Sülhə, təhlükəsizliyə xidmət edən tərəfdaşlıq
Siyasət

Sülhə, təhlükəsizliyə xidmət edən tərəfdaşlıq

Azərbaycanın NATO çərçivəsində 2003-2014-cü illərdə Əfqanıstanda həyata keçirdiyi missiya beynəlxalq təhlükəsizliyə mühüm töhfə olub

Dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasında əhəmiyyətli rol oynayan Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO ilə əməkdaşlıq onun üzvü olmayan və müstəqil siyasət yeridən ölkələrin ordu quruculuğuna müsbət təsir göstərir. Üstəlik, həmin ölkələr beynəlxalq sülhyaratma proseslərində iştiraka, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizəyə cəlb edilir, müasir hərbi təcrübədən faydalanaraq özünümüdafiə imkanlarını genişləndirirlər. Demokratiya, hər kəsin şəxsi azadlığı, hüquq qaydaları və münaqişələrin dinc vasitələrlə həlli isə NATO-nun əsas dəyərləri və Avratlantik məkanda bərqərar etməyə çalışdığı başlıca prinsipləridir.

Azərbaycanın NATO ilə əməkdaşlığı ulu öndər Heydər Əliyevin 1994-cü ildə bu təşkilatın mənzil-qərargahında “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sənədini imzalaması ilə real nəticələr verməyə başlayıb. Sonrakı on il ərzində ölkəmiz NATO ilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı operativ hərbi uzlaşma, böhranların idarə olunması və sülhməramlı əməliyyatlarda iştirak qabiliyyətinin artırılması istiqamətində müxtəlif əməkdaşlıq mexanizmlərində fəal iştirak edib, eyni zamanda, tərəfdaşlığın formalaşdırılmasına öz töhfəsini verərək bu istiqamətdə milli vasitələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirib. NATO ilə əməkdaşlığını daha da gücləndirmək məqsədilə 14 noyabr 1997-ci ildə müvafiq komissiya yaradılıb və sonrakı illərdə onun tərkibi genişləndirilib. Ölkəmiz tərəfdaşlığın qarşılıqlı təhlükəsizlik maraqları ilə yanaşı, ortaq dəyərlərə söykənməsi mövqeyindən çıxış edərək demokratik, hüquqi dövlətçiliyin və möhkəm müdafiənin qurulması istiqamətində hərtərəfli islahatlara başlayıb. Ermənistanın işğalçılıq siyasəti ilə əlaqədar təhlükəsizlik baxımından mürəkkəb vəziyyətin mövcudluğu məhz bu sektorun da islahatlar sahəsində ardıcıl tədbirlər görmək zərurəti doğurub. Milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupu milli təhlükəsizlik konsepsiyasını, xarici siyasət strategiyasını, hərbi doktrinanı və təhlükəsizlik sahəsində digər konseptual sənədləri işləyib hazırlayıb.

Ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının, effektiv dövlət idarəçiliyinin bərqərar olması və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolu ilə milli təhlükəsizliyin təmin edilməsi və bununla Avratlantika təhlükəsizliyinə töhfə verilməsi istiqamətində NATO və üzv dövlətlərlə tərəfdaşlığa böyük əhəmiyyət verilib. Bu baxımdan, NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı təşəbbüsü ilk gündən dəstəklənib və ölkəmiz 2003-cü ilin may ayında bu prosesə rəsmi qaydada qoşulub. 2004-cü ildə isə Prezident İlham Əliyevin Əməliyyat Planının icrası barədə sənədi NATO-nun baş katibinə təqdim etməsi ilə ölkəmizin Avratlantika bloku ilə əlaqələri yeni mərhələyə keçib. Dövlətimizin başçısının “Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının təsdiq edilməsi barədə” 3 avqust 2005-ci il tarixli Sərəncamı əlaqələrin inkişafında mühüm rol oynayıb. Sərəncamda qeyd olunduğu kimi, ölkəmiz Avratlantika məkanına inteqrasiyanı strateji məqsəd hesab edir.

Ölkəmizin Avratlantik məkanda təhlükəsizliyin təmin edilməsinə töhfələri sırasında 1999-2008-ci illərdə Serbiyanın Kosovo əyalətində, 2003-2014-cü illərdə Əfqanıstanda həyata keçirilən sülhü dəstəkləmə əməliyyatlarında iştirakı diqqətəlayiq yer tutur.

Ordumuzun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və 19 fevral 2009-cu ildən ordumuzun 90 nəfərlik sülhməramlı kontingenti İSAF əməliyyatlarında Türkiyə taborunun tərkibində fəaliyyət göstərib. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini təmin edib və patrul xidmətini həyata keçirib. 5 oktyabr 2010-cu ildə İSAF əməliyyatlarında ölkəmizin sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə, əlavə olaraq, iki hərbi həkim və iki mühəndis-istehkamçı zabit göndərilməklə missiyanın tərkibi 94 nəfərə çatdırılıb.

Sülhməramlılarımız 2015-ci ilin yanvarın 1-dən Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında, altı aylıq rotasiya planına uyğun olaraq, 94 nəfərlik kontingent ilə xidmətə başlayıb. Üç il sonra ordumuzun missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətin sayı 120-yə çatdırılıb. Hazırda da missiyanın müvafiq komandanlıqlarında təmsil olunmaqla yanaşı, sülhməramlı qüvvələrimiz Kabil Beynəlxalq Hava Limanının mühafizəsini təmin edirlər.

Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində gedən proseslərdə yaxından iştirak edən ölkəmizin yerli hökumətlə də davamlı əməkdaşlıq əlaqələri vardır. Siyasi, hərbi, logistik dəstək, hava və yer tranziti, habelə müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə yardımı bu əməkdaşlığın əsas istiqamətləridir. Məsələn, bu günlərdə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə ADA Universitetində “Xarici Siyasət Proqramı” çərçivəsində əfqanıstanlı diplomatlar üçün xüsusi kurs təşkil edilib.

Ölkəmizin terrorizmlə mübarizədə iştirakı, sülhməramlı əməliyyatlar üçün yükdaşımalara verdiyi töhfələr, sülhməramlılarımızın Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlıq NATO rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilir. NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti bir neçə gün əvvəl ölkəmizdə səfərdə olarkən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə bunu qeyd edib.

Azərbaycan NATO ilə münasibətləri inkişaf etdirmək, əməkdaşlğı və dialoqu daha da genişləndirmək üçün fəal təşəbbüslər irəli sürür. Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu yaxınlarda “Azərbaycanın Avratlantik məkanın sülh və təhlükəsizliyə töhfəsi” mövzusunda beynəlxalq konfransda çıxış edərkən NATO-nun regional sabitliyi, təhlükəsizliyi diqqətlə izləməsini və birbaşa müdaxiləyə yol verməməsini ölkəmizin yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, konqresmen Stiv Şabot Azərbaycan Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə bəyanatında ölkəmizin bu gün ABŞ-ın və müttəfiqlərinin yaxın tərəfdaşı olduğunu, ABŞ-ın və NATO-nun Əfqanıstandakı missiyası boyu Əfqanıstana stabil bağlantı üçün əsaslı rol oynadığını və terrorçuluq əleyhinə geniş müharibədə ABŞ-la tərəfdaşlıq etdiyini bildirib.

Erməni faşizmi üzərində qələbə qazanan və hərbi qüdrəti ilə tanınan Azərbaycanın gücü və nüfuzu Avratlantika məkanında qəbul edilir, dəyərləndirilir. Bu amil, sözsüz ki, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmizin ən yaxın müttəfiqləri və NATO ilə əməkdaşlığına daha geniş perspektivlər açır.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.