bağlanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə” və  “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, həmçinin 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə və sazişlər də böyük önəm daşıyır.

Cari ildə daha bir möhtəşəm müqavilə bağlandı. Şuşa Bəyannaməsi. Bəyannamənin Şuşa kimi - Azərbaycan mədəniyyətinin beşiyi olan, Qarabağın “ürəyi” və “açarı” hesab edilən şəhərdə imzalanması xüsusi siyasi əhəmiyyət daşıyır.

Bəyannamə beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq regional və ümumi miqyasda beynəlxalq sülh, sabitlik və təhlükəsizlik üçün birgə səylərin önəmini vurğulayır. Həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya birgə əməkdaşlığının əhəmiyyəti xüsusi qeyd edilir.

Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının müstəqillik, suverenlik, eyni zamanda beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin bərqərar olması, möhkəmləndirilməsi üçün siyasi və hüquqi mexanizmləri özündə ehtiva edir.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, həmin ərazilərdə tarixən yaşamış soydaşlarımızın ərazilərə qayıtması məqsədilə normal infrastrukturun yaradılması üçün lazımi bütün işlərin görülməsi barədə daim tərəflər arasında müzakirələrin aparılacağı və bu sahədə fəaliyyətin dəstəklənəcəyi də qeyd olunmuşdur.

Tərəflər, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədlərə, ərazi bütövlüyünə, müstəqillik və suverenliyə, təhlükəsizliyə üçüncü bir dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz təhlükəsi olduğu halda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklərini və aparacaqları müzakirələrə uyğun olaraq müdafiə ehtiyacının ödənilməsi üçün silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təmin olunacağını qeyd etmişlər.

Ümumi maraqların qorunması, hər iki ölkədə siyasi, iqtisadi, müdafiə və ümumilikdə bütün zəruri sahələr üzrə imkan və potensialların birləşdirilməsi üçün çox böyük addımdır.

Şuşa Bəyannaməsi, həmçinin qarşılıqlı maraqlar üzrə həmrəyliyin dərinləşəcəyini və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq regional təşkilatlar çərçivəsində dəstək göstəriləcəyini də ifadə edir.

Bir sıra iqtisadi, tranzit və ümumi məsələlərlə yanaşı, Şuşa Bəyannaməsi milli mənafelərin qorunmasına dair mövcud tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporla fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəkdir.

Həmçinin bu əhəmiyyətli Bəyannamə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində görülən işlərə də böyük təkan verəcəkdir.

15 iyun tarixli Şuşa Bəyannaməsi regionumuzda sülh və rifahı bərqərar edəcək və sabitliyin qarantı kimi çıxış edəcəkdir.

Ay Sənəm MÜSLÜMOVA,

Azərbaycan Respublikası Baş Prokurorluğunun

Maddi-Texniki Təminat İdarəsinin böyük məsləhətçisi.