Sülhməramlıların fəaliyyəti mandatına uyğun olmalıdır
MÜSAHİBƏLƏR

Sülhməramlıların fəaliyyəti mandatına uyğun olmalıdır

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən sülhməramlılar onların qarşısına qoyulmuş vəzifələri lazımi şəkildə yerinə yetirmir. Onların hələ də müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki erməni silahlı dəstələrini tərk-silah etməməsi, müxtəlif təxribatlara şərait yaratmaları çox ciddi narahatlıqlar doğurur. Dekabr ayının 12-dən Laçın yolunda vətəndaş cəmiyyəti, ekofəalların öz doğma ərazilərimizə daxil olmalarına icazə verməməklə onlar Azərbaycan vətəndaşlarının Konstitusiyamızda təsbit olunmuş hüquqlarını pozmuş olurlar.

Bir neçə gündür ki, ekoloq fəallar ağır dağ şəraitində, soyuq havada ərazilərimizdə, qızıl yataqlarının xarici şirkətlər tərəfindən qanunsuz istismarının qarşısının alınması üçün aksiya keçirirlər. Onların bu aksiyasını Azərbaycan xalqı, cəmiyyətin bütün təbəqələri dəstəkləyir. Ekofəallar yollarda çadır qurub, tonqallar yandıraraq aksiyanı davam etdirirlər. Artıq Azərbaycan cəmiyyətinin səbir kasası dolub. Ona görə də vətəndaş cəmiyyəti ayağa qalxıb. Bu aksiyanın keçirilməsi erməni separatçılarına xəbərdarlıqdır. Laçın yolu Azərbaycanın dünya tərəfindən tanınan ərazisidir. Vətəndaşlarımız göstərdilər ki, nəinki Azərbaycanın güc strukturları, eyni zamanda mülki vətəndaşları da həmin yolda qanun çərçivəsində istənilən hərəkət imkanlarına malikdirlər. Qarabağda məskunlaşmış ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Aksiya iştirakçılarının qarşıya qoyduqları əsas tələb isə təbii sərvətlərimizin talanmasına son qoyulması və ekoloqların monitorinqinə şərait yaradılmasıdır. Cəmiyyət fəallarının keçirdiyi bu aksiya hərb meydanında olduğu kimi, vətəndaş cəmiyyətində də üstün, güclü olduğumuzu bir daha dünyaya göstərir.

Mirfaiq MİRHEYDƏRLİ,

Xətai rayon 138 saylı orta məktəbin direktoru.