Lənkəran  elinin  şəhid oğlu
Region

Lənkəran  elinin  şəhid oğlu

Azəbaycanımızın hərb tarixində qəhrəmanlıq  salnaməsi olan İkinci Qarabağ müharibəsi başlananda  Elşad Elman oğlu Zeynallı ömrünün 24-cü ilini yaşayırdı. Bu müddətdə Elşad doğulub boya-başa çatdığı Lənkəran rayonunun Sütəmurdov kəndində  gördüyü  yaxşı işləri, xeyirxah əməlləri hesabına  böyük hörmət qazanmışdı. Bu  gənc  oğlanın  həyatı qurub-yaratmaqla xoş keçsə də, qəlbi Qarabağ torpaqlarının azad edilməsi istəyi ilə  alışıb-yanırdı.   Buna görə  Vətən müharibəsinin başlaması xəbəri  Elşadın ürəyincə oldu. Həm də  başa düşdü ki,  artıq xalqın əzəli-əbədi torpaqlarını qarı düşmənin tapdağından  xilas etmək məqamı gəlib.   Könüllü  orduya yazılır.  Vətəni öz qanı bahasına yaşadan minlərlə qeyrətli oğullardan biri də  Elşad olur.

 Elşad Zeynallı  əlinə silah götürüb   torpaq uğrunda düşmənlə haqq savaşımıza  başlayır. Qeyrətli Vətən övladları ilə   qanlı-qadalı yollar keçdikcə,  kəndlər bir-birinin ardınca erməni dığalardan təmizlənir.  Hər qələbədən sonra igid döyüşçü Elşadın qəlbində  düşmənə olan nifrəti daha da alovlanr.  Odun-alovun içinə atılanda  onunla çiyin-çiyin  vuruşanlara bildirirdi: “Torpaq onun yolunda şəhid olmağı bacaranlar olanda Vətən olur”.

 2020-ci il oktyabrın 1-də  Füzulinin azadlığı uğrunda  ağır  müharibə başlanır.   Həmişə olduğu kimi, yenə Elşad döyüşün önündə gedir, vurduğu sarsıdıcı zərbələrlə düşmənə qan uddurur.  Belə ki, yağının  çoxsaylı canlı qüvvəsi, texnikası məhv edilir. Döyüşə-döyüşə Vətən sevdalısı Elşad özü də  şərəfli şəhidlik zirvəsinə yüksəlir. Millətinə başucalığı gətirən igid əbədi  ürəklərdə özünə yer etməklə bərabər, həm də  düşmənə qarşı qanlı müharibədə  göstərdiyi qəhrəmanlığına görə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülür.

 Bəli, bugünkü xoşbəxt günlərimiz üçün həyatlarını Vətən yolunda qurban edən Elşad kimi qəhrəmanlar heç zaman yaddaşlardan silinməyəcək, zaman keçdikcə xoş xatirələrdə yaşayacaqlar.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.