Sünbüllərin bərəkəti, süfrələrin bəzəyi
Region

Sünbüllərin bərəkəti, süfrələrin bəzəyi

Bu yerlərdə günəş şəfəqləri boldur, torpaqlar bərəkətlidir, insanlar isə zəhmətsevərdir. 30 ilə yaxın bu torpaqlarda silah səsləri eşidilib, dinc insanlar atəşə tutulub, ölən və yaralananlar olub. Ermənistanın bu vəhşiliyi Füzuli camaatını qorxutmayıb, əksinə, onlar güllə yağışı altında məhsul becərib, mal-heyvan saxlayıb, ümidlərini üzməyib. Artıq həmin ağrılı günlər tarixə qovuşub. Vaxtilə bu yerlərə ağır hərbi texnikaların səsi hakim kəsilib. İndi zəmilərdə biçin aparan taxılyığan kombaynların səsi ətrafa yayılıb və əmin-amanlıqdan xəbər verir. Tarixi qələbə insanlara sonsuz sevinc bəxş edib, işğaldan azad edilən torpaqlara yeni həyat qayıdır.

Torpağın bərəkəti adamlarda inam və sevinc yaradıb, onları sabaha səsləyir, qazandıqları uğur dövlət tərəfindən layiqincə qiymətləndirilir. Dillər əzbəri olan-çörək bol olarsa, basılmaz Vətən-misraları rayon taxılçılarının amalına çevrilib. Keçmiş təmas xəttinin lap yaxınlığında biçin aparan Füzuli rayonunun taxılçıları torpağa bir dənin belə düşməsinə imkan vermirlər. Müharibə ağrıları yaşamış torpaqda bol məhsul yetişib. Uzaqdan baxanda sarı adanı xatırladan taxıl zəmilərində qızğın iş gedir. Biçin aparan kombaynların aramsız səsi ətrafa yayılıb. Bütün qüvvələr bu strateji məhsulun itkisiz və optimal müddətdə yığılmasına yönəldilib. Taxılçılığa dövlət dəstəyinin genişləndirilməsi sayəsində fermerlər yüksək məhsuldarlığa nail olurlar. Füzulidə ən məsuliyyətli bir dövr, taxıl biçini uğurla başlayıb.

Qeyd edək ki, taxılçılıq rayonda ənənəvi və gəlirli sahələrdən biridir. Ötən il rayon üzrə 121 min tondan artıq taxıl istehsal olunub. Hər hektarın məhsuldarlığı 32 sentner təşkil edib. Füzuli respublika üzrə ən çox taxıl istehsal edən rayonların sırasındadır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu ilin məhsulu üçün 39.167 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin böyük əksəriyyəti dəmyədir. Taxıl biçininə, ümumilikdə, 54 taxılbiçən kombayn cəlb edilib. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən, ilk növbədə, 50 hektara qədər olan taxıl sahələrində biçin aparılır.

Biçinin yüksək səviyyədə aparılması texnikanın düzgün dislokasiyası, kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsindən çox asılıdır. Bu məqsədlə karantin rejiminin qaydalarına əməl edilməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilib, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilib. Fermerlərə biçində növbəliliyin təmin edilməsinin vacibliyini əks etdirən bukletlər paylanıb, kənd və qəsəbələrin mərkəzi yerlərində məlumatlandırıcı elanlar vurulub.

Keçmiş təmas xəttində yerləşən Şükürbəyli kəndində onlarla fermer taxılçılıqla məşğul olur. Əkin sahələrinin çoxu dəmyə şəraitində olmasına baxmayaraq, taxılçılığa meyil heç vaxt azalmayıb. Çünki dövlət dəstəyi fermerlərin üzləşdiyi çətinlikləri həll etməyə yaxından kömək edir. Fermer Çingiz Həsənov keçən il 65 hektar taxıl zəmisindən yüksək məhsul əldə edib. Bu il havaların quraq keçməsi dəmyə şəraitində yetişdirilən məhsula az da olsa ziyan vurub. Buna baxmayaraq, fermer arpa biçinini başa çatdırıb. İyunun ortalarında isə taxıl biçininə başlayacaq.

Alxanlı kəndindən olan fermer Vaqif Alkərəmov bu il 50 hektarda taxıl yetişdirib. Aqrotexniki qaydalara ciddi əməl edib. Sahələrdə məhsul boldur. Havaların əlverişli keçməsi biçinə münbit şərait yaradıb. Fermer deyir ki, kəndimiz uzun illər ərzində erməni hərbi birləşmələrinin atəşi altında olub. Həmin ağır vaxtlarda belə əlimiz işdən soyumayıb. Vətən müharibəsindəki şanlı qələbəmiz bizi daha da ruhlandırıb. Yaxşı bilirik ki, biçdiyimiz buğda süfrələrimizin bəzəyi olan çörəyə çevriləcək, ailələrə sevinc gətirəcək.

Salman ALIOĞLU,

“Respublika”.