Gəncədə
Region

Gəncədə "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masa

Mərkəzi Seçki Komissiyası (MSK) və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar bölgələrdə maarifləndirmə tədbirləri start götürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti tədbir Gəncədə bölgədə olan dairə seçki komissiyalarının üzvlərinin və media nümayəndələrinin iştirakı ilə "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda keçirilib.

Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolu" və Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev "Növbədənkənar prezident seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlər və qarşıda duran vəzifələr" mövzularında məlumat veriblər.

Bildirilib ki, müşahidəçilik institutu seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təmini sahəsində yarana biləcək çatışmazlıqların müəyyən edilməsi ilə yanaşı, siyasi proseslərdə vətəndaş iştirakçılığının artırılmasına və seçki prosesinin ölkənin qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsini qiymətləndirməyə imkan verir.

Çıxışlardan sonra suallar cavablandırılıb.