İqor Qrosu: Azərbaycan Moldova da daxil olmaqla, Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün strateji rol oynayır
MÜSAHİBƏLƏR

İqor Qrosu: Azərbaycan Moldova da daxil olmaqla, Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün strateji rol oynayır

Azərbaycan təkcə regionun deyil, Moldova da daxil olmaqla, bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün strateji rol oynayır.

Bunu AZƏRTAC-a açıqlamasında Moldova parlamentinin sədri İqor Qrosu söyləyib.

İ.Qrosunun sözlərinə görə, Moldova enerji təchizatı ilə bağlı Azərbaycanla danışıqlar aparılır, artıq hər iki ölkənin müvafiq qurumları bu istiqamətdə işlərə başlayıb.

"Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Moldovanın enerji təchizatında problemlər yarandığından, operativ olaraq biz bu məsələnin həllinə başladıq və bu işdə Azərbaycan Moldovaya yardımçı olub", - deyə parlamentin sədri əlavə edib.

Azərbaycan və Moldova xalqları arasında tarixi əlaqələrin olduğunu xatırladan spiker bildirib ki, bu gün iki ölkənin prezidentlərinin səyləri nəticəsində ölkələrimiz arasında əməkdaşlıq inkişaf edir.

Moldovada güclü Azərbaycan diasporunun da olduğunu bildirən İqor Qrosu deyib: "Biz şanslı ölkələrdənik ki, burada güclü Azərbaycan diasporu var. Onların ölkə iqtisadiyyatının inkişafında böyük xidmətləri var, azərbaycanlılar Moldova cəmiyyətinə inteqrasiya olunublar. Buradakı azərbaycanlılar tək sizin üçün yox, həm də bizim üçün dəyərlidirlər".

AZƏRTAC